Ana səhifə
19 Sentyabr 2018

Aktyorluq sənətində fitri istedad, yoxsa təhsil?

Rasim Balayev: «Biədəb səsləri olmasına baxmayaraq oxuyurlar»

 

 

 

Suğra Bağırzadə: “Hər artist olmaq istəyəni aktyorluğa götürməzlər»

 

 

Kino tarixinə nəzər salanda diplomsuz və yaxud da, aktyorluq sənəti deyil, qeyri-ixtisas sahibi olan aktyorlarımızın olduğunu göürürk.  Amma elə diplomsuz aktyorlarımız olub ki, bəzi diplomlu aktyorlardan yaxşı oynayaraq kino tarixində öz adını qoymağı bacarıb. Xalq artisti Ələddin Abbasov orta məktəbi tam bitirməyib. Amma bir çox obrazları ilə yanaşı, “Dəli Kür”də Canhandar ağa obrazı ilə tamaşaçılar tərəfindən sevildi. Dünyasını dəyişsə də, o, kino tariximizdə canlandırdığı obrazla daim yaşayacaq. “Pərvanələrin rəqsi” serilından sonra geniş tamaşaçı auditoriyası qazanan xalq artisti Pərvanə Qurbanovanın da ali təhsili  yoxdur. P.Qurbanova müsahibələrində qeyd edir ki, universitet istedad yox, istiqamət verir: «Universitet bitirən adam həm də istedadlıdırsa, bu onun üstünlüyüdür. Bu gün savadlı aktyor hər yerə lazımdır».

«Aktyor üçün fitri istedad, yoxsa təhsil önəmldir» sualına cavab verən xalq artisti Rasim Balayev “Üç nöqtə”yə bildirdi ki, kino tariximizə nəzər saldıqda fitri istedadları ilə öz yerini qazanan aktyorlarımızı görə bilərik: “Düzdür, istedadla yanaşı, təhsilin də olması vacibdir. Aktyor Mirzağa Əliyev aktyorluq təhsili almayıb. İlk təhsilini mollaxanada alıb və rus-müsəlman məktəbini bitirib.

Müəlimim rəhmətlik Mehdi Məmmədov deyirdi ki, Mirzağa Əliyev institut bitirməyib, amma aktyor olaraq özü bir institut idi. Həyatda böyük fitri istedadlı insanlar olur, amma onlar da təhsil alsalar, daha yaxşı olardı. Beləliklə, insanın fitri istedadı, Allah vergisi varsa, müəyyən bir məktəbi də olsa, ikiqat yaxşı olar. Amma qeyd etdiyim kimi, aktyorluq təhsili olmayan və istedadı sayəsində sənətkar olan aktyorlarımız var. Məsələn, Bəşir Səfəroğlu, Mirzağa Əliyev və başqaları. Əvvəlki dövrlərdə fitri istedadı olan aktyorlar özlərini göstərə bilirdilər. Bəlkə də bu gün fitri istedadı olan aktyorlar var, amma onları ortaya çıxaran adam lazımdır. Hazırda aktyorluq sənətinə qarşı stimul yoxdur. Niyə bu gün hamı oxumağa, müğənni olmağa qaçır? Çünki toy var və oradan beş-on manat pul qazanacaqlar. Fikirləşirlər ki, aktyor kimi fəaliyət göstərsəm, filmlərə çəkilə bilməsəm, ailəmi necə dolandıra biləcəm? Teatrda maaş bilirsiniz nə qədərdir? Ümumiyyətlə, aktyor olmaq istəyirsənsə hər bir çətinliyə dözməlisən. Bizim vaxtımızda aktyorluq sənətinə bir vurğunluq, fədailik vardı. İndi onları görmürəm və bu gün hər şey “raşot”la gedir. «Mən bu sahəyə getdim, gələcəyim, həyatım, ailəm, evim, eşiyim necə olacaq», deyə düşünürlər. Bu sənətə gələn aktyorun fitri istedadı, zəhməti ilə yanaşı, sənətinə məzlumvari bir eşqi də olmalıdır. Bu eşq olmasa aktyorluq sənətində olmaq mümkün deyil və o zülmlərə, çətinliklərə, aclıqlara dözmək olmaz. Biz çox aktyorlarımız toylara tamada kimi gedirlər. Bəs neyləsinlər? Mən bir çox aktyorlarımızla bu haqda söhbət eləmişəm. Onların ehtiyacı olmasa tamada getməzlər”.

Xalq artisti onu da dedi ki, səsi olmayan bəzi aktrisalar və müğənnilər var ki, biədəb səsləri olmasına baxmayaraq oxuyurlar: “Bu gün oxumaq ona görə deyil ki, musiqiyə böyük vurğunluq var. Yox. Ruslar ona “raşot” deyirlər. Yəni sabah bir-iki toya gedə bilərəm və dolanaram”.

 

Əməkdar artist Suğra Bağırzadə isə qeyd etdi ki, istedadla yanaşı aktyorun təhsilinin də olması yaxşı haldır: “Çox aktyor və akrtisalarımızın aktyor təhsili var. Düzdür, aktyorluq təhsili deyil, yaxud da, ümumiyyətlə, təhsili olmayan istedadlı aktyorlarımız da var. Amma istedadla yanaşı, təhsil də varsa, bu, daha yaxşıdır. Həyatda insan üçün təhsildən gözəl heç nə yoxdur. Çünki müəllimlər təhsil verməklə yanaşı, sənətini düzgün istiqamətləndirməyə, bilik darirəsini genişləndirməyə kömək edir. Təbii ki, aktyorluq sənətində istedad önəmlidir və aktyor üçün birinci şərtdir. Məsələn, Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Səyavuş Aslan dövründə insitutlar yox idi, texnikumlarda təhsil alırdılar. Hazırda aktyorluq sənətinə gəlmək üçün təhsil alırlar. Təhsildən sonra bu sənətə gəlmək imkanı daha yaxşı haldır. Amma iş ondadır ki, təhsilə, sənətə də fitri istedadı olan uşaqlar götürməlidirlər. Hər artist olmaq istəyəni aktyorluğa götürməzlər. Aktyorluq sənətində yalnız bu halın əleyhinəyəm. Əsasən də aktyorluq sənətinə tələbələri qəbul  edəndə buna çox diqqətli olmalıdırlar».

 

 

 

Rəqsanə

Tarix
29 Aprel 2015 [15:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin