Ana səhifə
26 May 2018

"Qəbələ"də radikal tədbirlər görməyə ehtiyac olmadı"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Sport-Express” qəzetinə geniş müsahibə verib.

 

 

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

 

- Yeni ölkəyə və kluba gedərkən bildirmişdiniz ki, oraya uyğunlaşmağınız üçün vaxta ehtiyacınız olacaq. Uyğunlaşma prosesi nə qədər davam etdi?

- "Qəbələ" ilə müqavilə imzalamazdan öncə Azərbaycan Premyer Liqasının səviyyəsi, aparıcı klubların taktiki xüsusiyyətləri və bir sıra məlumatlar topladım. Hər ölkənin öz nüansları var. Bu, ilk növbədə mədəniyyət və mentalitetdir. Sözsüz ki, vaxta ehtiyacım var idi. Amma ümumilikdə ciddi çətinliklə qarşılaşmadım. Düşünürəm ki, hazırda mən və bütün ukraynalı futbolçular Azərbaycandakı həyat tərzinə tam uyğunlaşıblar.

 

- "Qəbələ"də tətbiq etdiyiniz oyun fəlsəfəsi sabiq komandanız "Çernomorets"dəkindən çoxmu fərqlənir?

- Düşünürəm ki, "Qəbələ" və "Çernomorets"in oyun üslublarını müqayisə etmək düzgün deyil. Köməkçilərimlə birlikdə çalışırıq ki, komanda ilk dəqiqələrdən sona kimi oyuna nəzarəti əlində saxlasın. Bu bizim əsas ideyamızdır. Bunu tətbiq etmək üçün taktiki-texniki özəlliklər var.  “Qəbələ”də qısa zamanda hücum futbolunu aşılaya bildik. Mənim futbol fəlsəfəmdə topa nəzarət etmək romantik və estetik səbəblərdən irəli gəlmir. “Qəbələ” hazırda tam fərqli futbol nümayiş etdirir. Hələ ki, tam yaxşı, ideal səviyyədə oynamırıq. Ancaq qarşımıza məqsəd qoymuşuq və ona doğru irəliləyirik.

 

- Bu yolda qarşınıza çıxan ən böyük problem nədir?

- Oyun fəlsəfəmi anlaması və bunun nəticə verəcəyinə inanmaları üçün futbolçuların vaxta ehtiyacı var idi. Məncə, artıq işin böyük qismini geridə qoymuşuq. Bundan sonra bizim üçün asan olacaq. Futbolçularım da göstərdikləri oyundan artıq zövq alırlar.

 

- Adətən məşqçilər yeni komandasında özünü kollektivə göstərmək üçün müəyyən radikal qərarlar qəbul edir. Siz hansı qərarlar qəbul etdiniz?

- Radikal tədbir görməyə ehtiyac olmadı. Futbolçuların əzmkarlığını, işə həvəslə yanaşdıqlarını qeyd etməliyəm. Psixoloji baxımdan isə danışmağa ehtiyac var idi. Futbolda ən önəmli amil psixoloji hazırlıqdır. Bunsuz hansısa taktika və ya texnikadan danışmaq düzgün deyil.

 

- “Qəbələ”nin keçmiş qapıçısı Kamran Ağayev “İnter”lə oyunda rəqib futbolçunu vurduğu üçün 3 oyunluq cəzalandırıldı və daha sonra komandadan ayrıldı...

- Onun getməyinin səbəbi bu deyildi. Kamran yaxşı qapıçıdır və hazırda Azərbaycan yığmasının əsas qapıçısı sayılır. O, qışda bizimlə təlim-məşq toplanışına getdi. Onun “Qəbələ”də qalacağına ümid edirdik. Ancaq həmin vaxt "Kayserispor" klubundan yaxşı təklif aldı və karyerasını Türkiyədə davam etdirmək qərarı verdi.

 

- Azərbaycanlı futbolçuların mentalileti barədə nə deyə bilərsiz? Onlar emosional və intizamlıdılarmı?

- Təbii ki, onların müəyyən özəllikləri var. Ancaq prinsipcə, azərbaycanlı futbolçular digər ölkələrdən olan həmkarlarından fərqlənmirlər. Həmişə və hər yerdə yüksək intellekti olan oyunçu tapmaq mümkündür. Hiss edirəm ki, “Qəbələ”də ağıllı, çalışqan futbolçular toplaşıb.

 

- “Qəbələ”yə dəvət etdiyiniz legionerlərlə bağlı əvvəllər heç də xoş olmayan suallarla üzləşmişdiniz. Azərbaycanda onlardan daha çox şey tələb ediləcəyini gözləyirdizmi?

- Bunu anlayırdım və hamısına xəbərdarlıq etmişdim ki, digərləri ilə müqayisədə sizə qarşı daha tələbkar olacam. Bu mənada, ukraynalı legionerlər üzərilərində ikiqat məsuliyyət hiss edirdilər. Özləri də gördülər ki, hər şey heç də sadə deyil. Komanda xal itirəndə ilk növbədə, onları tənqid edirdilər. Bu mənada, başqa çıxış yolları yox idi. Qısa zamanda inkişaf etmək lazım idi.

 

- "Qəbələ"nin ukraynalı futbolçuları haqda ayrı-ayrılıqda fikirlərinizi bölüşərdiz...

- Bizdə 3 ukraynalı futbolçu var. Qapıçı Dmitri Bezotosnı komandanın əsas fiqurlardandır. Yaxşı, stabil oynayır. Düzdür, ilk matçlarda səhvləri oldu. Amma indi daha inamlı çıxış edir. Aleksey Qay “Qəbələ”nin yarımmüdafiə xəttinin aparıcı oyunçusudur. Təcrübəli pleymeykerdi və komandanın oyununu yönləndirir. Hücumçu Ruslan Fomindən hücumda aqressiv oyun və təbii ki, qollar gözləyirik. Hələ ki, qol vura bilmir. Amma inanırıq ki, ən qısa zamanda bu problemi aradan qaldıracaq.

 

- Belaruslu Mixail Sivakov haqda nə deyərdiniz?

- Universal oyunçudur. O, həm mərkəz müdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Düzdür, son vaxtlar az oynayır. Bunun da səbəbi əsas mərkəz müdafiəçilərimiz Ruslan Abışov və Rafael Santosun daha stabil çıxış etmələridir. Ancaq Sivakov da həmişə oyunu gücləndirə biləcək ehtiyat futbolçudur.

 

- "Qəbələ"yə gəldiyiniz ilk dönəmlərdə komanda nəticə əldə edə bilmirdi. Həmin vaxt rəhbərliyin münasibəti necə oldu? Onların dəstəyini hiss etdiniz?

- Həmin vaxt mətbuatdan oxuyurdum ki, rəhbərlik hansısa dəyişiklik etmək fikrinə düşüb. Ancaq fərz etmək belə çox gülməli idi. “Qəbələ”də ciddi insanlar çalışırlar və onların yeni dəvət olunan məşqçini qısa zamandan sonra göndərmək istəməsini düşünmək yersiz olardı. . Bu insanlar sözün əsl mənasında, peşəkardılar və başa düşürlər ki, yeni komanda qurmaq üçün vaxt lazımdır. Mən rəhbərliyin dəstəyini, etimadını hiss etdim. İlk məğlub olduğumuz oyunlarda nəticə başqa cür də ola bilərdi. AZAL-la oyunun son dəqiqələrində penaltidən qol buraxdıq. "Simurq"la görüşün ilk hissəsinin son dəqiqələrində isə qapıçımız Dmitri Bezotosnı meydandan qovuldu. Qapı dirəklərini və tirləri nişan aldıq. Bir oyunda təmiz qolumuz qeydə alınmadı. Ancaq nə etmək olar. Futbolda hər zaman qalib gəlmək olmur.

 

- Belə başa düşdük ki, ilk oyunlarda hakim səhvləri ilə üzləşmisiniz...

- Bu təsadüfən belə olmuşdu. Mübahisəli epizodlar var idi ki, bizim əleyhimizə qərarlar qəbul edilmişdi. Onlardan bəziləri birbaşa nəticəyə təsir etmişdi. Ümid edirəm ki, irəlidə bu kimi hallarla üzləşməyəcəyik.

 

- Premyer Liqada "Qəbələ"nin 8 oyunluq qələbə seriyası var idi. Bundan əlavə, çempionatın iki liderini səfərdə məğlubiyyətə uğratdınız...

- İkisi yox, üçünü qeyd edərdim. “Neftçi”, “İnter” və “Qarabağ” komandalarını nəzərdə tuturam. "Qarabağ"a çətinliklə qalib gəldik. Ancaq həmin oyunda aşkar üstünlüyümüz yox idi. Bununla belə, qol imkanlarımızdan istifadə etdik və qələbə qazandıq. "Neftçi" və "İnter"lə oyunlar bizim üstünlüyümüz şəraitində keçmişdi.

 

- “Qəbələ”nin infrastrukturu söylənildiyi qədər yaxşıdırmı?

- Əsas odur ki, belə kiçik şəhərdə futbol akademiyası tikilib. Həm əsas, həm də aşağı yaş qrupları üçün əla şərait yaradılıb. Əslində bu futbol üçün xüsusi bir iş deyil. Lakin keyfiyyətli işimiz üçün akademiya çox lazımlıdır.

 

- “Qəbələ”nin futbol direktoru Toni Adamsla münasibətiniz necədir?

- Toni çox ciddi insan və əfsanəvi fiqurdur. Adams haqda yalnız xoş sözlər demək olar. O, möhtəşəm insan, sümüyündən tutmuş beyninə qədər futbol adamıdır. O, komandaya müsbət enerji verir. Bu cür insanla çalışdığım üçün fəxr edirəm.

 

- Azərbaycan mətbəxinə uyğunlaşa bilmisinizmi?

- Bəli, Burada çox gözəl yeməklər bişirirlər. Xüsusilə, qoyun ətindən müxtəlif növdə təamlar hazırlayırlar. Bunlar həm dadlı, həm də xeyirlidi.

Tarix
8 May 2015 [21:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin