Ana səhifə
20 Noyabr 2018

Bütün mədəniyyət müəssisələrində xüsusi iş rejimi təqdim olunub

Elçin Cəfərov: «Repertuar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub və nazirlik təsdiq edib»

 

 

 

Samir Sədaqətoğlu: «Musiqili Teatr İlk Avropa Oyunlarına tam hazırdır»

 

«Bakı 2015» İlk Avropa Oyunlarına bütün sahələrdə olduğu kimi, mədəniyyət müəssisələrində də hazırlıq gedir. Bu haqda “Üç nöqtə”yə danışan Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov qeyd etdi ki, Avropa Oyunları keçirilən vaxtda  təqdim ediləcək tamaşalar müəyyənləşib: “May-iyun aylarında çox gərgin qrafiklə çalışacağıq. Azərbaycan ilk dəfə Avropa Oyunlarına ev sahibliyi edəcək. Bunun misilsizliyi, unikallığı bizi çox sevindirir. Azərbaycanın istər siyasi, istərsə də mədəni həyatında bu oyunların müstəsna əhəmiyyəti olacaq. Bu dövrdə ölkəmizə gələn minlərlə qonağa zəngin mədəni proqramla xidmət göstərilməsi, əlbəttə ki, az əhəmiyyətli məsələ deyil. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, paytaxtımızın müəyyən teatr və konsert salonları kimi, Akademik Milli Dram Teatrı da həmin günlərdə işçi rejimdə çalışacaq. Biz tam gücümüzlə, repertuarımızda olan yüksək bədii səviyyəyə malik olan, tamaşaçı rəğbəti qazanan səhnə əsərlərinə üstünlük verəcəyik. Artıq repertuar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub və nazirlik təsdiq edib. Beləliklə, İlk Avropa Oyunlarında Akademik Milli Dram Teatrında və bütün mədəniyyət müəssisələrində xüsusi iş rejimi təqdim olunub. Repertuardakı tamaşaların çoxu klassik və müasir Azərbaycan dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalardır. Bu repertuarı təqdim etməkdə məqsədimiz Azərbaycan mədəniyyətini və incəsənətini, dramaturgiyasını tanıtmaqdır. İyunun 12-dən 28-dək nümayiş olunacaq tamaşaların rus və ingilis dilində tərcüməsi olacaq. Əvvəllər də beynəlxalq festivallarda, xarici ölkə teatrlarının səhnələrindəki çıxışlarımızda bu vasitədən istifadə etmişik. Yəni, tamaşaların rus və ingilis dilində subtitrlərlə təqdim olunması bizim üçün yeni təcrübə deyil».

Mətbuat katibinin sözlərinə görə, Avropa Oyunları ilə bağlı Akademik Milli Dram Teatrında tamaşaların sayı ilə bağlı dəyişiklik olmayıb: “Teatrımızda bazar ertəsi günləri istisna olmaqla, demək olar ki, hər gün tamaşa nümayiş olunur. Avropa Oyunları vaxtı turistlərin teatra gəlişi mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Bu dövrdə ölkəmizə gələn minlərlə qonağa zəngin mədəni xidmət göstərmək, qonaqlarda xoş təəssürat yaratmaq, mədəniyyət və incəsənətimizi daha geniş arealda təbliğ etmək üçün yaranmış imkandan maksimum dərəcədə istifadə etməyə çalışacağıq”.

Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu da bildirdi ki, Musiqili Teatr İlk Avropa Oyunlarına tam hazırdır: “Teatrın iyun ayı üçün repertuarında təqribən 15 tamaşanın 24 dəfə nümayişi nəzərdə tutulub. Onların arasında klassik və müasir əsərlər əsasında hazırlanmış tamaşalar, o cümlədən, uşaq tamaşaları var. Musiqili Teatrda rus bölməsi var və orada hazırladığımz müxtəlif tamaşaları da iyun ayında təqdim edəcəyik. Ölkəmizə gələn qonaqlar üçün xüsusi hazırlanmış, ingilis dilində tərcümə edilmiş bir sıra əsərlər var. “O olmasın, bu olsun”, “Kimdir  müqəssir?”,  “Skapenin kələkləri”, «Talelər qovuşanda”, “Ər və arvad” və bir çox digər tamaşalar ingilis dilində tərcümə olunub və nümayiş zamanı titrlərdə ingilis dilində tamaşaçılara tədqim olunacaq. Onu da deyim ki, biz artıq tamaşanın tərcüməsini sınaqdan keçirmişik. Bir neçə gün əvvəl Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci toplantısı keçirilirdi və həmin tədbirlər çərçivəsində 70-ə yaxın ölkədən gələn 400 qonaq Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşasını titrlərdə ingilis dilində izlədilər. Bu addım bizim gözlədiyimizdən də yaxşı nəticə verdi. Qonaqlar tamaşadan sonra teatrın direktoruna tamaşadan zövq aldıqlarını və razı qaldıqlarını bildirdilər».

Mətbuat xidmətinin rəhbəri dedi ki, Musiqili Teatr Avropa Oyunlarına tam hazırdır. Teatrın repertuarında Azərbaycan və dünya klassiklərinin əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunacaq: «Qeyd edim ki, ilk dəfə teatr “Ər və arvad” tamaşası ilə açılıb. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsəri nəninki Azərbaycanda, eləcə də, bütün dünya mədəniyyətinin qızıl incilərindən biridir. Biz  çalışmışıq ki, teatrımızda Azərbaycan əsərləri ilə yanaşı dünya əsərləri əsasında hazırlanan tamaşalar da olsun. Musiqili Teatra turistlərin girişi tamaşaçılarımız kimi olacaq. Yəni, giriş pulsuz olmayacaq, qiymətlər isə eyni olaraq qalacaq”.

Gənc Tamaşaçılar Taetrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva isə qeyd etdi ki, İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın yüksək nüfuzunu daha da artıraraq ölkəmizin siyasi, mədəni, ictimai və sosial həyatında olduqca əhəmiyyətli hadisə kimi tarixə düşəcək: “Bir çox innovativ idman növünü özündə birləşdirən İlk Avropa Oyunları ölkəmizin mədəniyyət sahəsində də yaddaqalan olacaq. 49 ölkədən 6000-dən artıq idmançının qatılacağı bu beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən turistlərin Azərbaycana axın edəcəyini nəzərə alaraq mədəniyyət müəssisəsi olaraq biz də hazırlıq işləri görürük. Teatrımıza təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxması üçün repertuarımızda olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Artıq teatrın iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Repertuarda Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri yer alıb. Olimpiya oyunlarında tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün teatr- tamaşa müəssisələrinin, sərgi salonlarının, kinoteatrların iyun ayı üçün təsdiq edilmiş repertuarı ingilis və rus dillərində tərcümə olunaraq otellərdə və digər ictimai yerlərdə qonaqlara vermək üçün hazırlanıb. Biz çalışmışıq ki, qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından da ən gözəl nümunələri – M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyevin “Pəri cadu”, H.Cavidin “Şeyx Sənan” kimi sanballı səhnə əsərlərini də təqdim edək. Avropa oyunları günlərində Gənc Tamaşaçılar Teatrı bütün yaradıcı və texniki qüvvəsini səfərbər edərək teatr mədəniyyətimizi layiqincə təmsil etmək üçün son hazırlıq işlərini başa vurmaq üzrədir”.

Abdulla Şaiq adına Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova vurğuladı ki, teatr ölkəmiz üçün əlamətdar hadisə olan beynəlxalq yarış günlərində vətənimizin mədəni səviyyəsini ən yaxşı formada, layiqincə təmsil etməyə səfərbər olub: “Artıq yarış günlərinin repertuarı müəyyən olunub, teatrımıza gələcək qonaqların ən yüksək formada qarşılanması, onların nümayiş olunacaq səhnə nümunələri ilə bağlı məlumatlanması üçün vasitələr hazırlanır. Teatrımızın repertuarındakı dünya, eləcə də klassik və müasir əsərlərimizin əsasında hazırlanmış tamaşalarla Kukla Teatrı olaraq oyunlar müddətində qonaqların və tamaşaçılarımızın xidmətində olacağıq».

 

Lənkəran Dövlət Teatrının baş rejissoru Tural Mustafayev bildirdi ki, Avropa oyunlarına Lənkəran Dövlət Teatrı da hazırdır: “Düzdür, Avropa Oyunları Bakıda keçiriləcək. Amma teatrımızın repertuarında olan tamaşalarla xarici qonaqlarımızı qarşılamağa hazırıq. Əgər xarici turistlərdən teatrımıza gələn tamaşaçı olsa, bizim qapılarımız onların üzünə açıqdır. Həmin vaxtda repertuarda olan tamaşaları elə müəyyənləşdirəcəyik ki, həm xarici daramaturqların, həm də Azərbaycan dramaturqlarının əsərlərini təqdim edək».

 

 

Rəqsanə

Tarix
7 May 2015 [12:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin