Kimlər qan donoru ola bilər? - Həkim açıqladı

10:39 - 25 Noyabr 2022 - Leykoz

Yaş həddi 18-65 arasında, çəkisi isə 50 kq-dan yuxarı olan şəxslər donor ola bilər. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə müraciət etmək lazımdır.

Bunu Ucnoqta.az Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri İlkin Əsədullayyev deyib. Onun sözlərinə görə, donor qan vermədən əvvəl ən azı son iki saat ərzində müxtəlif qida və mayelər qəbul etməlidir:

"Donor olmaq istəyən şəxsin şəxsiyyət vəsiqəsini qeydiyyata alınır və hemoqlobinin miqdarı yoxlanılır. Hemoqlobinin miqdarı  normal olduqdan sonra həkim müayinəsindən keçirilir. Onun nəbzi, təzyiq və temperaturu yoxlanılır, müxtəlif suallar verilir. Müayinə zamanı donorda nəbzin vurması müntəzəm olaraq bir dəqiqədə 50-100, sistolik qan təzyiqi 180 mm c.s, diastolik təzyiq isə 100 mm c.s-dən artıq olmamalıdır. Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydasına əsasən həyata keçirilir.  Donorların tibbi müayinədən keçirilməsində əsas məqsəd onların sağlamlığının qənaətbəxş olmasını təyin etməklə yanaşı, həm donorların, həm də resipiyentlərin sağlamlığına xələl gətirməməkdir. Donor olmaq istəyən hər bir şəxs öz səhhəti, keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi və s. barədə aidiyyəti tibb işçisinə düzgün məlumat verməli və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi sorğu vərəqəsini doldurmalıdır. Yalnız sağlam və heç bir əks-göstəriciləri (donorluğa müvəqqəti əksgöstərişlər əlavə olunur) olmayan şəxslər müalicə məqsədilə istifadə edilən qan məhsullarının donoru ola bilərlər".

İlkin Əsədullayev qeyd etdi ki, qan donorlarının qanvermə prosedurları arasındakı interval, kişilər il ərzində 4 dəfə, qadınlar isə 3 dəfə qan verə bilər: 
"Qan alındıqdan sonra həmin kütlə 3 əsas hissəyə- eritrosit kütləsinə, trombosit və plazmaya ayrılır. Bu elementlər isə hər biri müxtəlif xəstəliklərdə istifadə olunur. Bir nəfər qan verən şəxs üç nəfərin həyatını xilas etmiş olur.

Lakin xəstəyə istənilən qrupdan qan köçürmək olmaz. Qanköçürmə zamanı tək qan qrupu deyil, rezus faktor (müsbət və ya mənfi ola bilər) nəzərə alınmalıdır".

Xəbər xətti