Ana səhifə
26 Fevral 2018

“Dəcəlliyim ilə müəllimlərimi çox incitmişəm”- MÜSAHİBƏ

İradə İbrahimova: “Sevincimi göz yaşlarımla ifadə edirdim”

 

 

 

Gözəl bir deyim var: “gözlər qəlbin aynasıdır”. Bu xanımın gözlərinə, üz cizgilərinə bir dəfə baxmaq yetərlidir ki, tanımasan belə, onun haqqında müəyyən təsəvvür formalaşdırasan. Söhbət haqqında sevə-sevə, ağızdolusu danışılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimovadan gedir. Tək mən yox, əksər jurnalistlər onu məsuliyyəti, işgüzarlığı, səmimi və mehriban davranışı ilə xarakterizə edir. Apardığım şəxsi müşahidələrimdən gəldiyim nəticələrdən biri də ondan ibarətdir ki, iqtidar, müxalifət və ya müstəqil mediya orqanlarının hamısı bir mənalı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin işini təqdirəlayiq hal hesab edir və digər dövlət qurumlarına həmişə nümunə çəkirlər. Bunu da heç bir mübaliğəyə yol vermədən Nazirliyin Mətbuat xidmətinin, xüsusən İradə xanımın operativ fəaliyyəti, mediya orqanları ilə fəal əməkdaşlığının məntiqi nəticəsi hesab etmək olar. Bü xüsusiyyətlərinin ali məktəblərimizdə yetişməkdə olan gənc nəsl jurnalistlərə nümunə ola biləcəyini nəzərə alaraq,  “Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikasında onun keçdiyi gənclik illərinə nəzər yetirməyə çalışdıq.

 

- İradə xanım tələbəlik illəriniz hansı illəri əhatə edib, hansı ali məktəbi, hansı fakültəni, hansı ixtisası başa vurmusunuz?

Tələbəlik illərim 1990-95-ci illəri əhatə edib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm, ixtisasca jurnalistəm.

 

 

- Bəs, tələbə qəbul olunmağınızı necə xatırlayırsınız?

- Əlbəttə tələbə adını qazanan hər kəs kimi mən də sevinirdim. Amma insan ən böyük arzusuna çatanda gözlənilən o reaksiyanı verə bilmir, sanki fərqinə varmır.  Tələbə adını aldığım gün təkcə mənim üçün yox, valideynlərim üçün də ən xoşbəxt günlərdən olub.

 

 

- Niyə məhz bu ixtisası seçmisiniz, bu ixtisas seçimində öz istəyiniz, valideynləriniz, yoxsa başqa kimlərsə rol oynayıb və yaxud nəyə görə qərar vermisiniz ki, mən məhz bu peşənin sahibi olmalıyam?

- Jurnalistikaya maraq məndə hələ uşaq vaxtlarından yaranıb. Yaxşı xatırlayıram, 7-ci sinifdə oxuyanda valideynlərimə bildirdim ki, jurnalist olacağam və fikrim qətidir. Onu da deyim ki, valideynlərim heç vaxt mənim ixtisas seçimimə müdaxilə etməyib. Bu həvəsi məndə jurnalist olan bibim oyatmışdı və ilk oxucum da o olub. Bu həvəslə də BDU-nun jurnalistika fakültəsinə daxil oldum. Onu da deyim ki, hər bir övladın uğur əldə etməsində valideynlərin rolu danılmazdır. Mənim də bütün uğurlarımda atamın rolu böyükdür.

 

 - Maraqlıdır, uşaqlıq vaxtı və orta məktəbdə oxuyarkən İradə xanımın peşə ilə bağlı arzuları nə olub?

- Uşaq vaxtdan təşkilati işlərə çox böyük həvəsim var idi. Məktəbdə keçirilən bütün tədbirlərdə təşkilati işlər mənə tapşırılırdı. Şagird komitəsinin sədri olmuşam. Düzü, çox dəcəl idim. Məktəbin əlaçısı olsam da, dəcəlliyim ilə müəllimlərimi çox incitmişəm. Bunu da etiraf edirəm.

 

- Ali məktəbə qəbul imtahanlarını və nəticəni öyrənərkən hansı hisslər keçirirdiniz?

- Qəbul imtahanları həyatımın ən həyəcanlı anları kimi yaddaşımda qalıb. O vaxt imtahanlar test üsulu ilə keçirilmirdi, şifahi imtahanı verəndə həmin andaca qiymətimizi bilirdik, yazılı imtahanın cavabı isə bir neçə günə bilinirdi. Hər şifahi imtahandan keçəndə, qiymət almağıma baxmayaraq bayıra çıxıb övladını həyəcanla gözləyən  valideynlərimi görəndə məni istər-istəməz ağlamaq tuturdu, sevincimi ancaq göz yaşı ilə ifadə edə bilirdim.

 

- Tələbə kimi ilk dərs gününüz və ilk semestr imtahanını necə xatırlayardınız?

- Əvvəllər heç qarşılaşmadığım bir mühitə düşmüşdüm, mənim üçün çox həyəcanlı və maraqlı idi. Tələbə yoldaşlarımı, adlarını eşitdiyim, ancaq üzlərini görmədiyim gələcək sevimli müəllimlərimi görməyə tələsirdim.

İlk imtahan qabağı çox həyəcanlı idim. Bəxtimdən birinci imtahanım çox sevdiyim müəllimim olan Nəsir İmanquliyevin imtahanı idi. Nəsir müəllim o qədər xoşrəftar, səmimi, xoş davranışlı insan idi ki, onunla ünsiyyətdə olanda adamın həyəcanı keçir, stressdən uzaqlaşırdı. Bəzi müəllimlərdə olan vahiməli baxış, quru sorğu-sual bu insandan uzaq idi. Bir də onu deyim ki Nəsir müəllim, Cahangir müəllim, Şirməmməd müəllim mənim ən sevimli müəllimlərim olub. Onlar tələbələrə təkcə bu peşənin nəzəriyyəsini yox, həm də peşəyə hörməti, məsuliyyəti, bu peşənin aliliyini öyrədir, jurnalist azadlığını aşılayırdılar.

 

 

- Tələbəlik zamanı yataxanada qalırdınız?

-  Xeyr. Öz evimizdə qalırdım.

 

- Tələbəlikdən ən yadda qalan xatirələr nə olub? Bu xatirələrdən bir neçəsini yada salmağınız oxucular üçün maraqlı olar.

- Tələbəlik illərim çox maraqlı keçib. Unudulmaz illərdir. Bu illərlə bağlı xatirələrin bir neçəsini yada salmağa çalışaram:

O vaxtki Jurnalistika fakültəsinin tələbələri Raifə xanımı yaxşı tanıyırlar. Onun  dərsləri qrafik üzrə bizə  birinci saatlara düşürdü. Ancaq bu bizim qızlar üçün bir növ faciə idi. Çünki Raifə xanım makyajı qətiyyən xoşlamırdı. Bu səbəbdən də evdən bəzəkli gələn qızlar məcburən makyajı təmizləməli və onun dərsindən sonra yenidən bəzənməli olurdu. Bunun necə ağrılı bir iş olduğunu bütün xanımlar yaxşı başa düşər.

Müəllimlərimizdən biri qrip xəstəliyindən çox ehtiyat edirdi, qrip tələbə görəndə mütləq onu sinif otağından çıxarırdı. Biz də dərsə hazır olmayanda müəllimimizin bu həssaslığından dəfələrlə istifadə edirdik. Bir dəfə də qrupumuzun yarıdan çoxu  dərsə hazırlıqsız gəlmişdi və bütün sinif burnuna istiot sürtüb başladı asqırmağa. Ancaq bu dəfə hiyləmiz baş tutmadı, müəllim bunun qurma olduğunu başa düşdü.

İlk semestr imtahanlarından birinə hazırlaşırdım. M.F.Axundov adına Respublika Mərkəzi Kitabxanasında bir neçə cildlik qalın Sov.İKP tarixini qabağıma qoyub acı-acı düşünməyə başladım. Fikir məni götürmüşdü, məktəbi yenicə qurtarmış bir məktəbli üçün qəliz dildə, uzun-uzadı yazılmış bu tarixi mən necə öyrənəcəm? Görəsən imtahanı verə biləcəmmi? Öz-özümə bu sualları verə-verə başladım ağlamağa. Sonralar mənə istirahət qədər rahat və maraqlı gələn kitabxana həyatım belə başlamış oldu. 

 

- Ali məktəbi bitirəndən sonra tələbə yoldaşlarınızla toplu şəkildə heç bir araya gəlmisiniz, “Məzun günü” qeyd etmisiniz?

- Təəssüflər olsun ki yox.

 

- Sıx dostluq münasibətində olduğunuz və hazırda görüşdüyünüz tələbə yoldaşlarınız necə, elələri var?

- Bəli var. Tələbəlik illəri unudulmaz illərdir və  əsl dostluqların təməli də elə bu illərdə qoyulur. Tez-tez görüşməsək də bir neçə tələbə yoldaşım var ki, bir-birimizlə  ünsiyyəti və əlaqəni heç vaxt kəsmirik, lazım olan məqamda, mühüm günlərdə mütləq bir-birimizin yanında oluruq.

 

- Asudə vaxtlarınızı necə keçirirdiniz, tələbəlikdə oxumaqdan başqa hansı məşğuliyyətləriniz olub?

- Teatr və kinoya getməyi xoşlayırdım. Boş vaxtlarımızda rəfiqələrimlə bir-birimizə qonaq gedir, ailələri ilə tanış olurduq.

 

- Hansı nəsli danışdıranda onların giley-güzarı belə olur ki, “bizim vaxtımızda tələbəlik belə olmayıb, daha yaxşı olub” deməklə, özündən sonrakı nəsilləri bir növ bəyənmirlər və fikirlərini konkret səbəblərlə əsaslandırmağa çalışırlar. Siz öz tələbəlik illərinizlə indikilər arasında hansı üstün və geridə qalan fərqləri görürsünüz?

- Hər zamanın öz tələbi var. Deməzdim ki bizim vaxtda yaxşı olub, indi pisdir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Bir də ki tələbəlik illərinin maraqlı keçməsi insanı əhatə edən mühitdən, onun çevrəsindən asılıdır.

İndiki tələbələrin üstün cəhəti ondadır ki, onlar informasiya bolluğunda yaşayırlar. Lazımi məlumatları asan əldə edə bilirlər, internet, kommunikasiya vasitələrinin olmaması bizi o dövrdə çox çətinə salırdı, məlumat obyektimiz ancaq kitablar və müəllimlər indi. İndiki tələbələrin bəxti bu sarıdan gətirib.

O dövrün müsbət cəhətini isə onda görürəm ki, daha çox mütaliə edirdik və bunun  sayəsində də referatlar, diplom işləri indikindən fərqli olaraq bir-birinin eynisi olan  internet məlumatları deyildi, hər kəsin fərdi yanaşması, mülahizələri öz əksini tapırdı, yəni orijinallıq hiss olunurdu.

 

 

 

Əfsun

Tarix
10 May 2015 [22:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ