Ana səhifə
19 Fevral 2018

“Qəbul imtahanlarında 17 balla fizika fakültəsinə qəbul oldum” - FOTOLAR

Şahlar Əsgərov: “O zamanlarda fizikanın hörməti çox yüksək idi”

 

"Bakıda yaşasam da Kəlbəcər işğal olunana qədər özüm üçün ən qiymətli hesab etdiyim şeyləri ata evimizə göndərirdim. Düşünürdüm ki, orada heç nəyə toxunmazlar. Bu, daha çox üstündə əsdiyim kitablarım, bir də şəkillərim idi. Amma iş elə gətirdi ki, Kəlbəcər işğal olundu. Sanki Kəlbəcərin işğal gününə qədər olan həyatım, hər şeyim məhv oldu”.  Doğulub boya-başa çatdığı el-obasına bu qədər böyük dəyər verən azsaylı şəxlərdəndəndir Şahlar müəllim. Onu çox şaxəli fəaliyyəti ilə Azərbaycan elm və təhsilininin həmişə xidmətində dayanan görmüşük. Yaxşı xatırlayıram, istər sıravi millət vəkili, istərsə də Elm və təhsil komisiyasının ( indiki komitə) sədri kimi müstəqillik qazandıqdan sonra yenicə formalaşan elm və təhsil sahəsində ən mütərəqqi qəbul olunan dünya təcrübəsinin tətbiqi üçün səy göstərib. Onun öz sözləridir: “Bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır”. Bu istiqamətdə çalışmalarını xeyli sayda monoqrafiya, elmi və publisistik məqalələr şəklində dərc etdirib. Elm, təhsil, ümumilikdə Azərbaycan cəmiyyətinə xidmət etməkdən yoorulmayan Şahlar Əsgərovu yaxından tanıyanlar insanla zaman vəhdətini, düşüncə ilə qərarvermə qabiliyyətini, Tanrının varlığının elmi sübutunu vermiş dərin intellekt sahibi kimi xarakterizə edirlər. “Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikasının qonağı Şahlar müəllimin özünü dinləyək:

- 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) fizika fakültəsini bitirmişəm. 1964-1967-ci illərdə ADU-nun Leninqrad Sabit Cərəyan institutunda əyani aspirantı, 1970-ci ildə “Alçaq enerjili ionlarla metalların katod tozlanması” mövzusunu müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adına layiq görüldüm.
1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri bircinslilik dərəcəsinin metal-vakuum və metal – yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiya müdafiə edərək fizika –riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışam. 1993-cü ildən BDU-nun professoruyam. 1994-1995-ci illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru da işləmişəm.
1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşam. Bir sıra monoqrafiyaların, kitabların, patentlərin müəllifiyəm. 16 elmlər namizədi və doktor yetişdirmişəm. Dövlətimiz sağ olsun, əməyimi qiymətləndirib. “Şöhrət” ordeni və “Əməkdar elm xadimi” titulları ilə təltif edilmişəm. 

 

- Şahlar müəllim tələbəlik illəriniz hansı illəri əhatə edir?

-   Mənim tələbəlik illərim 1957-1963 cü illəri əhatə edir.

 

-    Tələbə qəbul olunmağınızı necə xatırlayırsınız? 

-    Çox yaxşı xatırlayıram. Yəqin ki, hər kəs o günləri aydın xatırlayır. Sənədlərimi Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə təqdim etmişdim. Dörd imtahan verdim: fizika - 5, riyaziyyat (şifai)  - 5, riyaziyyat (yazıl) -4, ədəbiyyat (yazılı) 3.  Beləliklə, 17 bal toplayıb, qəbul oldum. Riyaziyyatdan verdiyim şifai imtahan mənim üçün çox maraqlı oldu. Məndən imtahanı dəyərli müəllimlərdən dosent Cəlal Qasımov və Tofiq Bektaşi götürürdülər. Cəlal müəllim Tofiq müəllimdən yaşlı idi. Löhvənin qarşısında Tofiq müəllimin suallarına ayaq üstə cavab verirdim. Sual-cavabdan sonra, Tofiq müəllim  Cəlal müəllimə “5” verməyi təklif etdi. Cəlal müəllim qiymətə şübhə ilə yanaşdı və soruşdu  ki, yerlindi? Tofiq müəllim cavab verdi ki, heç bilmirəm hansı rayondandır. Sonra Cəlal müəllim sual verdi ki, tangensi sinuslarla ifadə edən formulanı yaz. Formula çətin formula idi, ancaq mən yaza bildim və “beş” qiymət verdilər.

 

-     Niyə məhz fizik olmaq istədiniz?

-     Mən uşaqlıqda arxitektor olmaq istəyirdim. Atam Əsgərov Qaçay Ali Partiya Məktəbinin son kursunun müdavimi idi. Mən Kəlbəcərdən gəldim və birbaşa Ali Partiya Məktəbinə getdim ki, atamla görüşəm və onunla görüşdüm. Günorta yeməyinin vaxtı idi. Atam məni məktəbin zirzəmisində yerləşən yeməkxanaya apardı. Stol ətrafında atamın kurs  yoldaşı ağdamlı  məşhur Zeynal müəllim də oturmuşdu. Atam məni Zeynal müəllimə təqdim etdi və ondan  ixtisas se?iminə məsləhət verməyi xahiş etdi. Mən arzumu əvvəlcədən Zeynal müəllimə dedim. Amma Zeynal müəllim məni fizika və riyaziyyatdan sual yağışına tutdu. Sualların axırıncısi bu oldu: çay tez soyusun deyə onu niyə nəlbəkiyə tökürlər?  Bu suala cavab alandan sonra, atama dedi ki, mən məsləhət görürəm ki, Şahlar Universitetin fizika fakültəsinə getsin. O zamanlarda fizikanın hörməti çox yüksək idi. Göyə süni peyik buraxılmışdi. Atom proyektləri Sovet dövlətini çox qüdrətli  və söz sahibi etmişdi. Mən Zeynal müəllimin arqumentlərini və atamın təklifini ürəklə qəbul etdim. Çünki fizikanı çox sevirdim.

 

- Tələbəlik zamanı harada qalırdınız?

-Tələbəlik illərinin birinci kursunda atamla birlikdə Tolstoy küçəsində bir evdə kirayəşin qalırdiq. Atam  Partiya məktəbini qutarandan sonra mən Universitetin əvvəlcə Koledeznaya küçəsində, sonra Nərimanov prospektindəki yataqxanalarında qaldım.

 

- Məlum olduğu kimi, tələbəlik gənclik dönəminizin ən gözəl illəri olub. Bu yolu keçən hər bir şəxsin başına maraqlı, yadda qalan hadisələr gəlir. O illərə qayıdanda da ilk olaraq həmin hadisələr yada düşür. Sizin üçün o illərdən ən yadda qalan xatirə nə olub?

- Tələbəlik illərinin ən yadda qalan günləri beşinci kursda diplom işi yazmaq üçün Moskva Energetika İnistitunda professor Klyardfeldin laboratoriyasında işlədiyim dövrlə bağlıdır.

 

- Şahlar müəllim, həyatınızı mərhələ-mərhələ dəyərləndirsəniz, sizin üçün dəyərli dövr hansıdır? 

- Aspiranturada təhsil aldığım gənclik dövrü mənim ən uğurlu dövrüm hesab oluna bilər. Çünki mən ən qüdrətli nəticəni 29 yaşında almışam. Mənim 29 yaşında aldığım nəticələr bu gün Amerikada NASA-da geniş istifadə edilir. 

 

-Aldığınız təqaüd aylıq xərclərinizi ödəyirdi, yoxsa ay sona çatmamış pulunuzu xərcləyib bitirir və evdən əlavə xərclik gözəyirdiniz?

- Təqaüdlə ayı başa vurmaq çətin idi. Şübhəsiz evdən hər ay köməklik edirdilər.

 

- Tələbəlik dövründə belə demək mümkünsə, heç çörək almağa pul tapmadığınız günlər olub?

-Əlbət ki, zaman-zaman belə günlər az da olsa olub.

 

- Tələbə yoldaşlarınız içərisində hazırda Sizi kimi elmi fəaliyyətini davam etdirən var?

- Əlbətki var. Özü də çoxdur. Nemət Məmmədov, Arif Bədəlov, Asəf İsgəndərov, Vaqif Səfərov və digərlərinin məmuniyətlə adını çəkə bilərəm.

 

- Şahlar müəllim tələbə yoldaşlarınızla heç “Məzun günü” qeyd etmisiniz? 

- Universiteti bitirməyimizin 25 və 40 illiklərini qeyd etmişik. 

 

- Bəs indi sıx dostluq münasibətində olduğunuz və görüşdüyünüz tələbə yoldaşlarınız var?

- Əlbətdə ki var: professor Bədəlov Arif, Səfərov Vaqif, Nemət Məmmədov və Bagirov Gürşad  başqalar ilə  tez-tez görüşürük, bəziləri ilə də telefonla ələqə saxlayırıq.

 

 - Şahlar müəllim hansı nəsli danışdıranda onların giley-güzarı belə olur ki, “bizim vaxtımızda tələbəlik belə olmayıb, daha yaxşı olub” deməklə, özündən sonrakı nəsilləri bəyənmirlər. Siz tələbəlik illərinizlə indikilər arasında hansı üstün və geridə qalan fərqləri görürsünüz?

-    Bəşəriyyətin inkişaf qanunu var. Həmin qanunda deyilir ki, bəşəriyyət mütərəqqi istiqamətdə inkişaf edir. Hər sonrakı nəsil əvvəkindən daha intellektualdır. Bu məsələ nəsillərin mübahisəsidir. Bu haqda ayrıca danışmaq lazımdır.

 

- Bəs elm və təhsilin hazırki durumunu necə dəyərləndirirsiniz? 

- Yazılarımın birində söyləmişdim: iqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir. Sualınıza elmi cavab vermək üçün bu fikri bir qədər dərinləşdirmək istəyirəm. Ölkənin içərisində oturub bu inkişafı zamanında layiqincə qiymətləndirmək çətindir. Ona görə bir az qəlbiyə qalxıb, ucadan ölkəmizə baxsaq görərik ki, iqtisadiyyatımız ilbəil yüksələn xətlə inkişaf edir. İqtisadiyyatın ilbəil yüksəlməsi tərəqqini yaradır. Ancaq ölkənin sabit tərəqqi ilə inkişafı qüsurlu olardı. Tərəqqinin özü də ilbəil artmalıdır. Tərəqqinin artması ölkəyə yeni texnologiyalar gətirir. Bunun nəticəsində ölkə daha sürətlə inkişaf edir. Texnologiya da sabit qala bilməz, o da inkişaf etməlidir. Texnologiyanı elm inkişaf etdirə bilər. Bu da özlüyündə elmin inkişafına təkan verir. Elmin inkişafı yeni elmi ideyanın yaranmasına səbəb olur. Əgər güclü iqtisadi inkişaf varsa, deməli ortada güclü ideya var. Bu ideya elmi, elm texnologiyanı, texnologiya tərəqqini, tərəqqi isə iqtisadiyyatı inkişaf etdirir.

 

- Həm də təhsilin problemlərini daha çox nəzərə çatdıran şəxslərdən də birisiniz…

- Hazırda universitetlərə qəbulun orta balı 150-200 olduğu halda, mən təhsilin indiki durumuna yaxşı deyə bilmərəm. Biz, təhsilin görünməyən məqsədini görməyi bacarmalıyıq. Biz ona görə keyfiyyətli təhsil almalıyıq ki, gələcəkdə Qarabağ kimi problemlə üzləşdikdə, düzgün qərar qəbul edə bilək. Çünki nə qədər savadlı olsaq, qəbul etdiyimiz qərarlar o qədər düzgün olar. Xüsusi ilə böyük qüsurlar biliyin qiymətləndirilməsində mövcuddur.

Üç nöqtə

Tarix
4 Oktyabr 2014 [08:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ