Ana səhifə
10 Dekabr 2018

Bu gün Füzulinin ad günüdür - 521

Bu gün Azərbaycanın dahi şairi, böyük mütəfəkkiri Məhəmməd Süleyman oğlu Füzulinin ad günüdür. Onun 521 yaşı tamam olur.

 

 

 

Füzuli 1494-cü ildə Iraqın Kərbəla şəhərində anadan olub. Həmin dövrdə İraq Səfəvi dövlətinin tərkibinə daxil idi, əslən türk Bayat tayfasından olan Füzulinin ailəsi buraya Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləıri sırasına daxildir. Şair 1556-cı ildə Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.

 

Məhəmməd Füzuli bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

O, Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçüb. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görüb. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olub. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olub.

 

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

 

Füzuli ilk təhsilini Kərbəlada alıb, Bağdadda davam etdirib. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşayıb. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olub, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənib.

 

"Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməyib.

 

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşüb, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə alıb.

 

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazıb. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib edib.

 

Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

 

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapıb. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənib. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir./aznews.az/

Tarix
1 May 2015 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin