Ana səhifə
21 Oktyabr 2018

“Jurnalist olmaq öz istəyim idi”- Müsahibə

Nüşabə Məmmədova: “Diplom rəhbərim dedi ki, sən indi özünü Eynşteyn hesab edirsən”

 

 

 

Nüşabə xanımı Gəncə və ətraf regionda tanımayan yoxdur. O yazıçı-jurnalist kimi qələmə aldığı saysız-hesabsız publisistik yazıları ilə geniş oxucu kütləsinin rəğbətini qazansa da, adını ilk öncə qədim Gəncənin adının özünə qaytarılmasının ilk təşəbbüskarı kimi Azərbaycanın şərəfli tarixinə yazdıra bilib. Təsəvvür edin, 1989-cu ilin 30 dekabrında qəbul edilən qərar şəhərə öz tarixi adını yenidən qaytarıb. Ancaq Gəncənin adınin qaytarilmasının ən fəal təəssübkeşlərindən biri olan yazıçı-jurnalist Nüşabə Məmmədova hələ bu məsələni 13 fevral 1987-ci il tarixində Azərbaycan Yazıçılar İttifaqının 7-ci Qurultayında qaldırıb.

 

Cəsarətli qadın

 

Arxiv sənədlərində rast gəldiyim məqamı olduğu kimi qeyd etmək istəyirəm: “Gəncədən gələn Nüşabə Məmmədova adlı bir xanım dedi ki, gəncəlilər adından jurnalistlər qurultayına təklif edirəm, Kirovabad adı götürülsün, Gəncəmizin adı özünə qayıtsın. Bunu deyəndə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov yerindən dik atıldı, sinirli onun sözünü kəsdi ki, belə şey ola bilməz”. Buna görə Nüşabə xanıma xalq düşməni deyənlər də tapılıb. Amma haqsız təqiblər onu öz yolundan döndərə bilmir. Daha sonra Gəncənin adının yenidən qaytarılması üçün 100 minə yaxın gəncəlinin imzasını toplayıb, aidiyyəti ünvanlara göndərir və nəhayət 1989-cu il dekabrın 30-da Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə Kirovabad şəhərinin adı Gəncə adına dəyişdirilir». Şəxsən mən Nüşabə xanımı ilk dəfə bu cəsarətli addımına görə qiyabi olaraq tanıdım və sevdim. Ancaq xoşbəxtlikdən Gəncədə oxuduğum illərdə onun rəhbərliyi altında ərsəyə gələn qərb regionunun ilk müstəqil qəzeti olan “Gəncəbasar”da müxbir kimi çalışdım və onun şəxsiyyətinə, saf amalına, müqəddəs, dəyişməyən əqidəsinə olan hörmətim bu illərdə daha da artdı. Jurnalistikada ilk addımlarımı məhz bu qəzetdə atdığım üçün, bu gün az-çox əldə etdiklərimə görə, Nüşabə xanıma borcluyam. Onun mənalı ömür yolu, gözəl gənclik illərinin bu gün yetişməkdə olan gəncliyə nümunə ola biləcəyini nəzərə alaraq, “Tanınmışların yadda qalan tələbəlik illəri” rubrikasında Nüşabə xanımın “uğur hekayəsi”ni qələmə aldım.

Oxuculara xatırlatmaq üçün qeyd edək ki, müsahibimiz Nüşabə xanım ixtisasca jurnalist olub, bütün ömrü boyu öz peşəsi üzrə çalışan az saylı xanımlardandır. O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub. Bir neçə kitabın, pyes və kino-ssenarinin müəllifidir. 1991-ci ildə Gəncə Dövlət Dram teatrında Nüşabə xanımın "Cavad xan" tarixi dramı tamaşaya qoyulub. Bir neçə professional mükafata layiq görülüb, respublikanın «Əməkdar jurnalisti» adını alıb. 1997-ci ildə "Qadın hüquqlarını müdafiə" cəmiyyətinin Dilarə Əliyeva adına mükafatına da layiq görülüb. Gəncə Jurnalist Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistiəri təşkilatının üzvü kimi Xocalı soyqırımına həsr edilən "Haray" pyesi əsasında eyniadlı bədii film çəkilib. O jurnalistika ilə yanaşı, 1992-ci ildə yaratdığı "Tomris" Analar cəmiyyətinin rəhbəri kimi qaçqınlara, məcburi köçkünlərə mənəvi və maddi yardım edib, qadın hüquqlarını müdafiə edib, respublikada demokratik islahatların aparılması işində fəallıq göstərib. Gənclik illərini isə öz dilindən eşidək:

 

Hər kəsin öz cığırı olmalıdır

 

- 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin “Jurnalistika” fakültəsinə qəbul olundum. 1972-ci ildə də rus bölməsini bitirdim. O vaxt qiyabi rus bölməsinə 5 ildən bir qəbul aparılırdı. Çox xoşbəxtəm ki, ora qəbul olunanlardan biri də mən oldum. Bu ixtisas öz seçimim idi. Mən 4-cü sinifdə oxuyurdum, qardaşım mərhum Mürşüd Məmmədov tətilə evə gəlmişdi. O “filologiya” fakültəsində oxuyurdu. Bizim qonşu Maşa xala var idi. O, qardaşımdan soruşdu ki, sən ali məktəbi bitirəndən sonra nə olacaqsan. Qardaşım cavab verdi ki, müəllim olacağam. Maşa xala təəccüblə “Gərək jurnalist olardın” dedi. Qardaşım  və mən pərt olduq. Mürşüddən soruşdum ki, jurnalistika nə olan şeydir, O da məni başa salmağa çalışdı. Amma tam başa düşmədim. Sadəcə jurnalistikanı belə təsəvvür edirdim ki, bu peşə sahibləri çoxlu səyahətlərdə, gəzməklərdə olur. Sənədin nə olduğunu bilməsəm də ad xoşuma gəldi. Mən mütləq jurnalist olmaq istəyirdim. Başqa bir hadisəni qey edim: Orta məktəbdə müəllimə bir dəfə sərbəst inşa vermişd: Kim böyüyəndə nə olmaq istəyir? Mən də  yazdım ki, jurnalist olmaq istəyirəm. Müəllimə inşama «3»   yazmışdı. Aydındır ki, heç bir səhvim olmadığı halda aşağı qiymət aldığımın səbəbinei soruşdum. Mariya Dmtriyevnaya adlı sinif rəhbərim xəttimin pis olduğu üçün «3» aldığımı bildirdi. Bütün bu deyilənlərə baxmayaraq, jurnalist olmaq arzusu ürəyimdə var idi. Bir maraqlı hadisə də olub. 5-ci sinfi bitirib, 6-cı sinifə keçmişdim. Yayda “Xoşbulaq”da ailəvi istirahət edirdik. Orda birdən yağış yağdı, səmada göy qurşağı yarandı. Mən  də ordakılara, «göy qurşağına çatmaq istəyirəm, dağa çıxarın məni» dedim.. Qardaşım fikrimdən daşınmadığımı görüb əlimdən tutdu, dağın çıxmağa başladıq. Mən cığırla çıxmaq istəyəndə onun dediklərini bu gün də unutmamışam. «Adam başqasının çığırı ilə çıxmaz. Hər kəsin öz cığırı olmalıdır». Nəhayət, dağın başına gəlib çatdıq. Qardaşım dedi ki, bura çıxmaqda məqsədimiz odur ki, sən özün görəsən ki, göy qurşağına çatmaq olmaz. Orada həm də bir nəticə çıxardım: həyatda adamın öz cığırı olmalıdır. Bu mənə bir növ dərs oldu.

Ali məktəbə qəbul olunmasından danışan Nüşabə xanım bildirdi ki, o dövrdə jurnalistikaya qabiliyyət imtahanı tələb olunmurdu: “Rus dili yazılı, şifahi, tarix və ingilis dili olmaqla 4 imtahan verdim. Hələ imtahan zamanı qohum-tanışlarım deyirdi ki, jurnalistika fakültəsinə qəbul olunmaq çətindir. Orada yüksək vəzifəli, tanınmış adamların uşaqları oxuyur. O zamanlar jurnalistika da hüquq, şərqşünaslıq kimi çox dəbdə olan bir ixtisas idi. İmtahanların nəticələri məlum olanda siyahiya baxdım, adım yox idi. Güman etdim ki, düz deyirlərmiş, yəqin ki, yüksək yerdən tapşırıq, bir də pul lazımdır. Düzdür, pul elə də işləmirdi. Amma tapşırıq ən yüksək səviyyədə olmalı idi. Rəfiqəm isə daxil olmuşdu, buna çox sevindim, heç olmasa o, daxil olub. Çıxıb getmək istəyəndə arxadan geri çağırdılar və dedilər, Nüşabə sənin adın burdadır. Elə bildim, məni ələ salırlar. Yaxın rəfiqəm Rəfiqə Tağıyeva qolumdan yapışdı ki, geri qayıt bir baxaq da. Gördük 3 nəfərin adı olan siyahı ayrı kağızdadır. Ən yüksək bal toplayanlar da biz idik. Bir nəfər 19 bal, mən və digər bir nəfər isə 18 balla qəbul olunduq. Onu deyim ki, tələbəliyim çətin illərə təsadüf edib. Çünki babam Gəncə üsyanında iştirak edən adam olduğu üçün, atam çox zərbələr almışdı. Ali məktəb qurtarsa da öz ixitası üzrə bir gün belə işləməmişdi. Yalnız bir az jurnalist kimi çalışmışdı.

 

Tələbəlikdə kitaba və kino-tetara hədsiz marağım var idi

 

Evimizdə ən böyük sərvət kitab idi. Böyük kitabxanamız var idi. Atam-babamdan qalmış çox gözəl kitablar idi. Bütün günüm mütaliə ilə keçirdi. Qiyabi oxuduğum üçün birinci kursdan sonra işləmək qərarına gəldim. Ailəyə maddi kömək Etmək istəyirdim. "Novosti Gyandji" qəzetinin redaktoru Mobil Nəzərov qonşumuz olmuşdu. Anam dedi ki, çox namuslu, çox qeyrətli, çox pak insandır. Atam onun yanına gedib xahiş etdi ki, qızım universitetin artıq 2-ci kursunda oxuyur, onu işə qəbul etsin. Evimizdə də məsləhət gördülər ki, yalnız onun yaninda işləyim. Məni əvvəl korrektor köməkçisi kimi işə götürüldüm. Sonra korrektor, müxbir, şöbə müdiri, redaktor müavini və redaktor oldum. Onun yerinə qəzetə redaktor gəlmək istəmirdim. Axırda Mobil müəllim özü ikinci mərtəbəyə yanıma gəlib dedi ki, sən bilsən kimi redaktor qoymaq istəyirlər, onun tabeçiliyində heç zaman işləmək istəməzsən, ona görə sən razı olmalısan. “Jurnalist olan adam başqa işdə işləyə bilməz, -dedi. Onun sözünü yerə salmadım. Razı olduğum üçün redaktorluğa əmrim verildi.

Nüşabə xanım deyir ki, qiyabi oxuduğundan ildə iki dəfə Bakıya gəlirmiş. Dərslərdən sonra da kino-tetara getməyi xoşlayırdım: “Hədsiz marağım var idi. Bir dəfə qardaşım gəlib, xeyli gözləyib qayıtmışdı. Sonralar mənə deyirdi ki, kinoya gedəndə “zapiska” yaz qoy evə. Nə vaxt kinodan çıxacaqsan o vaxt gəlib səni yerində tapaq.

Bir dəfə rəfiqəmlə yenə konoteatra getdim. Vaxtın nə zaman keçdiyini bilmədik. Həmin gün imtahan da var idi. Saata baxanda imtahan vaxtının qutarmaq üzrə olduğunu gördüm.  Həmin vaxt Universitet “Baksovet  - indiki “İçərişəhər” yaxınlığında yerləşirdi. Kinoteatrdan çıxıb, dayanmadan qaçıb universitetə gəldik. Artıq ora çatanda müəllim otaqdan çıxmaq üzrə idi. Xeyli xahişdən sonra müəllimi bizdən imtahan götürməyə razı sala bildik. Mənə 5, rəfiqəmə 4 qiymət yazdı».

Nüşabə xanım deyir ki, ona universitetdə Şirməməd Hüseynov, Bayram Tahirzadə kimi çox görkəmli alimlər dərs deyib: “Dekanımız Nurəddin Babayev olub. Diplom rəhbərim Tofiq Rüstəmov idi. Diplom işim Haqverdiyevin əsərləri ilə bağlı idi.. Cəmi 20 səhifə yazmışdım. Tofiq müəllim bunu görüb, soruşdu bu həcmdə diplom işi olar. Cavabında bildirdim: «Tofiq müəllim Enşteynin doktorluq işi cəmi 10 səhifədən ibarət olub». Əsəbləşdi, « indi özünü Enşteyn hesab edirsən» dedi.  Sonra özü ədəbiyyat verdi,  diplom işmin həcmini artırdım və müvvəffəqiyyətlə müdafiə etdim”.

N. Məmmədova jurnalistikanın indiki vəziyyətini çox acınacaqlı hesab edir: “Heç kim haqq-ədalətə tapınmır. İndi təklif etsələr qəzet çap et, etməzdim. Mənim qızım da istəyirdi jurnalist olsun, ona and verdim ki, jurnalist olmağı fikrindən çıxar. 1995-ci ildə mən onu qoymadım ki, jurnalistika fakültəsini yazsın”.

Nüşabə xanım deyir ki, o zaman indiki vəziyyət olsaydı, bəlkədə tamam başqa sahə seçərdi.

 

 

 

Əfsun

 

Tarix
8 May 2015 [18:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin