Ana səhifə
24 Oktyabr 2017

“Badminton mənim uşaqlıqdan bəri ən çox oynadığım oyundur”- Müsahibə

Eldar Qasımov: “Sponsorlara səslənirəm ki, kliplərə pul tökməkdənsə, badminton kortu tikdirməyə çalışsınlar”

 

 

 

Azərbaycanın bir sıra məşhur incəsənət nümayəndələri “Bakı 2015” İlk Avropa Oyunlarına ulduz səfir seçildirlər. Badminton idman növü üzrə isə Eldar Qasımov və Nigar Camal ulduz səfir seçiliblər.

Bildirək ki, badminton idman növü tennisə bənzər idman oyunudur və 1992-ci ildən Olimpiya idman növü hesab edilir. Budəfəki qonağım «Eurovision 2011» müsabiqəsinin qalibi, ulduz səfir Eldar Qasımovdur. Gənc müğənni badminton idman növündən, ulduz səfir kimi İlk Avropa Oyunlarına hazırlaşmasından və idmana olan marağından danışdı.

 

 

- Badminton idman növü üzrə “Eurovision” yarışmasınında tərəfmüqabiliniz Nigar Camalla ulduz səfir seçilmisiniz. Badminton idman növünə münasibətinizi bilmək istərdik?

- Bəli, badminton üzrə ulduz səfir seçilmək bizim üçün böyük şərəfdir. Sevinrəm ki, Azərbaycanımızda keçirləcək İlk Avropa Oyunlarında ölkəmizi ulduz səfir kimi təmsil edirik. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına dəstək kompaniyasında iştirak etmək həm çətin, həm də uğurlu işdir. İlk dəfə eşidəndə ki, badminton üzrə idman növündə ulduz səfir seçilmişik, buna çox sevindim və şad oldum. Onu da deyim çoxları badmintonu sadə kəpənək oyunu adlandırırlar və qeyd edirlər ki, bu idman növündə heç bir çətinlik yoxdur, hər şey əladır, uşaq oyunudur. Amma belə deyil. Ulduz səfir olduğumuz üçün Badminton Federasiyası ilə görüşlərdə olmuşuq. Bizə oyunların qaydaları və istiqaməti haqqında məlumat verib başa salıblar. Hər şey gördüyümüz və bildiyimiz qədər asan deyil. Badminton idman növünə çox gözəl münasibətim var və badminton mənim uşaqlıqdan bəri ən çox oynadığım oyundur. Uşaqllıq illərim ortada qaldı, gizlənpaç və badminton oyunları ilə keçib. İnanın ki, həyətdə dostlarımla həmişə bu oyunları oynayırdıq. Amma heyif ki, oyun ağacın hansısa budağında qalanda qurtarırdı. Badminton idman növü zənnimcə, stressi aradan götürür. Həqiqətən, bu oyunu oynayan insanlar ən azından bir neçə saatlıq rahat gün keçirməyə nail olurlar. Bir sözlə, insan bu oyunla sanki istirahət edir.

Bakı Slavyan Universitetində Badminton Federasiyası ilə görüşümüz olub. Sonra Nigar Camalla universitetin idman zalında badminton oynamışıq.

 

- İlk Avropa Oyunlarının başlanmasına 35 gün qaldı. Ulduz səfir kimi necə hazırlaşırsınız?

- Bir ulduz səfir kimi mərasim iştirakçıları üçün hazırlanan proqram çərçivəsində çox sayda insanı bu oyunlara cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin yazılmasında iştirak etmək mənim vəzifəmdir. Bu idman növü sahəsində təbliğat işləri görürük. Mətbuata mütəmadi olaraq açıqlamalar veririk. Şəxsən mən çalışıram ki, badminton Azərbaycanda daha geniş yayılsın, genişləndirilsin, daha çox insan bu idman növü ilə məşğul olsun. Başa düşürəm ki, hər bir insanın problemləri, çətinlikləri ola bilər. Amma bilin ki, badminton idman növü insanın xoşbəxt olmasına kömək edir və düşünürəm bu, badmintonun əsas rollarından biridir. Badmintonun daha da geniş təbliğ və təqdim edilməsini istəyirəm. Sponsorlara deyirəm ki, kliplərə pul tökməkdənsə, bir badminton kortu tikdirməyə çalışsınlar, öz loqolarını qursunlar, cüzi bir qiymətə girişhaqqı etsinlər. Uşaqlar, tələbələr, böyük insanlar işdən sonra özlərini daha rahat və sərbəst hiss etmək istəyənlər o korta gəlib badmintonla məşğul olsunlar. Bir-iki saat oynasınlar və sözün əsl mənasında həzz alsınlar. Bundan savayı badminton idman növüdür və bizi sağlamlığa aparır. Kim nə deyirsə desin... 

 

- Ulduz səfir seçildiyiniz idman növündən başqa digər yarışlara da gedəcəksinizmi?

- Əlbəttə ki, digər idman yarışlarına da gedəcəm. İlk Avropa Oyunları ərəfəsində, iyunun 12-dən 28-dək bir neçə günlük Bakıda olmayacam, amma badminton idman növündən başqa digər idman yarışlarına, xüsusilə üzgüçülük üzrə keçirilən yarışlara getməyə çalışacam. Həm idmançılarımıza dəstək olmaq istəyirəm, həm də yarışın necə keçirilməsi mənim üçün maraqlıdır. Hər halda, digər yarışlara gedə bilməsəm mütləq televiziya, internet vasitəsilə izləyəcəm. Bütün idmançılarımıza, təşkilatçılarımıza və ən əsası, könüllü kömək göstərən tələbələrimizə, gənclərimizə, bütün insanlara böyük müvəffəqiyyətlər, uğurlar arzu edirəm. Könüllülərsiz bu oyunu keçirmək çətin olardı.  Avropa Oyunlarında 30 min könüllü insan çıxış edir. Onlar çox bacarıqlı və işlərinin peşəkarı olan insanlardır. Necə ki, “Eurovision” mahnı müsabiqəsində hamıya kömək edərək öz fədakarlıqlarını göstərdilər, eyni ilə əməklərini Avropa Oyunlarında da göstərirlər. Bir neçə dəfə könüllülərimizlə görüşüb bu halı görmüşəm. Sözün yaxşı mənasında  onlar həqiqətən də işlərinin öhdəsindən peşəkarcasına gəlmək üçün canlarını verirlər və bu artıq bizim qələbəmizdir.

 

- Hansı idman növü ilə məşğul olursunuz və sevdiyiniz idman növü hansıdır?

- Uşaqlıq illərimdə daha çox üzgüçüklə məşğul olurdum və bu idman növü məndə digər idman növlərinə həvəs yaratdı. Bütün il boyu, xüsusilə yay aylarında üzgüçüklə məşğul olurdum. Amma heyif ki, peşəkar üzgüçüklə məşğul olmadım. Çünki vaxtla bağlı, məktəb, universtitet və eləcə də işlərim çox olurdu. Buna görə üzgüçülük idman növündə elə də peşəkar deyiləm. Amma hər halda dənizdə və hovuzda çox yaxşı üzə bilirəm. Dostlarımın çoxuna üzmək öyrətmişəm. Bununla fəxr edirəm. Hazırda iki ilə yaxındır ki, idmanla daha çox məşğul oluram və idmanı özümə daha yaxın bilirəm. Həftənin dörd günü idman zalında oluram İdman etmək sağlamlıq və rahat həyat üçün başqa bir aləmdir. İdmandan sonra özümü çox gümrah hiss edirəm. Elə bil ki, bütün gün qabaqdadır. İşlərimi daha yaxşı görürəm, beyin daha yaxşı işləyir. «Sağlam bədəndə sağlam ruh olur» misalı təsadüfən deyilməyib.

 

- Badminton idman növü üzrə idmançılarımızdan qələbə gözləyirsinizmi?

- Əlbəttə ki, yalnız badminton idmanı ilə məşğul olan  idmançılarımızdan deyil, bütün idamançılarımızdan qələbə, yüksək pillələr gözləyirəm. Azərbaycan ölkəmizdə və beynəlxalq idman yarışlarında çox yaxşı nəticələr göstərib. İstərdim ki, idmançılarımız İlk Avropa Oyunlarında da öz güclərini göstərsinlər. Mən artıq hiss edirəm ki, idman oyunları tarixə yazılan bir an olacaq. Çünki yüzilliklərdən sonra deyəcəklər ki, İlk Avropa Oyunları Azərbaycanda keçirildi. İdmançılarmızın bayrağımızı yenə də yüksəldəcəklərlərinə inaınıram. Onlar dünya ölkələrinə bildirəcəklər ki, idman ölkəmizin sənət, mədəniyyət sahəsi kimi ən əsas istiqamətlərindən biridir. Bütün idmançılarımıza qələbə, müvəffəqiyyət arzu edirəm.

 

- Eldar bəy, yaradıcılığınızda hansı yeniliklər var? Kiyevə gedəcəyiniz haqqında meneceriniz Ömər bəy məlumat verdi. Bu haqda məlumat vermənizi istərdik...

- Yaradıcılığımda çoxlu yeniliklərim və işlərim var. Bununla bağlı çoxlu planlar qurmuşuq və bu planlar üzərində işləyirik. Azərbaycan, rus və Ukrayna dilində, eləcə də Avropa dinləyiciləri üçün ingilis dilində mahnılar yazılır. Çox yaxın zamanlarda dinləyicilərimizə yeni mahnılarımızı təqdim edəcəyik. Bu günə qədər üzərində işlədiyimiz mahnıları təqdim edəcəyik. Yaxın günlərdə yaradıcılığımla bağlı Kiyevə gedəcəyik. Ukraynada musiqi sahəsində tanınan bir sıra prodüserlərlə sıx əlaqələrimiz və işbirliyimiz var. Bu birliyi daha da möhkəmləndirmək üçün biz Kiyevə yollanırıq ki, orada da öz işimiz davam edək.

 

- “Eurovision 2011”də qalib olmusunuz. Bəs, bu il Elnur Hüseynovdan qələbə gözləyirsinizmi? İkinci dəfə siz də ölkəmizi “Eurovision”da təmsil etmək istərdinizmi?

- Hər zaman “Eurovision”a qatılan ifaçılarımızın mahnılarını dinləyirəm. Elnurun “Hour of the Wolf” mahnısı çox xoşuma gəlir. Onu da deyim ki, “Eurovision 2015” də digər favoritim İslandiya, İsveç təmsilçiləridir. İnanıram ki, Elnur ilk sıralarda yer alacaq və ölkəmizi uğurla təmsil edəcək. “Eurovision”a qatılmağa gəlincə, bəzi iştirakçılar var ki, müsabiqədə birinici, ikinci yeri tuturlar, amma öz sözlərini deyə bilmirlər. Amma elə iştirakçı da olub ki, otra sıralarda qərarlaşsa da, sonradan məşhur olub. Elnur əvvəlki müsabiqədə səkkizinci yeri tutub.

İnanıram ki, bu mahnı ilə sözünü deməyi bacaracaq. İkinci dəfə isə yarışmaya qatılmaq istəməzdim. Çünki ən yüksək zirvəyə, birinci yerə layiq olmuşam.

 

 

 

Rəqsanə

Tarix
12 May 2015 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ