Ana səhifə
24 Fevral 2018

Azərbaycanda pul bazası azalır

Oqtay Haqverdiyev: "Bankların damarlarından dollar axır"

 

 

 

Azərbaycanda pul bazası azalmaqda davam edir.  Mərkəzi Bank xəbər verir ki, yanvardan başlayan azalma mart ayında da davam edib. Birinci rübdə manatla pul bazası 3 milyard 202,5 milyon manat azalaraq 11 milyard 541,9 milyon manatdan 8 milyard 339,4 milyon manata düşüb. Qeyd edək ki, pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları  daxildir.

İqtisadçı ekspert Oqtay Haqverdiyev manatın dövriyyədə azalmasını, Mərkəzi Bankın manatı alaraq dövriyyəyə dollar buraxması ilə əlaqədardır.

 

- Əmanətlərin və kreditlərin dollarlaşması bu prosesdə nə kimi rol oynayır?

 

- Banklarda əmanətlərin dollarlaşması prosesi davam edir. Artıq hər 100 manat əmanətdən 65 manatı əsasən dollarda xarici valyutadadır.  Mərkəzi Bankın rəsmi məlumatında da qeyd edilir ki, 2015-ci ilin mart ayında xarici valyutada olan əmanətlər 139,6 milyon manat artıb. Düzdür, əmanətlərin dollarlaşmasının artım tempi dəfələrlə aşağı düşüb. Fevralda xarici valyutada olan əmanətlər 2 milyard 99,9 milyon manat artmışdı. Mart ayının sonuna olan məlumata görə, əhalinin banklardakı 7 milyard 781,6 milyon manat əmanətinin 5 milyard 84,6 milyon manatı və ya 65,3 faizi xarici valyutada (dollarda) olub. Milli valyutada olan əmanətlər isə cəmi əmanətlərin 34,7 faizinə bərabər olub. 3 ay əvvəl vəzziyyət tam əksinə idi.

Banklarda əhalinin əmanətlərinin dollarlaşması ilə bərabər, faizlərin artırılmasına baxmayaraq əmanətlərin həcmi azalıb. Aprel ayında banklarda əhalinin əmanətləri 151,1 milyon manat azalaraq 7 milyard 932,7 milyon manatdan 7 milyard 781,6 milyon manata geriləyib.Banklardakı 7 milyard 781,6 milyon manat əmanətin 6 milyard 924,2 milyon manatı və ya 89 faizi rezidentlərə, 857,5 milyon manatı və ya 11 faizi qeyri-rezidentlərə məxsus olub. Qeyri-rezidentlər əmanətlərin  93,5 faizini xarici valyutada yerləşdiriblər.

 

- Dollarlaşmanın bank sektoruna zərəri varmı?

 

- Banklar əmanətləri dollar ilə cəlb etdiklərindən kreditləri də dollar ilə vermək məcburiyyətindədirlər. Lakin əhali və şirkətlər dollar ilə kredit götürməyə ehtiyat edirlər. Dollar yenidən güclənərsə, götürülən kredit manat ilə ifadədə bahalaşacaqdır. Banklar vəsaitləri yerləşdirməsələr də, əmanətlər üzrə öhdəliklərini yerinə yetirməlidirlər. Yəni, vaxtı çatdıqda əmanət və onun faizi sahibinə ödənilməlidir. Əgər banklar cəlb etdikləri əmanətləri yerləşdirə bilmirlərsə, faizlər onların öz vəsaitləri hesabına ödənilməli olacaqdır ki, bu da bankların zərəri deməkdir.

 

- İstehlak kreditlərində geriləmə müşahidə olunduğu deyilir...

 

- Rəsmi məlumatlara görə, 31 mart 2015-ci il tarixinə bankların istehlak kreditlərinin (istehlak kreditləri) cəmi məbləği 8 milyard 296,6 milyon manat təşkil edib. Martda ev təsərrüfatlarına verilən kreditlər 120,1 milyon manat azalıb. Mərkəzi Bank daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) ayrılan kreditləri ev təsərrüfatlarına verilən kreditlərə daxil edir. Əgər bu növ kreditlər olmasaydı istehlak kreditlərində azalma daha çox müşahidə olunardı. Belə ki, martda daşınmaz əmlakın tikintisinə və alınmasına verlən kreditlər 28,2 milyon manat artaraq 1 milyard 309,9 milyon manata yüksəlib. Fevralda devalvasiya ilə əlaqədar olaraq (dollarda olan kreditlərin manatda yenidən qiymətləndirilməsi nəticəsində) istehlak kreditləri 7 milyard 724,1 milyon manatdan 8 milyard 416,7 milyon manata artmışdı. Fevralda sənaye və istehsal sektoruna da ayrılan kreditlər də azalaraq 2 milyard 248,1 milyon manatdan 2 milyard 238 milyon manata düşüb.

 

- Manatın məzənnəsi aşağı düşdüyü üçün problemli kreditləri qaytarmaq  daha da çətinləşir. Çıxış yolu nə ola bilər?

 

- Əhalinin bu mənada sosial durumu şəksiz ağırlaşmaqdadır. Əslində, manat yumşaq devalvasiya ilə öz yerini tutmalıydı. Birdən-birə onu 33 faiz ucuzlaşdırmaq anlaşılmazlıqdır. Bədbəxtçilik ondadır ki, hökumətin iqtisadi siyasətində plan yoxdur. Əgər hökumətin belə bir fikri vardısa, gec-tez bu addımı atacaqdısa, neftin qiymətinin yüksək olduğu illərdə tədricən manatın devalvasiyasına getməliydi. Bu cür etsəydilər, indiki neftin qiymətinin enməsi zamanında əhali sosial-iqtisadi çətinlikləri o qədər də hiss etməzdi. Hər halda insanlar mövcud vəziyyətə uyğunlaşardı. Birdən-birə manatı 33 faiz ucuzlaşdıranda istər-istəməz fəsadlar olacaq.

Vəziyyətdən çıxış yoluna gəldikdə əvvəlcə, hökumətin devalvasiya qərarını hansı məqsədlə verdiyini aydınlaşdırmalıyıq. Məqsədlər müxtəlif olsa da, əsas məqsəd büdcə problemidir. Neftin qiyməti büdcədə 90 dollardan götürülüb, nefti isə 60 dollara satırıq. Dünya bazarında neftin qiyməti 60-70 dollar qalsa, büdcə 6-7 milyard itirəcək. Devalvasiya qərarından sonra manat kütləsi artır və büdcəyə vergi, rüsum manatla verilir. Deməli, büdcə süni şəkildə dolacaq, Hökumət hesab edir ki, manatı ucuzlaşdırmaqla büdcəni doldurub, xərclərdən o qədər də istifadə etməyəcəklər. Amma bu, özünü aldatmaqdan başqa bir şey deyil. Çünki məzənnə və büdcə fərqli məsələlərdir. Büdcənin 75 faizinin neft məhsullarından formalaşması indiki problemi yaratmalıydı, məzənnənin ona nə aidiyyatı var?! Hökumət ilk növbədə hansısa mexanizmlərlə qiymət artımının qarşısını almalıdır. Xüsusilə Nazirlər Kabinetinin hər il təsdiqlədiyi yaşayış minimumunda 19 adda ərzaq, qeyri-ərzaq, kommunal xərcləri var, heç olmasa, kommunal xərcləri müvəqqəti olaraq dövlətin tənzimləyəcəyi barədə qərarı qəbul edilməlidir. Sosial gərginliyi azaltmaq üçün müəyyən qərarlar verilməlidir. Mərkəzi Bankın devalvasiya qərarı artıq neftin qiymətinin bir daha artacağına inamın olmadığını göstirir. Mən də xarici ekspertlərin təhlillərini oxuyub dünya bazarında neftin qiymətinin artacağını düşünmürəm. Neftin qiymətinin enməsində siyasi proseslərin rolu da danılmazdır.

 

 

 

Əfsun

Tarix
13 May 2015 [21:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ