Ana səhifə
26 Sentyabr 2018

Narkotik aludəçiliyini kitab edən ingilis yazıçı

Yazar olmaq üçün liseydən qaçdı...

 

 

 

Mançestrdə tacir ailəsində doğulan, morfinin, digər narkotiklərin yorulmaz təbliğatçısı və aludəçisi olan Tomas De Kvensi ingilis ədəbiyyatında önəmli bir yerə sahibdir. 1785-ci ildə zəngin tacir ailəsində doğulsa da, pula, var-dövlətə o qədər marağı yox idi. Daima narahat və melanxolik ovqatı ilə ailəsini bezdirən Tomas təhsil aldığı Mançestr liseyindən anasına yazdığı məktublarda mənəvi cəhətdən yorulduğunu çatdırmağa çalışsa da, ailəsi onun melanxoliyasını, tənhalığını və şikayətlərini ciddiyə almırdı.

 

Tomas məktublarının birində anasına yazırdı: “Təbii olaraq tənhalıqdan məmnunam, amma hər kəsin kaş ki, yanımda biri olsaydı dediyi anlar olur”. Atasının ölümündən sonra ailənin bütün yükünü çəkən, Tomasın digər qardaşlarına və bacılarına baxmağa məcbur olan anası oğlunun nazını çəkə bilməzdi. Anasına görə Tomasın melanxoliyası dünyada heç bir həkimin müalicə edə bilməyəcəyi xəstə zehniyyətdən qaynaqlanırdı.

 

Doğmalarının belə anlamadığı gənc Tomas liseyin üçüncü kursuna qədər səbir edə bildi. Tomasın ən böyük arzusu yazar olmaq idi və o, 17 yaşında xəyallarının arxasınca getmək üçün liseydən qaçır. Tomas çox sadə plan qurmuşdu. Dövrünün bir çox gənc şairləri kimi o da Uilliam Vortsvorda pərəstiş edirdi. Liseydən ayrıldıqdan sonra məqsədi Vortsvordun yaşadığı göllər bölgəsinə getmək, onunla görüşmək idi. Ailəsindən pul istəməyi mümkün deyildi. Amma onun səyahət fikrini hər zaman dəstəkləyən dayısı ona köməklik edə bilərdi.

 

Tomas nə ailəsini, nə də dayısını narahat etmədən, Vortsvordun yanına getmək fikrindən də daşınaraq Galler bölgəsini gəzməyə qərar verdi. Ailəsi Tomasın harada olmasından xəbərsiz, Tomas isə pulsuz və səfil vəziyyətdə idi. O heç kəsdən kömək istəməyi özünə sığışdırmırdı. Bir neçə aydan sonra ailə dostları Toması London küçələrində avaralanarkən tapdı. Tomasın aylardır dilənçilərin, küçə uşaqlarının və fahişələrin arasında yaşadığını eşidən ailə dostları dəhşətə gəlmişdi. Toması tapan dostlar onu ailəsinə təhvil verirlər. Beləcə, yazar olmağı qarşısına məqsəd qoyan gənc, evə dönməyə məcbur olur.

 

Kitablar və fahişələr arasında

 

Uzun müddət Londonda yaşadığı səfil həyat Tomasın gözünü qorxutmuşdu. Ona görə də anasının istəklərini yerinə yetirməyə etiraz etmədi. Anası Toması Oksforddakı “Worcester” kollecinə yazdırır. Onun ən böyük arzusu oğlunun təhsil alması, elmlə məşğul olması idi. Yazar olmaq üçün ilk cəhdi fiaskoya uğrayan Tomas özünü tamamən dərslərinə həsr etmiş, xeyli dostlar qazanmışdı.

 

Amma yenə də yaşadığı həyatdan məmnun deyildi. Universitet gəncliyini içki içən, mənasız söhbətlər edən, intellektuallıqdan uzaq adamlar hesab edir, amma içki məclislərindən geri qalmırdı. Özünü bu mühitdə tapmasa da, London küçələrinin vəziyyəti ilə müqayisədə özünü cənnətdəki kimi hiss edirdi. Vortsvorta həddindən artıq heyran olan Tomas yanına gedib çıxa bilməsə də ona heyranlıq dolu bir məktub göndərdi. Məktubun başdan-sona yaltaqlıq olduğunu görən Vortsvord Tomasa çox sərt bir cavab məktubu yazdı. Tomas ruhdan düşmədi. Artıq pulu olduğu üçün özünü kitablara həsr etdi və fahişələrlə vaxt keçirməyə başladı. Kitablar onun xilaskarı, fahişələr təsəllisi idi.

 

Narkotiklə tanışlıq

 

1804-cü ildə Tomas de Kvensi ilk dəfə morfinlə tanış olur. Diş ağrısı səbəbi ilə morfi istifadə etməyə başlayan yazar, bir daha bu yoldan geri dönə bilmədi. O, yazırdı: “Xoşbəxtliyi bir peniyə satın almaq, qoltuq cibində gəzdirmək mümkündür.” Narkotik istifadə etdikdən sonra operalara və konsertlərə ayaq açan Tomas, sənətdən ikiqat artıq zövq almağa başladı. Kollecdə isə yalnız üç həftədə bir dəfə narkotik istifadə edir, özünü aludəçilikdən qorumağı da bacarırdı.

 

21 yaşına çatanda atasından qalan mirasdan ona çox böyük miqdarda pay düşdü. Maddi təminat onun üçün çox önəmli idi. Bundan sonra anasından asılı deyildi və istədiyini edə bilərdi. Müəllimlərindən biri Toması “Həyatımda tanıdığım ən ağıllı adam” deyə tərifləsə də, Tomas Kollecin buraxılış imtahanlarına girməkdən imtina etdi. Artıq kifayət qədər pulu vardı və diploma ehtiyacı yox idi. Arzularının arxasınca getməyin zamanı çatdığını anlayan Tomas yenidən yoxa çıxdı.

 

Sadəcə özü və kitabları üçün yaşayan yazar

 

1807-ci ildə Vortsvordun digər heyranı məşhur şairlərdən Koldric, de Kvensini böyük şairlə tanış etdi. Tomas artıq 17 yaşında, məşhurlara yaltaqlıq edəcək yeniyetmə deyildi. Artıq Vortsvorda əvvəlki kimi heyranlığı da qalmamışdı. Hətta onun fiziki görünüşünü şeirlərinin yanında sönük hesab edirdi. 1,75 m boyu olan Vortsvorda “O qədər də nəhəng adam deyil” deyən Tomasın boyu cəmi 1,52 m idi. Yəni boy-buxun sarıdan istər-istəməz Vortsvorddan geri qalırdı.

 

Amma böyük ehtimalla şairin ona yazdığı məktubu unuda bilmirdi. Bütün bunlara baxmayaraq Vortsvordla De Kvensi tez dostlaşdılar. Hətta 1810-cu ildə Vortsvord De Kvensini üçüncü oğlunun xaç atası olmasına icazə verdi. Böyük bir ədəbiyyatçı olmağı arzulayan Tomas çox irəli gedə bilmirdi. Xüsusilə yazı sahəsində uğur qazanmağı 30 yaşına qədər demək olar ki, mümkün olmadı. Ədəbiyyatdakı xidməti, alman yazıçılarından etdiyi tərcümələrdən və Vortsvordla birlikdə jurnal çıxarmaqdan ibarət idi. Müxtəlif yazı təklifləri alsa da, Tomas bu təkliflərin heç birini vaxtında çatdıra bilmirdi.

 

Tomas De Kvensinin yazmağına mane olan ən böyük faktor oxuma vərdişi idi. Oxumaq bütün yazarlar üçün vacib faktor olsa da, De Kvensi əndazəni aşmışdı. Mirasdan gələn pulun böyük bir hissəsini beş min kitabdan ibarət, möhtəşəm bir şəxsi kitabxana qurmağa sərf etdi. Mənbələrdə Koldric kimi məşhur bir şairin bir vaxtlar De Kvensidən oxumaq üçün 500-dən çox kitab aldığı qeyd edilir. Vortsvordun baldızı Sara, De Kvensi haqqında yazırdı: “Sadəcə özü və kitabları üçün yaşayır”. Kitablara həddindən çox maraq göstərən De Kvensi evlənəndən sonra kitablarını saxlamaq üçün ikinci ev tutmağa məcbur olur.

 

Kitab aludəçisi De Kvensinin Vortsvordla dostluğu uzun sürmür. Müxtəlif səbəblərdən bu dostluq pozulur. Morfi aludəçiliyi o həddə çatmışdı ki, o artıq gün ərzində 8.000 damcı morfi istifadə edirdi. Ara-sıra morfi və narkotik haqqında London jurnallarına yazılar yazır, bacardıqca insanlardan təcrid olunmağa çalışırdı. 1822-ci ildə “Bir ingilis morfi aludəçisinin etirafları” kitabı çap olundu. Bu kitab De Kvensiyə inanılmaz şöhrət və problemlər gətirdi. Dərhal ona cavab olaraq “Morfi aludəçisinə tövsiyələr” adlı kitab çap olundu.

 

1823-cü ildə morfi aludəçilərindən birinin ölümü De Kvensiyə baha başa gəldi. Gənc bir həkim morfi istifadəçilərinin ondan ilhamlandığı iddiasını irəli sürürdü. Britaniyada həkimlər XIX əsrdə morfi və narkotik istifadəçilərinin böyük əksəriyyətinin “Bir ingilis morfi aludəçisinin etirafları” kitabından ilhamlandığı irəli sürürdü. Londonda böyük əksəriyyət buna inanırdı.

 

De Kvensi kitabına yazdığı ön sözdə deyirdi: “Bu kitab papası mən olan kilsənin doktorinasıdır”. O, narkotik istifadəsindən bir gün də olsun vaz keçmədi. Etiraf edirdi ki, naşirlərin sifarişlərini yerinə yetirməsi üçün morfi istifadə etməsi mütləqdir.

 

Özünü “Narkotik kilsəsinin papası” adlandıran, 1859-cu ildə vəfat edən Tomas De Kvensi öldüyü günəcən morfi istifadəçisi oldu.

 

 

 

lent.az

Tarix
13 May 2015 [16:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin