Ana səhifə
26 Sentyabr 2018

Turistləri nə ilə təəccübləndirə biləcəyik?

Firəngiz Mütəllimova: “Turistləri mədəniyyətimiz, mətbəximiz, insanların xoş münasibəti ilə heyran edəcəyik”

 

 

 

Müşfiq Şahverdiyev: «Toyuq və balıq ləvəngisi, Gəncə dovğası turistlərin çox xoşuna gələcək»

 

 

 

Ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etməsinə saylı günlər qalıb. Bu zaman əlbəttə ki, Azərbaycana idmançılarla yanaşı, turistlər də gələcək. Turistlərdə ölkəmiz haqqında xoş və zəngin təəssürat yaratmaq üçün tanınmışların müxtəlif təklifləri və fikirləri var.

Bununla bağlı “Üç nöqtə”yə danışan xalq artisti Firəngiz Mütəllimova bildirdi ki, turistləri şəhərimizin gözəlliyi, mədəniyyətimiz, mətbəximiz, insanların xoş münasibəti ilə heyran edəcəyik: “Ümumiyyətlə, Azərbaycan adının özü  bir möcüzədir. Mən dünyanın çox yerində olmuşam, amma bizim xalq kimi üzügülən insanlara rast gəlməmişəm. Ölkəmiz o qədər gözəlləşib ki, təəccüblənməmək mümkün deyil. Hər dəfə xarici ölkəyə müalicə üçün gedib qayıdanda şəhərimizə bir xarici turist kimi nəzər salıram və yeni tikilmiş körpülərə, şəhərimizin işıqlanmasına heyran oluram. Həmişə mənə başqa ölkələr daha işıqlı gəlirdi, amma indi o ölkələrə gedəndə deyirəm ki, ən gözəl işıqlar Bakıdadır. Bakının gecələri çox gözəldir və bununla yanaşı, çox gözəl regionlarımız da var. Amma bilmirəm, turistlər rayonlarımıza gedəcəklərmi? Əminəm ki, Dənizkənarı Bulvar, milli mətbəximiz, mədəniyyətimiz, adət-ənələrimiz turistləri heyran edəcək. Türkiyəni ikinci vətənim hesab edirəm, çünki orada rahat oluram və bilirəm ki, yeməkləri halal və təmizdir. Digər xarici ölkələrə qastrol səfərlərə gedən zaman elə olub ki, ac qalmışam, ancaq çörək yemişəm. Ona görə də ölkənin tarixi məkanları, inkişafı ilə yanaşı, mətbəxi də zəngin olmalıdır. İstanbul, Ankara tarixi şəhərlər olduğuna görə çox sevirəm. Səhhətimlə bağlı Türkiyəyə ildə üç-dörd dəfə getməyə məcbur oluram. Amma arzum budur ki, hər kəs Türkiyəyə və xarici ölkələrə istirahət üçün getsin”.

Xalq artisti onu da qeyd etdi ki, onun tələbələri də könüllü olaraq Avropa Oyunlarında iştirak edəcək: “Səbrsizliklə ilk Avropa Oyunlarını gözləyirik. Mən də uşaq sevinci ilə oyunları gözləyirəm. Çox böyük qürur hissi keçirirəm ki, Avropa oyunları ilk dəfə məhz Azərbaycanda keçiriləcək. Düşünürəm ki, bu, tarixi bir hadisədir. Ola bilsin ki, bunu gənclər dərk eləmir, amma biz dərk edirik ki, tarixi bir hadisədir.  Bununla da, bir daha sübut olunur ki, prezidentimizin nəninki daxili, eləcə də xarici siyasəti çox güclüdür».

Aktyor Müşfiq Şahverdiyev  bildirdi ki, xarici ölkələrə gedərkən şəhərin tarixi məkanlarına və inkişafına üstünlük verir: “Təbii ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizə gələn turistləri idmanımızdan başqa mətbəximizlə, tarixi məkanlarımızla, mədəniyyətimizlə təəccübləndirə biləcəyik. Ölkəmiz günü-gündən inkişaf edir. Bununla belə, turistlər mətbəximizi də çox sevəcəklər və dadlı yeməklərimizlə ağızlarının dadını dəyişəcəklər. Tarixi məkanlarımızdan İçəri Şəhər, Qız Qalası, Karvansaray turistlərin diqqətini çəkəcək. Çünki Avropada elə məkanlar yoxdur. Hamı bilir ki, vaxtilə SSSR-nin tərkibində olan bir ölkə olmuşuq və bundan sonra nə qədər inkişaf etdiyimzi görəcəklər. Mətbəximizə gəlincə, toyuq və balıq ləvəngisi, Gəncə dovğası turistlərin çox xoşuna gələcək. Azərbaycanımızın milli mətbəxi çox zəngindir, amma cənub bölgəsinin yeməkləri daha dadlıdır. Bilirəm ki, İçəri Şəhərdə milli mətbəximizin yeməklərindən xarici turistlərə təqdim edirlər və onlar da yeməklərimizin dadından çox razı qalırlar».

Aktyor onu da qeyd etdi ki, ilk Avropa Oyunlarının vətənimizdə keçirilməsinə sevinir: “Avropa oyunları inşallah, uğurlu keçər və bütün dünya bu yarışlardan danışar. Biz «My name is İntiqam-2» filminin çəkilişləri ilə bağlı həmin ərəfədə Moldovoda olacağıq, çəkilişləri tez bitirib gəlsək, yarışlarda tamaşaçı kimi iştirak edəcəm».

Aktyor Nicat Kazımov isə vurğuladı ki, ilk Avropa Oyunları vaxtında idmanımızla dünyaya tanına biləcəyik: «Amma Azərbaycanda xarici turistləri, ölkəmizə birinci dəfə gələcək insanları heyrətləndirəcək həddən artıq çox şey var. Milli mətbəximiz, tarixi məkanlarımız, mədəniyyətimiz, binalarımız, arxetekturamız, təbiətimiz, iqlimimiz, insanlarımızın qonaqpərvərliyi turistlərin diqqətini cəlb edəcək və bir daha ölkəmizə gəlməsinə şərait yaradacaq. Tarixi yerlərimiz Avropada yerləşən tarixi məkanlardan çox fərqlidir. Bir çox Avropa ölkələrində olmuşam və düşünürəm ki, Azərbaycanın gözəl və fərqli arxetekturası var».

Aktyor deyir ki, xarici ölkələrə gedərkən mətbəx onu çox maraqlandırmır: “Getdiyim ölkələrin mətbəxindən yemək yeyə bilmirəm. Ona görə də, xarici ölkələrdə tarixi məkanlar və mədəniyyətlə daha çox maraqlanıram. Hansısa ölkədə tarixi məkanlar gözəl olsa da, insan özünü bir az sıxılmış hiss edə bilir. Bu, ətrafda olan insanların münasibətindən asıldır. Düşünürəm ki, insanların hansısa ölkədə özünü rahat hiss etməsi üçün insanların yaxşı münasibəti də vacib amildir. İnsan özünü mənən rahat hiss etməlidir. İnanıram ki, ölkəmizə gələn xarici turistlər özlərini sərbəst və rahat hiss edə biləcəklər”.

Müğənni Elnarə Xəlilova vurğuladı ki, insanlığımız, qonaqpərvərliyimiz, mətbəximiz, şəhərimizin gözəlliyi ilə ölkəmizə gələn turistləri təəccübləndirəcəyik: “Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə münasibətim müsbətdir. Ölkəmizin dünya arenasına çıxması labüd və lazımdır ki, dünyada bizim ən yaxşı tərəflərimizi tanısınlar. Ölkəmizin bütün idmançıları ilə fəxr edirəm və onlara uğurlar arzu edirəm”.

Xalq artisti Nəzakət Teymurova dedi ki, ölkəmizə gələn qonaqları Avropa Oyunlarında qonaqpərvərliyimizlə heyran edəcəyik: “Bizim çox gözəl tarixi yerlərimiz var və eləcə də mətbəximizin yeməkləri dadlı və çox genişdir. Ona görə də avropalıları bir çox şeylərlə təəccübləndirəcəyimizi düşünürəm. Ümumiyyətlə, turistlər daha çox tarixi məkanlara, muzeylərə üstünlük verirlər. Bununla yanaşı, adət-ənənəmizlə də maraqlanacaqlar. Çünki hər xalqın özünəməxsus adət-ənənəsi var. Mən  xarici ölkələrə gedərkən tarixi məkanlara, muzeylərə getməyi xoşlayıram. Amma hər insanın fərqli seçimi var. İdmançılarımıza uğur və qələbə arzulayıram».

 

 

 

Rəqsanə

Tarix
15 May 2015 [01:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin