Ana səhifə
22 Fevral 2018

«Bakıda modellərə dəyər vermirlər»- MÜSAHİBƏ

Günel Şirəliyeva: «Bəzi insanlar modelliyin adından öz adlarını qaldırmaq üçün istifadə edirlər»

 

 

 

Bu dəfəki müsahibimiz Azərbaycanı Türkiyənin İzmir şəhərində “Miss Excluve of the World 2015”də təmsil edən 18 yaşlı model Günel Şirəliyevadır. Müsabiqə və model kariyerasına başlamasından danışan Günel Şirəliyeva “Miss Excluve of the World 2015”də Azərbaycanı uğurla təmsil etməyə çalışdığını və qalibiyyət gətiməyə can atdığını deyir.

 

- Siz Azərbaycanı “Miss Excluve of the World 2015”də təmsil edəcəksiniz. Azərbaycana qalibiyyət gətirəcəyinizi gözləyirsinizmi?

- Bəli, qalibiyyət gətirməyə çalışacam. Amma əvvəllcədən bu haqda danışmaq çətindir. Çünki “Miss Excluve of the World 2015”də iştirak edəcək modelləri görməmişəm. Amma özümə güvənirəm. Ən əsası, Bakını mən təmsil edəcəyəmsə və məni seçiblərsə, özümə güvənirəm və qalibiyyət əldə edəcəyimə inanıram. Amma insanda şans da olmalıdır.

 

- Bu müsabiqəyə seçilməyiniz necə oldu?

- Təşkilatçı Aqil Məmiyev mənimlə birlikdə bir neçə qızın şəkillərini Türkiyəyə göndərdi. Sonra Aqil mənə dedi ki, Günel, səni seçiblər. Mən birinci inanmadım. Təbii ki, Azərbaycanı təmsil etmək mənim üçün çox xoşdur.

 

- Müsabiqəyə necə hazırlaşırsınız?

- Müsabiqə üçün iyulun 25-də İzmir şəhərinə gedəcəm və orada hazırlaşacam. Burada müsabiqə üçün fotesessiya, videorolik hazıralayacağıq.

 

- Model kimi fəaliyyətə nə vaxt başlamısınız?

- 2012-ci ildən fəaliyyətə başlamışam. Uşaqlıq illərimdən bu sahəyə marağım vardı. Amma inanmırdım ki, Azərbaycanda bu sahənin məktəbi olsun. Bir dəfə maqazin jurnalında model agentliyi haqqında elan gördüm və zəng etdib maraqlandım, agentliyi tapdım. Professional model olmaq üçün model dərslərini bitirdim.

 

- Hansı universiteti bitirmisiniz?

- İki il əvvəl “Hight live Fashion Model Academy” məktəbini bitirdim. Sonra fəaliyyət göstərməyə başladım. Eləcə də Türkiyənin “Family Ajans”da maniken işləyirəm.

 

- Kariyeranızı Türkiyədə davam etdirmək fikiriniz varmı?

 -  Türkiyədə “Family Ajans”dan bildirmişdilər ki, burada təhsil alın. Orada olarkən “Beni böyle sev” serialına dəvət almışdım. Amma Türkiyədə yaşamaq icazəm olmadığına görə mümkün olmadı. Serialda universitet tələbəsini oynamalı idim. Dedim ki,kiçik rol verməyin, çünki Azərbaycanda çox işlər görmüşəm. Qeyd etdilər ki, o zaman sizə uyğun böyük bir rol verərik. Amma vaxtım tamam olduğuna görə Bakıya qayıtdım. Sonra zəng edib bildirdilər ki, Türkiyəyə gəlin, serialın yeni çəkilişləri başlayır. Bildirdim ki, gələ bilmirəm.

 

- Sizin üçün modelliyin maraqlı tərəfləri nələrdir?

- Yorucu sənət deyil. Bu sahə ilə iş kimi yox, hobbi kimi məşğul oluram. Çünki bu işdə əsas məqsədim pul qazanmaq deyil, sevdiyim üçün bu işdə çalışıram. Gözəl reklamlara çəkilmək, insanların sevimlisi olmaq yaxşı haldır. Bilmirəm, bunu qazanmışam ya yox, amma gələcəkdə bunu qazanmğın özü böyük bir sevincdir.

 

- Azərbaycanda model sahəsi insanlar tərəfindən bir o qədər də yaxşı qəbul edilmir. Bu fikir sizin yaradıcılığınıza təsir edirmi?

- Yox. Ona görə elə düşünürlər ki, bəzi insanlar modelliyin adından, öz adlarını qaldırmaq üçün istifadə edirlər. Halbuki, modelliklə bağlı heç nə bilmirlər, sadəcə adından istifadə edirlər. Beliklə, modelliklə peşəkar məşğul olan modellərin də adını batırırlar. İnsanlar başa düşür, mən nə demək istəyirəm.

 

- Gözəl xanımsınız, evlənmək üçün təkliflər olurmu? Nə vaxt evlənməyi düşünürsünüz?

- 18 yaşım var və bu yaşıma qədər üç-dörd dəfə evlilik təklifi almışam. Amma evlənməyi düşünmürəm. Qızların tez evlənməsinə qarşıyam. İnsan həyatı dərk etdikdən sonra ailə qurmalıdır, çünki evlilik oyuncaq deyil. Bu, bir yükdür və onu daşımaq üçün məsuliyyətli olmaq lazımdır. İnsan özünü ailə qurmağa hazır hiss etdikdən sonra evlənmək daha yaxşıdır. Eləcə də, sevdiyin insanla ailə qurmaq daha düzgündür

 

- Hazırda həyatınızda sevdiyiniz insan var?

- Yoxdur.

 

- Model kimi kariyeranızı davam etdirmək üçün sizə valideynləriniz dəstək olurmu?

- Demək olar ki, mənim modelliyə gəlməyimi valideynlərim məcbur ediblər və hər zaman dəstək olurlar. Bəzi valideynlər var ki, övladlarının seçiminə anlayışsız yanaşırlar və bu, düzgün deyil. İnsan öz övladına ilk növbədə güvənməlidir və valdeynlərim də mənə güvənirlər. Mən çox xoşbəxtəm ki, belə anlayışlı valideynlərim var. Hər zaman mənə dəstəkdirlər.

 

- Valideynləriniz hansı sahədə çalışır?

- Anam müəllimə, atam isə mühəndisdir.

 

- Ailədə neçə övladsınız?

- İki bacıyıq. Bacım ingilis dilindən tərcüməçi işləyir.

 

- Bəs, siz xarici dilləri bilirsinizmi?

- Rus dilini bilirəm, ingilis dilində başa düşürəm. Vaxt tapan kimi fransız dilini öyrənmək istəyirəm. Dil bilmək pis deyil.

 

- Yəqin ki, dünyada tanınmış modelləri izləyirsiniz. Kumiriniz varmı?

- Dünyada öz sözünü demiş modellər var. Amma hazırda bəyəndiyim bir  model Kara Delevindir. Çox gözəl və özünəməxsus modeldir. Xarici görünüşü heç bir modelə oxşamır, qeyri-adidir.

 

- Azərbaycanda model sahəsi bir o qədər də inkişaf etməyib. Bir model olaraq bu sahədə nələr etməyə çalışırsınız?

- Bu sahənin inkişaf etməməsinin günahı modeldə deyil, şirkətlərdədir. Çünki məşhur şirkətlər modelə pul ayırmırlar. Məsələn, təşkilatçı deyir ki, sizin modellər paltarları reklam etsin, dəfilə təşkil edək. Siz sadəcə modellərə paltarlarınızı reklam etmək üçün qonarar verməlisiniz. Bunlar razılaşır, amma bir şərtlə razılaşır ki, mənim paltarlarımı geyinsinlər, reklam etsinlər, amma pul verməyəcəm. Təbii ki, bunu da bəzi modellər qəbul edir, bəziləri isə qəbul etmir. Bütün bunlar firmalardan asılıdır. Firmalar modelin əziyyətinə qiymət verməlidirlər. Ən azından, xaricdə modelin qazancı bir ailənin gəlirindən daha çoxdur və orada modelə dəyər verirlər. Mən düşünürəm ki, niyə Azərbaycanda da belə olmasın?

 

- Bir model kimi Azərbaycanda bu sahənin inkişaf etməsində xidmətiniz olacaqmı?

- Düşünürəm ki, 5-10 il əvvəl bu sənət sıfır vəziyyətində idi və sıfırıdan başlamaq çətin olur. Təbii ki, gələcəkdə hər şey düzələcək, buna inanıram. Amma bu aralarda model sahəsində heç bir inkişaf görmürəm. Bunun da günahı heç bir modeldə deyil. Mənə gəlincə isə düşünürəm ki, nəsə əldə edə bilərəm, amma Bakıda yox, xarici ölkələrdə. Məsələn, Türkiyədə. Çünki orada bir çox azərbaycanlı modellər fəaliyyətlərini inkişaf etdirirlər, həm də modellərə daha çox dəyər verirlər. Bakıda modellərə dəyər vermirlər və bu zaman işə hörmət də olmur.

 

- Model hər zaman formada olmalıdır. Buna görə nə vaxtsa çəki problemi yaşayırsınızmı?

- Heç vaxt pəhriz saxlamamışam, çünki heç vaxt da kök olmamışam. Ümumiyyətlə, kökələ bilmirəm. 6 ay fitneslə məşğul olmuşam, amma hazırda işlərimə görə dayandırmışam. Yeməyimə diqqət yetirmirəm və nə yesəm də kökəlmirəm. İndiyə qədər belə bir hal olmayıb ki, filan yeməyi yedim kökəldim və sabahdan yeməyəcəm. Ona görə də ürəyim istədiyini yeyirəm. 

 

- Necə oldu ki, model kimi fəaliyyət göstərmək qərarına gəldiniz?

- Uşaqlıqdan arzum idi. 2012-ci ildə bu işə başlayanda indiki kimi modellər çox deyildi. O zaman hamının fikir başqa sahəyə idi və Azərbaycanda tanınmış çox az model vardı. Mən də yeni başlamışdım. Amma indi bu sahə inkişaf etməyə başlayıb və bir çox çox modellər gəlir. Düşünürəm ki, model kimi uğur qazana biləcəm. Hələ 18 yaşım var. Model 30 yaşına qədər uğur qazana bilər. Bu illər ərzində model kimi nəsə edəcəyimə inanıram. Çünki bu sahədə fəaliyyətimi davam etdirirəm, ailəm dəstəkdir. Bu da mənə böyük şansdır.

 

 

- Bir çox modellər tanınıdıqdan sonra aktrisa kimi fəaliyyət göstərməyə başlayıralar. Sizin necə, qarşıda belə bir planınız varmı?

- Mən aktrisa kimi “Durnalar qayıdanda” adlı qısametrajlı bir serialda çəkilmişəm və rus qızı obrazını canlandırmışam. Reklamlarda da çəkilmək aktrisalıq tələb edir. Klip çəkilşləri olub, müğənni Sevinc Musayevanının kllipində çəkilmişəm. İnşallah, düşünürəm ki, filmlərə və serillara aktrisa kimi çəkilim. Çünki model  həm də aktrisa olmalı və hər iki sahəni də bacarmalıdır.

 

- Hər hansı bir akrisalıq kursunu bitirmək kimi fikriniz varmı?

- Türkiyədə aktyorluq kursuna dəvət etdilər, amma gedə bilmədim. Çünki Bakıda işlərim vardı. Onu da əlavə edim ki, Türkiyəyə rəfqəmlə gəzmək üçün getmişdik, amma getməmişdən əvvəl “Family Ajans”a getməyi planlaşdırmışdıq. Oraygetdik və türk dilində yaxşı danışdığm üçün dərs keçməyi məsləhət gördülər, amma alınmadı. Yenidən Türkiyəyə getməyi düşünürəm. Çünki “Family Ajans” şirkəti ilə müqaviləm var və kartı məndə qalır. 

 

- Geyim üçün öz zövqünüzə güvənirsiniz, yoxsa stilstlə çalışırsınız?

- Öz zövqümlə geyinirəm. Amma fotesessiya üçün Pərvanə Məmmədova və Sabirlə çalışmışam. Hər ikisi həqiqətən çox yaxşı vizajist, stilistdir. Hazırda daha çox marka geyinirəm, amma təbii ki, insan uşaq olanda valideynləri nə verirsə onu geyinir. Hər bir gənc qız kimi mən də fərqli görünmək istəyirəm və ona görə də marka geyinməyə çalşıram. Amma marka düşkünü deyiləm.

 

 

 

Rəqsanə

Tarix
9 May 2015 [15:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ