“Kitabi-Dədə Qorqud”da qadına münasibət

09:58 - 7 Mart 2023 - Cəmiyyət

8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində başımızın tacı olan bütün qadınlarımızı təbrik edir və Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin maraqlı bir yazısını təqdim edirik.

“Kitabi-Dədə Qorqud” dastanında insanların hüquq və azadlıqlarına hörmətlə yanaşıldığını, onların şəxsiyyətlərinə hörmət və qayğı göstərildiyini görməkdəyik. Əsərin məzmunundan məlum olur ki, Oğuz igidləri dava vaxtı qaçanı qovmur, aman diləyəni öldürmür, suçluları bağışlayır, düşmən əsirləri, qul və kənizləri azad edirlər.
Dastanda göstərilir ki, qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər. Onlar milli-mənəvi keyfiyyətləri, adət-ənənələri, ailə və məişətdə davranışları, danışıqları və geyimləri ilə fərqlənirlər.  

Hamı kimi qadınların da hüquq və azadlıqları mühafizə olunur. Birinci boydan aydın olur ki, qadınların təhqir edilməsi bağışlanmaz qəbahətdir və onu törədənlərə “qatı qəzəb” olunur. Təsadüfi deyil ki,  Dirsə xanın nökərləri Buğacın qəsdinə durarkən onu yalandan ağbirçəkli qarının saçını dartmaqda, sərxoş vəziyyətdə namussuzluqda “günahlandırırlar”. Yaxşı bilirlər ki, məmləkətdə qadına qarşı cinayətlər çox ağır cəza ilə son bulur. Yaxşı bilirlər ki, məmləkətin başçısı Bayandır xan duysa, buna dözməyəcək, günahkarı ən ağır şəkildə cəzalandıracaqdır. Bu, həqiqətən, ölkədə qadınların hüquq və azadlıqlarının, onların şəxsiyyətlərinin rəsmi şəkildə qorunduğunu göstərir. Ana haqqı Tanrı haqqı sayılır.

Əsərdə qadınların zərifliyi şirin bir dillə təsvir olunur. Onlar öz gözəllikləri ilə bütün gözəllikləri üstələyirlər. “Qaragözlü, burma saçlı, əlləri biləyindən xınalı, səlvi boylu, qara saçlı, çatma qaşlı, qoşa badam sığmayan dar ağızlı” bu gözəllər öz mənəvi zənginlikləri ilə də diqqəti cəlb edirlər. Onlar öyünməyi sevmir, vətənpərvərdirlər, öz ərlərinə  yoldaşlıq və hampalıq edir, onlara ölənə kimi  sadiq qalırlar.

Övladlarını  ata-babalarının qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edir, sağa-sola qoşa yay çəkir, at minir, qurşaq tuturlar. Məsələn, Burla xatun qara qılıncını qurşayıb qırx incəbelli qızla ərinin və oğlunun köməyinə gedir; Selcan xatun Qanturalı ilə birlikdə düşmənin qoşununu qırıb çatır; Banuçiçək Beyrəklə at çapır, ox atır, güləşir, on altı illik həsrətə qatlaşır. Dəli Domrul və Səgrəyin xatunları onlardan sonra ərə getməyəcəklərinə and içirlər.

Oğuz elində qadınların fikir, arzu və rəylərinə hörmətlə yanaşılır. Qadın qəhrəmanlar yeri gəldikcə Oğuz igidlərinin nöqsanlarını cəsarətlə üzlərinə deyir, onlara ağıllı məsləhətlər verirlər. Məsələn, Qazan xandan küsüb Gürcüstana köçmək istəyən Bəkilə xatunu “Padşahlar  Tanrının gölgəsidir. Padşaha asi olanın işi rast gəlməz”,- deyə ağıllı məsləhət verir. Dirsə xanın halalı incimiş və əsəbləşmiş ərini təmkinli sözləri ilə sakitləşdirir. Burla xatun öz sözləri ilə Qazan xana inam verir, onu döyüşə ruhlandırır. Dastanda qadınların zorla ərə verilməsi hallarına rast gəlmirik. Onlar ancaq “göz açıban gördüyü və könül verib sevdiyi” igidlərə ərə gedirlər.

Erosda qadınlarla kişilər arasında səmimi bir münasibət mövcuddur. Bu səmimiyyət onların bir-birinə müraciətlərində daha aydın ifadə olunur. Qadınlar öz ərlərinə və nişanlılarına “başım baxtı, evim taxtı”, “şah, xan, şahbaz igidim”, xan babamın göygüsü”; kişilər isə onlara “xan qızı”, “qara gözlü yavuqlum”, “halalım”, “qadınım, dirəyim, döləyim”, - deyə müraciət edirlər.

Oğuz igidləri  qadınlara münasibətdə ədəb-ərkan və etik normalara ciddi şəkildə əməl edirlər. Xalq qəhrəmanı Beyrək qadınların otağına izinsiz yaxınlaşmağı belə ədəbsizlik sayır. Dastanda 57 qala alan Alp Ərən müstəsna olmaqla bütün Oğuz qəhrəmanları təkarvadlıdırlar. Bu isə ölkədə çoxarvadlılığın olmadığını, qadına hörmət və qayğı ilə yanaşıldığını göstərən daha bir işarədir. 

Dastanda qadınların öz ərlərinə və övladlarına məhəbbətləri olduqca təsirli verilir. Onlar üçün daim narahatlıq keçirən analar, nişanlı qızlar və bacıların qara bağrı sarsılır, qara qıyma gözləri qan-yaşla dolur. Bütün bunlar olduqca təbii və inandırıcı təsir bağışlayır. Qadınlar övladlarının, qardaşlarının, nişanlı və ərlərinin Vətən və xalq qrşısındakı xidmətləri ilə sevinir, onlara güvənirlər.

Əsərdə anaya dərin hörmət və ehtiram vardır. Ana haqqı tanrı haqqı hesab olunur. Dastanın müqəddiməsində öz ərinə və övladlarına sədaqətli olan qadınlar, körpəsinə “ağ südün doya əmizdirən analar” müqəddəs tutulurlar. Valideynlərinə hörmət hər bir oğuzlu gəncin borcu sayılır. Deyilir ki, “valideyn adını yürütməyən xoyrad oğul, ata belindən gəlincə gəlməsə, yeydir.” 

Qazan xan düşməndən öncə anasını istəyir:”Anamı vergil mana. Savaşmadan, uruşmadan qayıdayım”,- deyir. Uruz anasının namusu üçün qıyma-qıyma doğranmasına razı olaraq belə söyləyir: ”Qoy məni, qadın ana, çəngələ ursunlar, qoy ətimdən çəksinlər, qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yediyində sən iki yegil. Səni kafirlər bilməsinlər, duymasınlar. Ta kim sası dinli kafirlərin döşəyinə varmayasan, sığrağın sürməyəsən. Atam Qazan namusunu sınmayasan.”  Bunları folklorumuzda ailəyə məhəbbətin ən mükəmməl bədii nümunələri hesab etmək olar. Bu cür bədii nümunələr şagirdlərdə anaya hörmət hissini xeyli gücləndirir.

Əsərdə qadınların hüquq və azadlıqlarının pozulmasına, onların şəxsiyyətlərinin alçaldılmasına ciddi bir etiraz hiss olunur. Cəmiyyət bu cür halları qəbul etmir. Məsələn, Basat Təpəgözü həm də qardaşı arvadını dul qoymaqda, “qarıcıq ağ birçəkli anasını bozlatmaqda” ittiham edir; bacılarının ağladığını görəndə Beyrəyin içi göynəyir, ölüm ayağında belə qız-gəlini və görklüsü üçün narahatçılıq keçirir. Uruz əsirlikdə olarkən anasının və qaragözlü qız qardaşının ağlayıb-sızlamaması üçün atası Qazan xanın təkbaşına döyüşə girməyib geri qayıtmasını xahiş edir. Oğuz elinin qız-gəlinini əsir-yesir edən düşmənlərdən həmişə amansız qisas alınır.

Dastanda qadınların ailə və cəmiyyət qarşısındakı vəzifələrinə də toxunulur. Göstərilir ki, qadınlar milli-əxlaqi dəyərlərə sahib çıxmalı, mənəvi cəhətdən saf və təmiz qalmalı, öz evinin dayağı və ərinin ən yaxın sirdaşı olmalıdırlar.Əsərin müqəddəməsində belə qadınlar Ayişə, Fatma soyundan sayılırlar. Belələri haqqında “...onun bəbəkləri bitsin! - deyə alqış edilir.

Boyların məzmunundan məlum olur ki, qadının əsas vəzifəsi öz övladlarını düzgün tərbiyə etmək, Vətən və xalq üçün gərəkli şəxslər kimi yetişdirməkdir. “Qız anadan görməyincə öyüd almaz”, “Ata adını yürütməyən xoyrad oğul ana rəhminə doğunca, doğmasa, yey” sözləri gənc nəslin tərbiyəsində anaların üzərinə böyük məsuliyyət düşdüyünü göstərir.

Əsərdə qaravaş kimi öz mənliyini alçaldan, ərini hörmətdən salan və ona xəyanət edən, ailə qayğısı çəkməyən, övladlarının tərbiyəsinə laqeyd yanaşan qadınlar kəskin tənqid olunurlar. Belələri “solduran soy, dolduran toy, bayağı qadın” adlandırılır. Onların haqqında deyilir: “Onun bəbəkləri bitməsin ! Ocağına bunun kimi övrət gəlməsin!”

Nə xoşdur ki, bu gün də milli-mənəvi dəyərlərimizdən gələn qadına hörmət və ehtiram davam etməkdədir. Bizim qadınlarımız isə buna tamamilə layiqdirlər. Çünki onlar yer üzünün ən müqəddəs varlığıdırlar. Necə deyərlər, qadın gülərsə, bəşəriyyət gülər. 

Xəbər xətti