Ana səhifə
25 Sentyabr 2018

“Teleməkanda aşpaz kimi işləyən sağlam mütəxəssis görmürəm”

Tahir Əmiraslanov: “Soğan doğrayıb, kartof soyanları televiziyaya çıxarırlar və onlar da şöhrət azarına tutulurlar”

 

 

 

Zeynal Məmmədli: “Mətbəx proqramları parlaq hazırlanmır, sadəcə zamanını öldürür”

 

 

 

Bir çox televiziyalarımızda mətbəx proqramları yayımlanır. Mahiyyəti eyni olsa da, bəzən mətbəx qalır kənarda, gündəlik məişət söhbətləri müzakirə olunur. Mətbəxdə bişirilən yeməklərin də reseptinin necə və hansı qaydada hazırlandığı çox vaxt sual altında qalır. Gəlin görək bu proqramlarda aşbazların peşəkarlığı qənaətbəxşdirmi və mətbəximizi nə dərcədə təqdim edirlər? Bu haqda “Üç nöqtə”yə danışan Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bildirdi ki, televiziyaya çıxan aşpazların çoxu qeyri-peşəkar insanlardır: “Aşpazlıq sənəti çox çətin sənətdir. Bir çox jurnalistlər verilişlərinə dəvət etdikləri insanlara peşəkar aşbaz, usta deyirlər. Usta dərəcəsi respublika  kulinariya şurası tərəfindən verilir və bu standart digər ölkələrdə də belədir. Barmen, aşbaz standart adlardır və bu adı da hansısa təşkilat verə bilməz. Televiziyada çıxıb deyirlər, «usta filankəs». Bunun üçün  standartları gözləmək lazımdır. Bunlar başqa- başqa şeylərdir. Jurnalistlər verilişlərinə dəvət etdikləri insanları elə təqdim edirlər ki, heç kim bilmir bu insan xörəkbişirəndir, yoxsa aşpaz. Bu məsələlərdə çox diqqətli olmaq lazımdır. İlk əvvəl onu deyim ki, peşəkar aşpazın baza təhsili olmalıdır. Bu adamın baza təhsili, aşbaz dərəcəsi yoxdursa onunla müqavilə bağlayıb işə götürmək olmaz və buna görə cəza verilir. Ona görə də küçədən keçən adamların televiziya proqramlarına dəvət edilməsi düzgün deyil”.

Aşpazların gigiyenik cəhətdən təmiz yemək hazırlamasını deyən T.Əmiraslanov qeyd etdi ki, aşpazın başında papaq olmalıdır: “Aşpaz gigiyenik təmizliyə riayət etməli, başında papaq olmalıdır. Aşpazın saçı görünməməlidir, çünki saçda kəpək var və kəpək vasitəsilə bəzi yoluxucu xəstəliklər başqalarına ötürülür. İnsanlar restorana kiminsə kəpəyini yeməyə getmir. Restorana gedərkən pul verirsiniz və onun müqabilində ləzzət alıb çıxmalısınız. Çünki restoran biznesi yalnız yeməkxana deyil, restoranda insanın bütün hissləri istismar olunur. İnsanlara yalnız qida ləzzət verməməlidir, həm də gigiyenaya fikir verilməlidir. Çünki insanların sağlamlığı da yeməklərdən asılıdır. “Xanədan” adlı restoran açdıq və orada milli mətbəximizin, tarixdəki xanlarımızın yeməklərini insanlara təqdim edirik. Digər restoranlarda o yeməklər təqdim edilmir. Qiymətlər də münasibdir. Bütün ərzaqlar rayonlardan gətirilir və ekoloji cəhətdən təbii qidalardır. Azərbaycanda bu sahədə tədqiqat institutu, məktəb yoxdur”.

Qeyri-peşəkar aşpazların televiziyalara çıxmasına münasibət bildirən Milli Kulinariya Mərkəzinin prezidenti qeyd etdi ki, peşəkar aşpazların televiziyaya çıxmağa vaxtı olmadığı üçün qeyri-peşəkarlar proqramlara gedirlər: “Peşəkar aşpazlar normal pullarını qazanırlar və buna görə də televiziyaya çıxmırlar. Bizim aşbazlarımız var ki, ayda 5 min pul qazanırlar. İşini buraxıb televiziyaya çıxsalar pullarını itirmiş olarlar və eləcə də, vaxtları da yoxdur. Görürük ki, 3-cü dərəcəli əl altda işləyən bir aşpazdır və televiziyada da 500-1000 manat verəndə 300 manatlıq aşpaz sevinərək televiziyaya çıxır. Çünki ona başqa yerlərdə o pulu verməyəcəklər. Amma anlamır ki, gələcəyini məhv edir. Onlar gələcəkləri və peşkarlaşması üçün üzərlərində işləməlidirlər.  Soğan doğrayıb, kartof soyanları televiziyaya çıxarırlar və onlar da şöhrət azarına tutulurlar. Beləliklə də, gənclərin gələcəklərini məhv edirlər. Bu, çox ciddi məsələdir. Bununla yanaşı, peşəkar veriliş etmək üçün pul qoymaq lazımdır. Mən əvvəl dünya təşkilatının icazəsini alıb layihə hazırladım. Amma onun üçün baş sponsorun 250 min pul qoyması lazım idi. Sizdə 250 minə başa gələn layihələr varmı? Mən o verilişi aparacağamsa, bilməlidirlər ki, dünyanın yeddi mütəxəssisindən biri ilə işləyirlər. Mənə Türkiyədən, Rusiyadan və başqa ölkələrdən dəvətlər gəlir. Məsələ pul deyil, plestij məsələsidir. Küçədən keçəni tutub aşbaz qoyurlar. Mən teleməkanda aşbaz kimi işləyən sağlam bir mütəxəssis görmürəm. Yalnız Xəzər telekanalında yayımlanan mətbəx proqramının aparıcısı ola Ağakərim işinin peşəkarıdır.  Hazırda təhsil alır, restoranlara getmədiyinə görə veriliş aparır. Çox yaxşı təmiz bir oğlandır və şöhrət azarına tutulmasa gələcəyi var. Mənim tələbəmdir. Usta aşpaz Oruc da hərdən televiziyaya çıxır və peşəkar aşpazdır. Digər insanların hazırladıqları yeməklər heç nədir. Bəziləri yeməyin düzgün hazırlanmasını belə bilmirlər. İndi bəzi KİV-lər və başqa təşkilatlar özlərinə bazar açıb 50 manata usta adı verirlər. Usta deyil axı. Ona görə də bu bizim ağrılı yerimizdir və bunu düzəltməliyik”.

Tanınmış media ekspreti Zeynal Məmmədli dedi ki, mətbəx proqramları dünyada yayılmış bir formatdır və o tipli verilişlərin auditoriyası ev xanımlarıdır: “Mətbəx, qida çox ciddi məsələlərdir və insanın sağlamlığı ilə bağlıdır. Burada söhbət sağlam qidadan, bütövlükdə, sağlam atmosferdən, mühitdən, cəmiyyətdən, ailədən gedir. Eləcə də, aparıcı kim olması və onun şəxsiyyəti də çox böyük rol oynayır. Yəni  aparıcının elə bir xarizması olmalıdır ki, çox ciddi məsələləri sadə, anlaşıqılı şəkildə təqdim etməli və peşəkar məişət məsələrinə həsr edilmiş proqramı təqdim etməlidir. Bu tipli proqram insanları birgəliyə, yaşamağa, ailə atmosferinin bir olmasına çağıran bir proqramdır. Azərbaycan mətbəx proqramlarında çox təəssüf ki, məsələnin bu tərfi bir az arxa planda qalır.  Bu peşəkar komanda işidir və komanda  işində aparıcıdan tutmuş aşbazların da peşəkarlığı lazımdır. Mən hələ demirəm ki,  aparıcılar, mütəxəsisslər peşəkardırlar. İnsanların  maraqlarının olması bizim yaşadığmız cəmiyyət üçün bir xəstəlikdir.  İnsanlar özlərini sərbəst təqdim etməkdən çəkinirlər. Bu da istər-istəməz insanları dünyagörüşü və mədəni səviyyəsini, yaşamı içində gizlənmiş köləyə çevirir. Mətbəx proqramlarında qısa fraqmentə baxmışam. Ona görə də onlar haqqında danışmağa mənəvi borcum yoxdur. Amma bir vətəndaş kimi deyirəm ki, aşbazın  başında papaq, əlində əlcək, ağzında qoruyucu maska olmalı və gigiyenik qaydalara riayət etməlidir. Bütün bunlar təcrübədən irəli gəlir. Aşpazın ağzından çıxan sözlər də ən azından kəpək qədər təhlükəlidir. Orada sağlam qida, yeməyin keyfiyyəti ilə yanaşı, cibimizə, ailəmizə də uyğun yemək hazırlanmalıdır. Mətbəx proqramları parlaq hazırlanmır, sadəcə zamanı «öldürür». Ondan əlavə televiziyalarda bir xof yoxdur ki,  gələckdə verilişimi, reklam verənimi itirəcəm. Sərbəst bazarda rəqabətlə pul qazanmayacaqamsa, deməli, bu bazarda belə bir hal var ki, sərbəst bazarın olmaması böyük maneədir.  Bu tipli verilşləri bir-birindən fərləndiricək, uğur gətirəcək sərbəst bazar lazımdır. Eləcə də, bu sahədə güclü komanda qurmaq lazımdır, o zaman uğur mümkün olacaq”. 

 

 

 

Rəqsanə

Tarix
13 May 2015 [23:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin