Ana səhifə
15 Noyabr 2018

Yazıçı Anar: “Bu kitab mütləq erməni dilinə də tərcümə edilməlidir” - TƏQDİMAT

Bu gün Yazıçılar Birliyində Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimatı baş tutub. Mərasimdə Yazıçılar Birliyinin üzvləri, millət vəkilləri, KİV rəhbərləri və kitabın qəhrəmanları -  Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş gənclər iştirak ediblər.

 

 

 

Təqdimatda Yazıçılar Birliyinin katibi Rəşad Məcid  bildirib ki, “Böyüməyən uşaqlar” kitabı Xocalı faciəsini şahidlərin dili ilə hər kəsə çatdırır: “Bu şahidlərin xatirələri unudulmamış faktları yazmaq, kağıza köçürmək, dünyaya yaymaq lazımdır. Bu baxımdan, Elşad Eyvazlının işi təqdirlayiqdir”.

 

Tanınmış tənqidçi Bəsti Əlibəyli də təqdim olunan kitabla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu soyqırımına görə Ermənistan mühakimə olunanadək təbliğat işimizi davam etdirməliyik: “Bizim informasiya, ideoloji müharibə aparmağımız lazımdır. Odur ki, yolumuz uzundur, öz haqqımızı alana qədər mübarizəni dayandırmamalıyıq”.

 

Yazıçılar Birliyinin sədri Anar kitabın onda xüsusi təəssürat yaratdığını vurğulayıb.

“Kitab  çox dəhşətli faktları üzə çıxarır. Bu layihənin davam etdirilməsini, kitabın ingilis dili versiyasını daha geniş yamaq lazımdır. Mən deyərdim ki, hətta bu kitabı erməni dilinə də tərcümə etmək lazımdır. Bəlkə onlarda da vicdanlı adam tapılar və oxuyar, nələr törədildiyini bilərlər”.

 

Milli Məclis üzvü Fazil Mustafa isə artıq Xocalı həqiqətlərini dünyaya yeni formada yaymağın vaxtı çatdığını bildirib: “Bəzən Xocalı faciəsinin çatdırılmasında bayağılaşlmış formalar seçilir. Halbuki, bu faktları elə bir üslubda, elə bir janrda təqdim etmək olar ki, bütün dünya qəbul etsin. Bu kitab məhz həmin yeni üslublardan biridir”.

 

Millət vəkili Adil Əliyev hesab edir ki, biz Xocalı faciəsinə görə ədalət mühakiməsi qurulmasına nail olmalıyıq: “Çalışmalıyıq ki, Ermənistan rəhbərliyi soyqırımına görə cavab versin. Dünya ictimaiyyəti bu soyqırımını tanımalıdır. Həmişə müdafiəçi rolunda çıxış etmişik. Amma hücuma keçmək lazımdır”.

A.Əliyev Rusiyadakı kitabxanalarda münaqişə ilə bağlı azərbaycanlı müəlliflərin rus dilində kitablarının olmadığını təəssüflə bildirib və “Böyüməyən uşaqlar” kitabının bu baxımdan böyük töhfə olduğunu söyləyib.

 

Təqdimatda çıxış edən TRT-nin İtaliyadakı təmsilçisi Dündar Kesaplı bu cür kitabların xarici dildə çapının çox önəmli olduğunu qeyd edib: “Çox hallarda dünyanın belə qətliamlardan xəbəri olmur. 25 ildir İtaliyada jurnalsit kimi işləyirəm. Bu günlərdə İsveçrə radiosuna müsahibəmdə yenə də qondarma erməni “soyqırımı” ilə bağlı sual verdilər. Mən də onlara Xocalı soyqırımından bəhs etdim. “Niyə bu məsələ gündəmə gətirilmir” sualına cavab verə bilmədilər”.

 

Millət vəkili Jalə Əliyeva Xocalı soyqırımı haqqında yaınız hadisələrin ildönümü ərəfəsində danışılmasını düzgün hesab etmədiyini bildirib: “Çünki unutduğumuz zaman uduzmağa başlayırıq”. Jalə Əliyeva tədbirdə anasının Xocalıya həsr etdiyi poemadan hissələri də səsləndirib.

 

Milli Məclis üzvü Tahir Rzayev Xocalıda valideynlərini itirən uşaqlara böyüməyi arzulayıb: “Siz böyüyün, ancaq dəhşətlərimiz, faciələrimiz böyüməsin. Siz yaxşı vətəndaş olun, Azərbaycana layiqli vətəndaşlar yetişdirin, onda biz bu torpağı qoruya biləcəyik”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı kitabın ərsəyə gəlməsini təqdirəlayiq hal kimi dəyərləndirib. O, gələcəkdə kitabın daha çox  dillərə  tərcümə olunmasını arzulayıb.

 

“İrəli” Gənclər Birliyinin sədri MirHəsən Seyidov kitabın  əsasında “25-lər” filminin çəkildiyini qeyd edib. Onun sözlərinə görə, “İrəli” tərəfindən hazırlanan bu film Xocalı faciəsini görən uşaqlardan birinin həyatını əks etdirir: “Yaxın vaxtlarda Xocalı faciəsi ilə bağlı digər filmlərin də çəkilməsi nəzərdə tutulub”.

 

Sonda çıxış edən kitabın müəllifi Elşad Eyvazlı isə “Böyüməyən uşaqlar”ın missiyasından söz açıb: “Məqsədimiz soyqırımını dünyaya çatdırmaqdır. Düzdür, dünya, bəşəriyyət çox dəhşətli qətllərin şahidi olub. Ona görə də onlara Xocalını daha fərqli, özlərinin anladığı dildə çatdırmalıyıq”.

 

Tədbirdə qeyd olunub ki, “Böyüməyən uşaqlar” kitabının müxtəlif dillərə tərcümə olunub nəşr edilməsi “Xocaliya ədalət” kampaniyası tərəfindən tam dəstəklənib. Həmçinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu kitab iki dilə tərcümə olunub, təqdimatları keçirilib. Kitabın ərsəyə gəlməsində və müxtəlif ölkələrə paylanmasında millət vəkilləri Fuad Muradov, Cavanşir Feyziyev və Rövşən Rzayevin xüsusi əməyi olduğu vurğulanıb. Kitabın alman dilindəki versiyası may ayının sonunda Nyu-Yorkdakı beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək. Yaxın vaxtlarda isə “Böyüməyən uşaqlar” daha dörd dildə işıq üzü görəcək.

Tarix
4 May 2015 [18:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin