“Şaxtyor” futbolçusu üçün Azərbaycan klubundan 5 milyon avro istəyib? - AÇIQLAMA

14:50 - 29 May 2023 - İDMAN

“Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Çünki müqavilə ilə “Şaxtyor”a məxsusam. Onlardan çox şey asılıdır”.

Bunu Oxu.Az-a açıqlamasında “Sabah”ın futbolçusu Aleksey Kaşuk deyib. Müqavilə ilə Ukraynanın “Şaxtyor” klubuna məxsus olan vinger bildirib ki, ölkəmizdə qalsa, buna görə çox şad olar:

“Azərbaycanı, “Sabah”ı bəyənirəm. Yeni mövsüm avrokuboklarda oynayacağıq. Əgər qayıtmaq alınmasa, “Sabah”a uğurlar arzulayacağam və azarkeşlik edəcəyəm. Amma qayıtmaq alınsa, bundan da çox şad olacağam. Onlarla danışacağıq. Ümidvaram ki, gələcək karyeramın uğurlu olması ilə bağlı qərar qəbul edəcəyik”.

Ukrayna U-21 millisinin üzvü Donetsk klubunun onun üçün 5 milyon avro istəməsindən xəbərsiz olduğunu söyləyib:

“Düzünü deyim, bilmirəm. Xəbərləri bilirsiniz, kimisə 5, kimisə, 1 milyon deyəcək. Hər şey “Şaxtyor”dan asılı olacaq. Rəsmi təklif göndərəcəklərsə, istənilən halda baxacaqlar. “Şaxtyor” məni hansı qiymətə satmaq istəyir, artıq onların biləcəyi məsələdir”.

A.Kaşuk uğurlu mövsüm keçirdiklərini və UEFA Avropa Liqasında münasib rəqiblə düşüb mərhələ keçəcəklərinə ümid etdiyini bildirib:

“Ötən mövsüm beşinci yeri tutmuşduq. Amma bu dəfə mövqeyimizi yaxşılaşdırdıq və ikinci olduq. Sona qədər çempionluq uğrunda oynadıq. Yeni mövsüm üçün heyət saxlanılsa, transferlər edilsə, birinci yer uğrunda mübarizə aparmaq şansımız olacaq. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Bunu çempionatın sonuna bir neçə tur qalmış əldə etdik. Avrokuboklarda oynayacağımıza görə şadam. Ümidvaram ki, püşkatmada bəxtimizə münasib komanda çıxacaq və biz onlara qarşı yaxşı oynayıb, mərhələni keçəcəyik”.

Xəbər xətti