Ana səhifə
18 Dekabr 2017

Xarici turistlər Azərbaycana böyük maraq göstərir

Ruslan Quliyev: «Avropa oyunlarının siyasi üstünlükləri ilə yanaşı, həm də mədəni üstülüyü var»

 

 

 

«Bu həm də azərbaycanın turizm imkanlarını dünyaya çatdırmaq üçün bir şansdır»

 

 

Artıq yeni turizm mövsümü başlayır. Bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ölkəmizə əlavə turistlərin cəlb edilməsi üçün əla imkanlar yaradır. Bu həm də ölkəmizin turizm imkanlarının təbliği üçün əlavə imkandır. Amma ötən illərin təcrübəsi göstərir ki, turizm sektorunda xidmətin keyfiyyəti və qiymətlər bəzən turistləri narazı salır. Bu il həm də ölkəmizdə qiymətlərin bahalaşması müşahidə olunduğundan turizm sektorunda da qiymətlərin bahalaşması ehtimal edilir. Bununla bağlı məsələlərə uzun illərdir turizm sektorunda çalışan Ruslan Quliyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

 

- Ruslan müəllim artıq turizm mövsümü başlayır. Ölkəmizi ziyarət etmək istəyənlər var?

 

- Bu il aprelin əvvəlində respublikamızda 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçirildi. Sərgilərin inkişafı da  turzimin inkişafının aynası kimi qəbl olunmalıdır. Bu bir növ həm də turizm mövsümünün açılışı kimi qəbul oluna bilərdi. Həmin sərgidə yaddaqalan məsələlərdən biri də o idi ki, sərgiyə 42 ölkə, 372-dən artıq turizm şirkəti qatılmışdı. Bu isə  göstərirdi ki, ölkəmizə maraq ildən-ilə artır. Həm də bu sərgidə Azərbaycanın regionları fərdi şəkildə çox gözəl təqdim olunmuşdu. Bu bir beynəlxalq sərgi olduğundan ölkəmizin regionlarının da bu şəkildə təqdimatı önəmli idi və gələn qonaqların da diqqətini çəkdi. Ən maraqlı cəhətlərdən biri də o idi ki, burada ilk dəfə olaraq Azərbaycanda sağlamlıq turzimi təqdim olunurdu. Həmçinin, xaricdəki sağlamlıq turizmi ilə bağlı stendlər var idi.  Azərbaycanda Novruz bayramı tətillərində səyahət edənlərin sayı göstərdi ki, bu il turzimə maraq əvvəlki illərdən daha artıq olacaq. Bunu həm ölkə daxilində, həm də xaricə gedənlərin sayında görə biləcəyik. Əgər  iki il öncə may-sentyabr aylarında səyahət edənlərin sayı 220 min nəfər idisə, bu il bu rəqəmin 720 min nəfər olacağı proqnozlaşdırılır.

 Manatın devalvasiyası və mövcud durum xaricdən turistlərin ölkəmizə cəlb edilməsinə marağı artdı. Artıq xaricdən turistlərin cəlb olunmasına hər kəs cəlb olunub. Azərbaycanın turizm imkanları xaricdə də təbliğ olunur və keyfiyyətli xidmətlər təklif edilir. Bu ilin əlamətdar hadisələrindən biri də Avropa Oyunları ilə bağlıdır. Oyunların siyasi üstünlükləri ilə yanaşı, həm də mədəni üstülüyü var. Yəqin ki, oyunlarla bağlı ölkəmizə gələn turistlərin də sayı çox olacaq. Bu həm də bir şansdır ki, Azərbaycanın turizm imkanlarını dünyaya çatdıra biləcəyik. Oyunlar zamanı, oyunlardan sonrakı dönəmdə Azərbaycanın turizm imkanlarını, o cümlədən regionlarımızdakı turizim potensialını biz də ölkəmizə gələn qonaqlara göstərməyə çalışacayıq. Çünki Azərbaycan təkcə paytaxtdan ibarət ddeyil, regionların da gözəl turizm imkanları var.

Artıq Avropa oyunları ilə bağlı ölkəmizə gəlmək istəyənlərdən xeyli sifarişlər almışıq. Əsasən Gürcüstan, Türkiydən gəlmək istəyənlər daha çoxdur. Paytaxta yaxın ərazilərə Şamaxı, Quba, Qusar, İsmayıllı, Masallıya turlar daha çox olacaq.

 

- Qiymətlər necə, bahalaşma türzimdə də özünü göstərəcək?

 

- Biz qiymətləri sabit saxlamağa çalışırıq. Həmçinin, operativ turizim xidmətləri göstərmək niyyətindəyik. Artıq operativ qərargahlar yaradılıb. Müraciətdən qısa müddət sonra turistlərə gəzinti, ekskursiya xidmətləri və informasiya xidməti göstəriləcək. Həmçinin, əlverişli qiymətə tur paketlər təqdim olunacaq. Buraya bütün qiymətlər daxil olacaq. Düşünürük ki, otellər də qymətləri sabit saxlamağa çalışacaq. Amma biz təqdim etdiyimiz tur paketlərdə aldığımız məhsulların qiymətində artım olacaqsa, biz də müəyyən qədər qiymət artımı etməyə məcbur olacayıq.

 

- Bəzən vurğulanır ki, qiymətlərin aşağı düşməməsi həm də bu sahədə də monopolyanın olması ilə bağlıdır.

 

- Azərbaycanda  turizm sahəsində heç bir monopolyadan söhbət gedə bilməz. Əslində böyük şirkətlərin inşa eitdikləri mehmanxanalar, turizm obyektləri ölkəmizdə turizmin inkişafına bir töhfədir. Qiymətlər də  heç zaman inzibati yollarla tənzimlənə bilməz. Mehmanxanalarda qiymətlər xidmətin keyfiyyəti və ulduz dərəcələrinə görə dəyişir. Qiymətlərin dəyişməsi həm də rəqabət mühitində formalaşır.  Bu gün də bir-birinə yaxın olan elə mehmanxanalar var ki, qiymətləri yüksək saxlamaqla heç bir müştəri cəlb etmir. Amma digər mehmanxanalar qiymətlər aşağı salmaqla xeyli müştəri qazanır. Amma bazar müəyyən qədər doymalıdır ki, qiymətlərdə endirimlərə gəlib çıxa bilək.

 

- Əvvəlki illərdə qiymətlər daha əlverişli olduğu üçün Azərbaycan vətəndaşları Gürcüstan və Türkiyəyə getməyə daha çox üstünlük verirdi. Çünki həmin ölkələrdə qiymətlər Azərbaycanın regionlarına nisbətən daha ucuz idi. Bu il proqnozlar necədir?

 

- Bu il ölkə daxilinə səyahət edənlərin sayında da artım olcağı proqnozlaşdırılır. Xaricdən daha çox daxili turizmə üstünlük verənlər var. Həm qış, həm də novruz tətili bunu göstərdi. Amma bu o demək deyil ki, xaricə gedənlərin sayı az olacaq. Yəqin ki, əvvəlki illərdə olduğu kimi ölkə xaricinə getmək istəyənlərin də sayı kifayət qədər olacaq.

 

- Ölkəmizə xaricdən müalicə məqsədilə gələn turistlər hansı ərazilərə üz tuturlar?

 

- Ölkəmizə İran, Türkiyə, Rusiya və Qazaxıstandan gələn turistlər sayca üstünlük təşkil ediblər. Bunların əhəmiyyətli bir hissəsi məhz müalicə məqsədilə səfər edənlərdir. Bəzən müxtəlif ölkələrdə olan sanatoriya-kurort müəssisələrində olarkən görürük ki, məhdud imkanları olan bir yerdə gözəl təsisatlar yaradıblar. Termal qaynaqların və müalicəvi turizm imkanlarının olması hələ turizm məhsulu demək deyil. Baxmayaraq ki, Azərbaycanın hər qarışı şəfalı su qaynaqları ilə zəngindir. Masallıda, Lənkəranda, Qaxda, İsmayıllıda belə yerlər çoxdur. Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu min bir dərdin dərmanıdır. Azərbaycanın bənzərsiz palçıq vulkanlarını da xüsusilə qeyd etmək lazımdır.

Palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti var. Dünya təcrübəsində bir çox xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Bunların hər birində müalicə müəssisələri yaratsaq, lazımi infrastrukturu qura bilsək, dünyada təbliğ etsək, Azərbaycana ildə müalicə məqsədilə yüz minlərlə turistin gəlməsinə nail ola bilərik. Ölkə ərazisində sanatoriya, kurortlar, sağlamlıq mərkəzləri, spa mərkəzləri kimi sağlamlıq turizmi obyektlərini, o cümlədən mineral sular, şəfalı su mənbələri, balneoloji, iqlim, müalicəvi palçıq kurortları, Naftalan nefti, müalicəvi duz mağara və yataq-hövzələrini əks etdirən xüsusi sağlamlıq turizmi ilə bağlı məlumat bazasının yaradılması da zəruridir. Bizim də məqsədimiz həm də Azərbaycanın sağlamlıq turizmi potensialını daha da ətraflı formatda geniş auditoriyaya təqdim etməkdir.

 

- Bildirdiniz ki, ölkəmizə gələn xarici turistləri ölkənin regionlarına da səyahət təklif edəcəksiniz. Regionlarda keyfiyyətli xidmətlər göstərilə biləcək onlara?

 

- Hazırda Bakı-Abşeron, Qəbələ, Qusar, Lerik və Gəncədə  yüksək xidmət göstərilir. Amma digər regionlarda da belə yüksək xidmətə nail olmaq zaman tələb edir. Yəqin ki, gələcəkdə bununla bağlı da  irəliləyişlərə nail olunacaq. Amma hazırda da turizm sahəsində çalışanlara treninqlər keçirilir. Onlar təlimatlar üzrə işlərini görəcəklər. Əvvəlki illərlə müqayisə etdikdə isə nəzərəçarpacaq irəliləyişlər var. Çünki turizm sahəsində çalışanlar xarici ölkələrdə də təlimlərə cəlb olunub, Turzim İnstitutlarının təşkil etdiyi kurslardan yararlanırlar, bir neçə həftəlik təcrübələrdə öz bacarıqlarını təkmilləşdirirlər. Bütün bunlar isə onların fəaliyyətinə təsirsiz qalmır.

 

- Ölkəmizə gələn xarici turstlər həm də buradan informasiya toplayıb ölkələrinə qayıdacaqlar. Ölkəmizin həqiqətləri ilə bağlı onlara məlumat veriləcəkmi və tarixi yerlərin ziyarəti təqdim olunan turpaketlərdə öz əksini tapıbmı?

 

- Bütün turlarda qan yaddaşımızla bağlı olan yerlərə önəm verilir. Turizm marşrutlarının özündə belə Şəhidlər Xiyabanı, Quba soyqırımı muzeyi daxil edilib.

 

 

 

Xalid

Tarix
6 May 2015 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ