Ana səhifə
14 Noyabr 2018

Aztəminatlı ailələrə 1. 214. 627 manat ünvanlı sosial yardım verilib

İsmayıllı rayonunda 3728 nəfər sosial müavinət alıb

 

 

 

İsmayıllı rayonun sosial-iqtisadi inkişafı əhalinin həyat şəraitini yaxşılaşdırıb. Sosial sahədə ölkəmizin apardığı siyasət 2014-cü ildə də uğurla davam edib. Ötən il ərzində rayonda sosial məsələlərin həllinə xüsusi diqqət yetirilib, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər aztəminatlı təbəqənin bütün kateqoriyalarını əhatə edib. 2014-cü ildə 960 ailənin 4463 üzvünə ünvanlı sosial yardım verilib. Ünvanlı sosial yardım alan ailələrin sayı 2013-cü illə müqayisədə 2014-cü il ərzində 81 ailə azalsa da adambaşına düşən orta aylıq məbləğ 5 manat artaraq 25 manat 77 qəpik olub. Aztəminatlı ailələrə 1 milyon 214 min 627 manat ünvanlı sosial yardım, yeni doğulan 895 uşağa görə 809 nəfərə 78 min 403 manat müavinət verilib. 2014-cü ilin sonuna olan məlumata əsasən rayonda 3728 nəfər sosial müavinət alır. İl ərzində sosial müavinət alanların sayı 82 nəfər azalmışdır. Sosial müavinət alanlara 3 milyon 189 min 715 manat ödəniş aparılıb, 35 nəfər Çernobıl əlilinə müalicə xərcləri üçün 6825 manat birdəfəlik yardım verilib. Təəssüf doğuran haldır ki, bəzi vətəndaşlara qanunla ailələrinə ünvanlı sosial yardım düşməməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən izahat verilsə də, onlar yenə də müxtəlif rəhbər təşkilatlara müraciət edirlər. Ona görə də ƏSMM ünvanlı sosial yardımla əlaqədar əhali arasında izahat işlərini genişləndirməlidir.

Rayonda 13410 nəfərə, o cümlədən 7975 nəfərə yaşa görə, 4160 nəfərə əlilliyə görə, 1275 nəfərə ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. İşləyən pensiyaçıların sayı 982 nəfərdir. 2014-cü ildə 205 nəfərə yaşa görə, 156 nəfərə əlilliyə görə, 33 nəfərə ailə başçısını itirməyə görə pensiya təyin edilib. 2014-cü il ərzində əmək pensiyaçılarına 25 milyon 428 min 900 manat, digər müavinətlərin ödənilməsinə isə 401 min manat vəsait sərf olunub. Respublika Fondundan pensiya və müavinətlərin ödənişinin maliyyələşdirilməsi üçün 21 milyon 820 min manat vəsait köçürülüb ki, bu da ödənilmiş pensiya məbləğinin 84,5 faizini təşkil edir. Ödənişin qalan 3 milyon128 min 900 manatı və ya 15,5 faizi yerli daxilolmalar hesabına reallaşdırılmışdır. 01 yanvar 2015-ci il tarixə ödənilməmiş pensiya qalmamışdır. 01 yanvar 2015-ci il tarixə uçot qeydiyyatında olan hüquqi şəxslər 597, fiziki şəxslər 2652, pay torpaq mülkiyyətçiləri 8773 nəfər təşkil etmişdir. 2014-cü il ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə proqnoz tapşırıq 94,9 faiz yerinə yetirilib, 4 milyon 204 min manat vəsait toplanıb.

Rayonda 2003-2014-cü illərdə 7172 yeni iş yeri açılmışdır ki, bunun da 1052-si daimi olmaqla 1112-si 2014-cü ilin payına düşür.

“Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar “Tədbirlər planı”nın icrası davam etdirilmişdir. 01 may 2014-cü il tarixdə keçirilmiş “Əmək yarmarkası”nda 84 idarə, müəssisə və təşkilat tərəfindən 214 vakant iş yeri təqdim olunmuş, 103 nəfər qeyri-məşğul vətəndaş işlə təmin edilib. Ümumilikdə 2014-cü il ərzində Rayon Məşğulluq Mərkəzində 432 nəfər iş axtaran vətəndaş rəsmi qeydiyyata alınıb, 361 nəfəri işlə təmin edilib. İşlə təmin olunanların 83 nəfərini qadınlar, 173 nəfərini gənclər, 21 nəfərini isə qaçqın və məcburi köçkün vətəndaşlar təşkil edir. Hesabat ilində 9 nəfərə işsizlik statusu verilib, 12 nəfər iş axtaran qeyri-məşğul şəxs ictimai işə, 13 nəfər Göyçay Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş “bərbər” peşə hazırlığı kursuna cəlb olunub. Həmçinin, il ərzində 12 nəfər ordudan tərxis edilən gənc, 21 nəfər qaçqın və məcburi köçkün, 3 nəfər cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxs işlə təmin edilib. Məşğulluq Mərkəzi tərəfindən 186 nəfər iş axtaran gəncə peşəyönümü məsləhətləri verilib.

Əhaliyə göstərilən kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariya hallarına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən iş görülmüş, xidmətlərin daha keyfiyyətli yerinə yetirilməsi üçün son illər kommunal təyinatlı xeyli texnika alınaraq rayona gətirilib. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bölgüsünə əsasən bir ədəd JAK markalı yük maşını və bir ədəd JAK markalı avtokran əvəzsiz olaraq kombinata verilib. Hesabat ilində müxtəlif ölçülü 106 ədəd zibil qutusu alınıb, şəhər ərazisinə və bəzi kəndlərə qoyulub. 2014-cü ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 509 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min manat çoxdur. 2014-cü ilin avqust ayından “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanıb. Layihəyə uyğun aparılmış profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi özünü göstərməkdədir. İnanırıq ki, sakinlərin köməyi, gənclərin qüvvəsi, layihələrin icrası ilə İsmayıllı respublikamızın ən təmiz və abad guşələrindən birinə çevriləcək.

Mənzil İstismar Sahəsi 978 mənzilə kommunal xidmətləri göstərib. Mənzillərin 848-i iki və daha çoxmərtəbəli 45 yaşayış binasında yerləşir. Xidmətdə olan mənzillərin 724-ü və ya 73 faizi tam özəlləşdirilmişdir. 254 mənzil isə qeyri-özəl olaraq qalmaqdadır. 2014-cü ildə Həsən bəy Zərdabi küçəsində yerləşən 16 mənzilli 1, 2, 4 saylı və 12 mənzilli 6 saylı, Heydər Əliyev prospektində 12 mənzilli 13 saylı yaşayış evlərinin dam örtükləri tamamilə dəyişdirilmiş, M.F.Axundov küçəsində yerləşən 3 mərtəbəli 16 mənzilli binanın fasad hissəsi və girişləri müasir üslubda təmir edilmiş, həmin küçədə yerləşən 34, 34 ”A” və 36 saylı üçmərtəbəli yaşayış evlərinin həyətləri abadlaşdırılıb.

“Azəristiliktəchizat” ASC-nin İsmayıllı İstilik Sistemləri Sahəsi tərəfindən bu il Heydər Əliyev prospektindəki 105 “A”, 111 və 113 saylı yaşayış binalarının isidilməsi üçün “Kaskad” tipli kombilər quraşdırılıb ki, bu da 88 mənzilin qızdırılmasına imkan yaradıb. Ümumilikdə, şəhərdə kommunal çoxmərtəbəli binalarda 235 mənzil istilik sistemi ilə təmin olunmuşdur.

Hesabat ilində əhaliyə nümunəvi ticarət xidmətinin səviyyəsi yüksəlmiş, pərakəndə əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 13 milyon 94 min manat və ya 12,5 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 1 milyon 333 min manat artaraq 20 milyon 740 min manat təşkil edib.

. Eyni zamanda rayonun simasını da müsbət istiqamətdə dəyişib. Yaşılıqların sahəsi hər il artğıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncı dövlət proqramının birinci ilində yaşıllaşma məqsədilə 19 min, o cümlədən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibətilə İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryəm magistral yolların kənarında, eləcə də bələdiyyələrin ərazilərində 9100 ədəd cökə, akasiya, xan çinarı, ağcaqayın ağacları əkilib, ətrafı tikanlı məftillərlə hasarlanıb. 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən hesabat dövründə təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 85 akt, 41 protokol və 11 icrası məcburi olan göstəriş verilib, ətraf mühitə atılan tullantılara görə 92 hüquqi və fiziki şəxsə 14100 manat ödəmə verilib və həmin məbləğ ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilib. Qanunsuz ov edənlərə qarşı 10 akt və 10 protokol tərtib edilərək, 10 min manat məbləğində cərimə tətbiq edilib və materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Ötən il ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40 ha sahədə meşə əkini və 20 ha sahədə meşə səpini işləri görülüb. Müəssisədə 340 ha sahədə isə təbii meşə bərpasına kömək tədbirləri həyata keçirilib. Müəssisənin tinglik sahəsində 2 ha sahədə toxum səpilib, eyni zamanda tinglik sahəsinin 0,5 ha ərazisində isə çiling kökləndirmə işləri aparılıb. Keçən ilin yaz mövsümündə tinglik sahəsindən 27400 ədəd müxtəlif ağac ting çıxarılaraq yeni meşə zolaqlarının salınıb, yaşayış məntəqələrinin və avtomobil yollarının ətraflarının yaşıllaşdırılmasına sərf edilib. 2014-cü il ərzində idarə tərəfindən meşədən özbaşına ağac kəsilməsi ilə əlaqədar 57 akt və protokol tərtib edilib, 4865 manat cərimə tətbiq olunub.

2014-cü il ərzində rayon ərazisində torpaq qanunvericiliyinin pozulmasının 7 halı aşkar edilib, tikinti işləri aparıldığına və mərz nişanlarının yerini dəyişdirdikləri üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 645 manat cərimə hesablanıb, bunun 630 manatı dövlət büdcəsinə ödənilib.

 

Tarix
12 May 2015 [19:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin