Ana səhifə
21 Avqust 2018

Yerli mallara və xidmətlərə yer verən şirkətlərə üstünlük veriləcək

Vahid Məhərrəmov: “Qonşu ölkələrdə mal və məhsulların istehsal qiyməti xeyli ucuzdur”

 

 

 

Azərbaycanda yerli istehsalı stimullaşdırmaq üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər paketi hazırlanıb. Burada yeni biznesə başlayanlar üçün bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, biznesə yeni başlayan sahibkarlara güzəştli kreditlərin həcmi iki dəfə artırılacaq, elan olunan tenderlərdə ən çox xarici yox, yerli mallara, işçilərə və xidmətlərə yer verən şirkətlərə üstünlük veriləcək.

Qeyd edək ki, bu il “Kən təsərrüfatı ili” elan olunsa da indiyə qədər görülən işlər bu sahəni ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevirə bilməyib. Kənd təsərrüfatı naziri belə aqrar sektorda ciddi problemlərin qalmasını etiraf edir. Amma real olan odur ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün də potensial var. Ona görə də aqrar məhsulların ixrac həcminin artırılması gündəmdə olmalıdır. Bu və ya digər sualları aqronom-alim Vahid Məhərrəmov cavablandırdı.

 

- Bu günlərədə Kənd təsərrüfatı naziri Heydər Əsədov aqrar sahədə problemlərin olduğunu qəbul etsə də, bir çox məqamlarda, xüsusən ekspertlərin istehsalla, qiymətlə bağlı tənqidləri ilə razılaşmaq istəməyib, hətta mətubatda aparılan müqayisələri “bəsit” adlandırıb....

 

- Kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı müqayisələr heç də nazir düşündüyü kimi bəsit deyil, hərtərəfli olaraq, mövsümü nəzərə alaraq əvvəlki illərin anoloji dövrü ilə yanaşı, hətta qonşu ölkələrdə mövcud olan qiymətlərlə də müqayisə olunur. Qaldı ki, qiymətlərin əvvəlki aylarla müqayisəsinə, bu bütün ölkələrdə aparılır, Dövlət Statistika Komitəsi də belə məlumatları açıqlayır. Bu kimi müqayisələri beynəlxalq təşkilatlar da aparır. Nazirin digər iradı isə ölkəyə idxal olunan mal, məhsullarla bağlı idi. Nazir qeyd edir ki, “son 10 ildə idxal 4,1 dəfə artıbsa, ixracımız 4,5 dəfə artıb”. Nazirin səsləndirdiyi bu “göstəricinin” dəqiqliyinə şübhə olsa da bu məsələnin üzərində dayanmayacam. Apardığımız araşdırmalar nəticəsində ictimaiyyətə təqdim etdiyimiz kənd təsərrüfatı məhsullarının idxal qiymətləri onu deməyə əsas verir ki, əslində idxal olunan məhsulların real qiymətləri gömrük sənədlərində göstərilən rəqəmlərdən ən azı 3-4 dəfə yüksəkdir. Biz dəfələrlə qeyd etmişik ki, əvvəllər ölkəyə idxal olunan məhsulların həcmi indikindən az olub. Misal üçün 2000-cu ildə buğda idxalı 730 min ton (idxal olunan unu da buğdaya çevirmək şərti ilə) olduğu halda 2013-cü ildə bu rəqəm 2 dəfə artaraq 1,5 milyon ton (idxal olunan unu buğdaya çevirmək şərti ilə) təşkil edib. Artıq demək olar ki, strateji əhəmiyyət kəsb edən ərzaq buğdası idxalı ölkənin təlabatı qədərdir. Eləcə də diğər məhsulların idxalı ciddi olaraq artıb. Xatırladım ki, 2014 cü ildə strateji əhəmiyyət kəsb edən taxıl istehsalı əvvəlki ilə nisbətən 575 min ton azalıb. Azalan isə əsasən buğda olub. Belə ki, ötən il 2013-cü ilə nisbətən 451 min ton az buğda istehsal olunub. Halbuki bu qədər buğda ilə ölkənin 4 aylıq çörəyə və un məmulatlarına olan təlabatını tam ödəmək olardı. İkinci çörək hesab olunan kartof istehsalının 2014-cü ildə 173 min ton azalması da çox ciddi məsələdir. Bu qədər məhsulla Azərbaycanın 2 aylıq kartofa olan təlabatını ödəmək mümkün idi. Tərəvəz, üzüm, çay və sair məhsulların da istehsalında ciddi azalmalar olub.

 

-  Hökumət rəsmiləri ölkənin şəkərə, bitki yağına olan təlabatında bəzi komponentlərin idxal olunmasını heç də pis hal kimi xarakterizə etmək istəmirlər. Bunu necə başa düşmək olar?

 

-  Qeyd edim ki, yalnız xam şəkər, xam bitki yağları və çay idxalı üçün 2014-cü ildə ödənilən 300 milyon dollar maliyyə vəsaiti əcnəbi fermerlərin cibinə axıb, onların biznesini genişləndirib. Halbuki həmin məhsulları daxildə istehsal edərək bu vəsaitləri bizim fermerlər əldə edə bilər, xarici aslılıq da azalar.

Əlbəttə bütün ərzaq mallarını idxalın hesabına təmin etmək daha asan olar. Onu da qeyd edim ki, Sinqapur kimi inkişaf etmiş ölkə ərzaq təhlükəsizliyini yalnız idxalın hesabına təmin edir, ona görə ki, onların kənd təsərrüfatı məhsulu istehsalı üçün torpaq əraziləri yoxdur. Əgər vəziyyət belə gedərsə, bu sahəni təftişlər, müfəttişlər idarə edəcəksə Azərbaycanın da ərzaq təminatı tam idxaldan aslı olacaq. Düşünürəm ki, belə olan halda Sinqapurda olduğu kimi Azərbaycandada Kənd Təsərrüfatı Nazirliyinə ehtiyac olmaz.

Hörmətli nazir yenə qiymət artımlarının “ təbii olaraq qiymət dispariteti baş verməsi” nəticəsində baş verdiyini vurğuladı və bunu istehsal vasitələrinin qiymətlərində artımların olması ilə əlaqələndirdi. Əvvələr də bu sual yaranmışdı. Yenə sual olunur, bəs qonşu Gürcüstanda, Ermənistanda “təbii olaraq, qiymət dispariteti baş verməsin deyə, qiymətdə müəyyən artımlar baş” verirmi? Məgər Gürcüstan, Ermənistan fermerləri məhsul istehsal edən zaman istehsal vasitələrindən, o cümlədən mineral gübrədən, texnikadan istifadə etmirlər? Gürcüstandan idxal olunan heyvanlara tətbiq olunan gömrük rüsumu, daşınma üçün ikitərəfli nəqliyyat xərci və digər ödəmələr tətbiq olunmasına rəğmən, Azərbaycanda həmin heyvanlar yerli heyvanlardan 15-20 faiz ucuz təklif olunur.

Azərbaycandan fərqli olaraq neft məhsullarını idxal edən, çox zəif maliyyə resursuna malik olan Gürcüstandan 2013-cü ildə ildə Azərbaycana əsasən kəsim üçün 109 min 435 baş diri iribuynuzlu mal-qara, 163 min 435 baş qoyun idxal olunub. Düzdür, bu iri buynuzlu hevanların hər birinin idxal dəyəri çox gülməli qiymətə, orta hesabla 29 dollar 91 sentə, yəni 3 kq ət qiymətinə sənədləşdirilsə də mütəxəssislər çox yaxşı bilir ki, Gürcüstan fermerlərinə çatacaq maliyyə vəsaiti bundan 10-15 dəfə çox olub. Onu da qeyd edim ki, ölkəyə gətirilən hər bir baş qoyunların idxal qiyməti də real dəyərindən çox ucuz qiymətə orta hesabla 13 dollara sənədləşdirilib. Sənədləşmədə fırıldaqlığa yol verilsə də fakt odur ki, Gürcüstandan Azərbaycana mal, məhsul axını var, deməli onlarda həmin malların istehsal qiyməti bizimkindən xeyli ucuzdur. Belə olan halda yəqin ki, gürcülər qiymət dispariteti məsələsinin həllini bazarın ümidinə buraxmayıblar, peşəkarlıqla tarazlaya biliblər.

 

- Xəbər verildiyi kimi Milli Məclisində Cinayət və İnzibati Xətalar məcəllələrinə geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadənin qadağan olunması ilə bağlı qərar qəbul olunub. Bundan sonra bir sıra cəza tədbirləri, hətta 7 ilədək azadlıqdan məhrum etmə də nəzərdə tutulur. Vahid müəllim, GMO doğurdanmı ətraf mühit və insan sağlamlığı üçün bir təhlükə yarada bilir?

 

- GMO məhsulları insan orqanizmi üçün təhlükə mənbəyi sayılmır. Yəhudilər farel balığını çox sevirlər. Gen modifikasiyası yolu ilə onlar farel balığının çəkisini qısa müddətdə artırmağa nail olublar. Yəhudilərin hamısı, uşaqdan-böyüyə qədər bu balıqdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, İsrail elmdə, səhiyyədə kifayət qədər inkişaf etmiş ölkədir. Azərbaycanda isə istehlak etdiyimiz ərzaq mallarının təxminən yarıdan çoxu geni modifikasiya olunmuş orqanizmlərdən əldə olduğu halda deyirlər ki, insan orqanizmi üçün zərərlidir və yaxud bunun təbiətə zərəri var.

GMO ilə bağlı ajiotajın yaranmasına səbəb insanların bu barədə bilgisiz olmalarıdır. GMO-nun təhlükəli olması haqda məlumatların yayılmasına marağı olan qüvvələr var. Birincisi, bu formada rəqiblər arasında mübarizə aparılır. Belə ki, gen modifikasiyası ilə məşğul olan şirkətlərlə digərlərinin - kimyəvi maddələr, pestisidlər istehsal edən şirkətlərin maraqları toqquşur, bu səbəbdən də rəqibləri GMO haqda mənfi fikirlər yayır. İkincisi, ən əsası, bu sahəni inhisara almaq istəyən elmi mərkəzlər, digərlərinin bu bazara çıxmasının qarşısını məhz bu formada alırlar. Yəni artıq GMO ilə ciddi məşğul olan elmi mərkəzlər digər institutların bu yeniliyi dərindən öyrənməsinin, bu elmə yiyələnməsinin qarşısını məhz daxildən müqavimət yaratmaqla alırlar. Nəhayət hər iki tərəfin marağına xidmət göstərən muzdlu KİV-lər bu mövzuda sensasiya yaratmaqla həm oxucularının kütləviliyini təmin edirlər, həm də marağı olan hər iki tərəfdən mükafatlanırlar.

Onu da qeyd etməliyəm ki, insan orqanizmi üçün zərərli olan məhsullar kimyəvi maddələrin tətbiqi nəticəsində əldə olunan məhsullardır. Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən, bitkini xəstəlik və ziyanvericilərdən qorumaq üçün zəhərli kimyəvi maddələrdən, pestisidlərdən istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddələrin miqdarını artırır. Fermerlər bu prosesi qaydasında idarə etməkdə acizdir. Süni yaradılmış gübrələrdən ideal şəkildə istifadə edərək prosesi normal idarə etmək çox çətindir. Bitki süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır. Nəticədə bitkidə və onun meyvəsində çoxlu miqdarda toksik maddələr toplanır. Ənənəvi qaydada əkinçiliklə əldə olunan bu məhsulların tərkibində əsasən nitrat çox olur. Nitratın da çox olması insan orqanizmi üçün olduqca təhlükəlidir.

 

 

 

Əfsun

Tarix
6 May 2015 [18:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin