"Ata, bitirdin məni, xəbərin olsun"

23:35 - 1 Aprel 2023 - Cəmiyyət

Bu gün Xalq artisti Ramiz Noruzun vəfatından 40 gün keçir. 

Ucnoqta.az xəbər verir ki, övladları aktyor Cavidan Noruz və stilist Şəfəq Novruzova mərhumla bağlı paylaşım edib.

"Ata, 40 gün idi sadəcə susdum. Elə bilirsən ki, bu susqunluğun altında mən dinc idim? Gecələri rahat yatırdım? İndi mən kimə hər hansısa uğurlarımı göstərib, ən düzgün məsləhəti alacağam? Kim mənimlə təmənnasız, səmimi qürur duyacaq? Kimə hər hansısa şikayətimi edəcəyəm? Teatrdakı otağımıza necə girim? Sənin orada qəhvə fincanın, dəsmalların, məşq geyimlərin, ayaqqabıların, əşyaların... Bilirsən, məni necə çətin durumda buraxdın əslində? Ata, bitirdin məni, xəbərin olsun. 1 apreldir, bəlkə deyəcəksən zarafat idi... Nə edim indi? Sənə sualım budur. Səninləyəm mən, ata.

Hə, bir də onu deyim, əlim aşağıdır, yenə mənə bu ay kömək edə bilərsən? Həmişəki kimi maaşda qaytaracağam, götürməsən də. Bilmirəm nə danışıram, amma bir onu bilirəm ki, içim yanır, ata. 20 yaş mən böyüdüm səndən sonra", - Cavidan paylaşımında yazıb. 

Ş.Novruz isə paylaşımına "Ramiz müəllim, sənə elə gəlmir ki, budəfəki rolun həmişəkindən təbii və inandırıcı oldu? 40 gün oldu, deyəsən, budəfəki serial çox uzun oldu. O tabutdakı doğrudan sizsiniz? Aprelin 1-i 40 gün tamam olur, bəlkə zarafat edirsən? Aldatdı günüdür. Eşitdiyimə görə, bu gün tam ayrılırıq", sözlərini qeyd edib. ///olke.az

Xəbər xətti