Ana səhifə
17 Oktyabr 2017

«Mən geoloq olmağı düşünməmişdim»- MÜSAHİBƏ

Orxan Abbasov: «İstehsal və istehlak sahələrinin dinamik inkişafı enerji resurslarına olan davamlı və artan tələbatı daha sürətləndirir»

 

 

 

Azərbaycan zəngin təbii ehtiyatlara malikdir. Ölkəmiz uzun illərdir neft və qaz sahəsində böyük uğurlar əldə edə bilib. Amma bu gün Azərbaycanın inkişafına əsas stimul verən bu təbii sərvətlərin çıxarılması heç də asan başa gəlmir. Bu təbii sərvətlərin  tapılmasında geoloqlarımızın da rolu az olmayıb. Həmişə post Sovet məkanında bir sıra neft yataqlarının aşkarlanması və istismarında geoloqlarımızın böyük zəhməti haqqında bəhs olunur. Elə indi də həmin məktəb yaşayır. Bu dəfəki müsahibimiz də Geologiya-mineralogiya üzrə fəlsəfə dokturu Orxan Abbasovdur.

Orxan Abbasov 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) bakalavr, 2004-cü ildə isə magistr pillələrini "Neftçi geolog" ixtisası üzrə fərqlənmə ilə bitirib. Elə həmin ildə AMEA Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunun "Palçıq vulkanizmi" şöbəsində aspiranturaya daxil olub. 2008-ci ildə isə "Qobustanın Paleogen-Miosen çöküntülərində yanar şistlərin paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə edərək, əmək fəaliyyətimə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin müvafiq strukturunda elmi işlər üzrə direktor müavini kimi başlayıb. Daha sonra 2011-ci ilə qədər fəaliyyətini Geologiya İnstitutunda böyük elmi işçi-tərcüməçi (müqavilə əsasında) kimi davam etdirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışırır. Artıq üç ildən çoxdur ki, o həm də İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi Akademiyanın ictimai fəaliyyətində yaxından iştirak edir.

 

- Orxan müəllim, geoloq olmaq arzusu sizdə nə zaman yaranıb?

Azərbaycanda karbohidrogen ehtiyatlarının zənginliyi, onların istismarı ilə əlaqədar neft sənayesinin mövcud iki əsrlik tarixi, ölkənin bugünkü inkişafında bu resursların rolu və dünyada enerji siyasətinin hazırkı  mənzərəsi, zənnimcə təhsil aldığım ixtisasın və davam etdirdiyim elmi tədqiqatların aktuallıq dərəcəsini tam göstərir. Etiraf edim ki, mən ali məktəbə daxil olmağı hədəfləyərkən geoloq olmağı düşünməmişdim. Düzdür, o vaxtlar Bakının girəcəyində (Bibiheybət buxtasında) neft buruqlarını görəndə neftçi olmağımı arzu edirdim. Amma geolog haqqında təsəvvürlərim tam başqa idi. Lakin Allahın təqdirilə mən ADNA-nın "Geoloji-kəşfiyyat" fakültəsinə daxil oldum. Ali təhsil aldıqca, əslində neft sənayesinin inkişafında geologiya elminin rolunu özüm üçün aydınlaşdırmağa başladım. Onu da vurğulayım ki, bu elmi sahə çox mürəkkəb sahədir.

 

- Tədqiqat apardığınız elmi sahədəki yeniliklərin Azərbaycan elminin inkişafına nə kimi təsir imkanları var?

- Bu gün dünyada olduğu kimi Azərbaycanda da geologiya elminin ümdə hədəfləri daha böyük dərinliklərdə karbohidrogen ehtiyatlarının axtarılması ilə yanaşı, alternativ yanacaq-enerji mənbələrinin geoloji və tətbiqi perspektivliklərinin aşkar olunmasıdır. Elə apardığım elmi tədqiqatların mahiyyətində də qeyd etdiyim hədəflər durur. Geologiya İnstitutuna aspirant kimi daxil olanda mənə yanar şistlərin tədqiqinə dair mövzu verdilər. Halbuki, ixtisasımla bağlı olan dərsliklərdə şistlərə aid yarım başlıq məlumat verilib. Ümumlikdə, o vaxt bu mövzu ilə əlaqədar bir neçə məqalə tapmaq olardı, ya olmazdı. Bunun da səbəbi zəngin neft-qaz ehtiyatları və böyük neft sənayesi ənənəsinə malik olmağımız idi. Lakin Azərbaycanda digər növ alternativ yanacaq-enerji resusrsları kimi yanar şistlər, təbii bitumlar, qazhidratlar özünəməxsus inkişaf tapıb. Bunların içində yanar şistlər xüsusi fərqlənir. Yanar şistlər -  energetikada, qazlaşdırmada, maye yanacaq almada, yandırma yolu ilə istilik elektrik stansiyalarında, neft-kimya məhsullarının əldə olunmasında (benzin, sürtkü yağları, benzol, fenollar, naftalin və s.), Cu, Zn, V, Cr, Mn, Co və s. mikro¬ele¬mentlərin, tibbi preparatların - ixtiol, naşatır spirtinin, həmçinin yandırıldıqdan sonra onların külündən kənd təsərrüfatında mineral gübrə kimi, tikinti sənayesində isə sement istehsalında, kərpic və istilik keçirməyən plitələrin, kasmetoloji məmulatların və s. hazırlanmasında istifadə olunur. Dissertasiya mövzum Qobustan yanar şistlərinə həsr olunsa da indiyədək apardığım tədqiqatlara respublikanın Qusar-Dəvəçi, Quba-Xəzəryanı, Vəndam-Lahıc, Abşeron və digər regionlarda inkişaf tapmiş şistləri də daxildir. Məlumat üçün qeyd edim ki, ölkədə 80-ə yaxın yanar şist  yataq və təzahürləri müəyyənləşdirilib. Yanar şistlərin tədqiqindən alınan elmi nəticələrə görə bəzi elmi yeniliklər alınıb. Belə ki, yanar şist təzahürləri və yataqlarının əmələgəlmə şəraitləri, intişar tapdığı regionun geoloji, tektonik-litofasial xüsusiyyətləri, geo¬kimyəvi səciyyəsi ətraflı araşdırılıb, yanma və piroliz prosesləri təhlil edilib, şistlərin üzvi maddə ilə zənginliyi (orta hesabla 30 faiz) öyrənilib. Azərbaycanın yanar şistlərinin əsas geokimyəvi göstəriciləri 16 ölkənin şistləri ilə eyni geokimyəvi parametrlər üzrə müqayisə edilib. Nəticə kimi qeyd etmək olar ki, respublikamızın ərazisində mövcud olan Quba, Diyallı, Böyük və Kiçik Siyəki, Cəngiçay, Cəngidağ və Keçəllər kimi yataqların yanar şistləri yüxarıda adları çəkilən ölkələrdən yalnız Estoniya və Avstraliyanın (Sidney yatağı) şistlərindən keyfiyətcə cüzi geri qalır. İndiyədək yanar şistlərin tədqiqinə dair müəyyən elmi nəticələr əldə olunsada onların ölkə üzrə istifadə olunması öz həllini tapmayıb. Ümumiyyətlə, neft və qaz tükənən enerji resurslarındandır. İstehsal və istehlak sahələrinin dinamik inkişafı enerji resusrlarına olan davamlı və artan tələbatı daha sürətləndirir. Dünya ölkələri bu məsələdə alternativ enerji resusrlarının imkanlarından məharətlə istifadə edir. Lakin Azərbaycanda hələ ki, neft sənayesi dominantlıq edir. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə ölkəmiz unikal xüsusiyyətli yanar şistlərin istismarına diqqət yetirəcəkdir.

 

- Azərbaycan həm də palçıq vulkanlarla zəngindir.

- Azərbaycan həm də palçıq vulkanlarının dünya üzrə ən çox inkişaf tapdığı unikal ölkələrdəndir. İndiyədək yanar şistlər palçıq vulkanlarının intişar etdiyi neftli-qazlı rayonlar da daxil olmaqla həm yerüstü çıxışlar və həm də 200 m dərinlik (qazıma yolu ilə) üzrə tədqiq olunub. Lakin palçıq vulkanların yer səthinə çıxartdığı süxurlar 6-8 km dərinlikdən gətirilir və həmin tullantılar arasında üzvi maddələrlə zəngin, Paleogen-Miosen yaşlı yanar şistlər müəyyənləşdirilib. Belə süxurların ilkin laboratoriya analizləri gələcəkdə həmin palçıq vulkanlarının yerləşdikləri əraziləri daha dərin çöküntülərdə (paleogen-miosen) karbohidrogen yataqlarının axtarılması nöqteyi nəzərindən tədqiqini şərtləndirir. Qeyd olunan vacib amillər gələcəkdə ölkənin yanar şist ehtiyatının yenidən qiymətləndirilməsi və Azərbaycan (əsasən Qobustan rayonunda) üçün qeyri-ənənəvi sayılan “şist qazı”nın tədqiqi məsələsini aktuallaşdırır. Bu yeni elmi problematik məsələni xüsusi diqqətdə saxlayırıq. Bundan başqa, tədqiqat obyektimə digər növ alternativ everji mənbəyi – təbii bitumların yanar şistlər kimi öyrənilməsi də daxildir. Yanar şist və təbbi bitumların 120-yə yaxın təzahür və yataqlarının müxtəlif istiqamətlərdə tədqiqi tərəfimizidən davam etdirilir. Azərbaycanın Milli Atlasında nəşr olunan “Azərbaycanın təbii bitum və yanar şistləri” xəritəsi də ilk dəfə tərəfimizdən tərtib olunub. Yuxarıda qeyd etdiyim elmi məsələlər müsair dünya geologiyasının əsas tədqiqat istiqamətlərini əhatə edir. Enerji resurslarının idxalçısı kimi Azərbaycanda bu yöndə aparılan tədqiqatlar təkcə ölkə üçün deyil, beynəlxalq səviyyədə xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. 

 

- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı oxşar tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- Bəzi xarici ölkələrdə yanar şist, təbii bitumların öyrənilməsi və tətbiqilə üzun müddətdir məşğul olunur. Təkcə ABŞ-da şist sənayesinin əsrlik tarixi var. Polşa və Ukrayna şist qazının alınması istiqamətində xeyli irəliləyib. Azərbaycanda isə yanar şistlərin öyrənilməsi istiqamətində daha əvvəl aparılan işlərdə nə vahid bir strategiya, nə də sistem olmayıb. Yalnız ayrı-ayrı müəlliflərin fərdi tədqiqatları səviyyəsində təşəbbüslər göstərilib. Təsəvvür edin ki, ərsəyə gətirdiyim dissertasiya, yanar şistlərin geologiyasına dair ilk elmi işdir. Belə olduqda, fundamental elmi müqayisələrdən söhbət gedə bilməz. Əlbəttə, aparılan son tədqatlar xarici ölkələrin elmi yanaşmalarına istinadan yerinə yetirilib. Düşünürəm ki, bu məsələ dövlət programı səviyyəsində həll olunmalıdır. İndiyədək əldə olunan elmi nəticələrin tətbiqi xüsusiyyətləri nəzərə alınmalıdır. Neft və qaz ehtiyatlarına qənaət etmək məqsədilə yanar şist ehtiyatlarından istifadədə Estoniya modelindən yaralanmaq məqsədəuyğun olardı. Şist ehtiyatlarımız və onların öyrənilmiş geokimyəvi xüsusiyyətləri buna tam imkan verir. Eyni fikirləri təbii bitumlar üçün də demək olar. Təkcə Abşeron yarımadasının Qırməki yatağında min tonlarla bitumlu qum – ağır neft ehtiyatları vardır. Bundan başqa, qədim neft yataqları ərazilərində böyük ehtiyata malik neftli torpaq sahələri güclü neft fontanı zamanı yatağın yerləşdiyi ərazilərdə yaranıb. Balaxanı, Binəqədi, Lökbatan və digər mədənlərdə indiyə qədər neftlə çirklənən torpaqları müşahidə etmək olar. Bəzi yerlərdə neftli torpağın qalınlığı 1 metrə çatır. Hesablamalar göstərir ki, 10 mədən sahəsində həmin torpaqlar emal olunarsa, 60 milyon tondan çox neft alına bilər. Ekoloji baxımdan da bu emal əhəmiyyətlidir. Torpaqlar neftdən təmizlənir və rekultivasiya olunur. Belə bir təcrübə Kanadada mövcuddur. Bitumlu qumlardan alınan asfalt yol örtüyü üçün istifadə edilə bilər. Bundan başqa, bitumlar müxtəlif neft məhsullarının – benzin, liqroin, sürtgü yağları və s. üçün xammaldır. Palçıq vulkanları istiqamətində aparılan tədqatalara gəldikdə isə fəxrlə deyə bilərik ki, Azərbaycan alimlərinin daha əvvəl söylədikləri fikirlər hələ indi xarici alimlər tərəfindən təsdiqlənir. Bu elmimizin nailiyyətidir. Biz şöbəmizdə, həm də “Dünya palçıq vulkanları” atlasını  üç dildə hazırlayırıq. Bu yaxınlarda İtaliyada nəşr olunacaq əsərin hazırlanmasına beş il vaxt sərf olunub. Böyük həcmdə materiallar təhlil olunub. Əsər dünya geologiyasında nadir elmi-tədqiqat işidir.

 

 

 

Xalid

Tarix
10 May 2015 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ