Ana səhifə
25 Fevral 2018

«Sənətimin dəlisiyəm, məni pul maraqlandırmır»- Müsahibə

Gülyanaq Məmmədova: «Tükənməyən arzularım və edə bilmədiyim işlər var»

 

 

«Həyatın enişli-yoxuşlu yollarından keçə-keçə gəlirik»

 

Tanınmış müğənni, muğam ifaçısı, xalq artisti Gülyanaq Məmmədova  “Şənbə qonağı”mızdır. Xalq artisti yaradıcılığından, səhnəyə gəlişindən, bu günə qədər yaşadıqlarından və ailəsindən danışdı.

 

 

 

- Bir sənətkar kimi istədiyiniz kimi sənətinizin zirvəsindəsinizmi?

- Əlbəttə ki, bir sənətçi üçün fəxri adlardan gözəl heç nə ola bilməz. Xalq artisti fəxri adına görə dövlət başçımıza təşəkkürümü bildirirəm. Təbii ki, sənətə ilk addım atanda ən böyük arzum fəxri ad almaq idi. Kəndimizdən oxumaq üçün gələndə bir əhdim olub ki, təmiz adımla, ləyaqətimlə bu zirvəyə çatım. Vaxtında bəyənmədiyim kəndimizi hazırda o qədər dəyərləndirirəm ki. Bəli, mən o torpaqda böyümüşəm. Mən oradan çıxanda əhd eləmişdim ki, kəndimizdə xalq artisti kimi konsert verəcəm. Əlbəttə ki, sənətin ən yüksək zirvəsində durmuşuq. Bizə dövlətimiz ad verib. Bizi xalqımız, millətimiz bu qədər sevirsə, ixtiyarım yoxdur deyim ki, sənətimin zirvəsinə gəlib çıxmamışam. Bu qədər sevgini, əməyi itirə bilmərəm. Amma özüm özlüyümdə düşünürəm ki, mən hələ o zirvəyə gedirəm. Hələ tükənməyən arzularım və edə bilmədiyim işlər var, qəlbim doludur. Düzdür, biz illərlə sənətimiz üzərində çalışmışıq, zəhmət çəkmişik. Hərdən baxırdıq ki, bizdən sonra sənətə gələnlər fəxri ad aldılar. Onda bəzən qəlbən sınırdıq. Amma yenə düşünürdük ki, biz öz işimizdə olaq, onsuz da insanın çəkdiyi əmək gec-tez qiymətləndirilir. Şükür Allaha, hər şeyə nail olduq. Amma dediyim kimi, arzularım bitmir, tükənmir. Xalq artisti adını aldıqdan sonra “Leyli və Məcnun” operasında “Leyli” obrazını oynadım. Bu yaşa qədər öyrənmişəm, amma hazırda oxuduğum bir ifaya ürək qoymağı hiss edir və həyatı dərk edə bilirəm. Həyatın enişli-yoxuşlu yollarından keçə-keçə gəlirik. Hələ bundan sonra bizi nələr gözləyir, onu bilmirik.

 

- Bu səviyyəyə gəlmək üçün bir çox çətinliklərdən keçmisiniz. İstərdik ki, bir az da o haqda danışasınız…

- Zəhmətkeş kənd qızı olmuşuq. Rayonlara ustad sənətkarlarımız gəlirdi və istedadlı uşaqları seçirdilər. Biz də ifamızla, istedadımızla o uşaqların içindən seçilən ifaçılar olmuşuq. Valideynlərimiz düşünürdülər ki, «uşağımız şəhərə gedər, nə olar, nə olmaz. Təmiz ad qalsın, ləyaqətimiz itməsin». Azərbaycanımızın milli mentaliteti var və bütün ailələrdə azərbaycançılığımızı qoruyub saxlanmalıyıq. Atam və anam bizim bu sənətə gəlməyimizi istəyirdililər, amma bir tərəfdən də qorxurdular. Tək qız uşağı şəhərdə necə olacaq? Amma qohumlarımdan Bakıda yaşayanlar olduğuna görə bir az rahat olurdular.

İnsan çətinliklə qarşılaşanda öz ayaqları üzərində durmağa çalışır. Beləliklə, kəndən gəldim və təhsil aldım, professional səhnəyə üz tutdum. Tələbəlik illərimiz torpaqlarımızın işğalı vaxtına düşdü. Acılı günlər idi. Çörək növbəsinə dururduq, pul tapmırdıq. Təhsilimlə yanaşı, ailəmin də qayğısına qalmağa çalışırdım, ata-anamı unutmurdum. Həmişə onlar üçün ürəyim əsirdi. Həyatda kövrək anlarım, zəhmətim çox olub. Amma nə qədər əziyyət çəksəm də, işimdən zövq ala-ala inamla addımlamışam.

 

- Görünür, Sizi bu gün sənətkar edən də məhz o zəhmətləriniz olub…

- Bəli. Zəhmət çəkməklə nəyəsə nail olmaq çox gözəl olur və onun qədir-qiymətini bilirsən. İnsan hər hansı bir şeyi zəhmət çəkib alırsa, onun qiymətini bilir. Asan olanda heç nəyin qədrini bilmirsən. Həyatıma nəzər salan zaman çətin anlarımı xatırlayanda Allahıma, o günümüzə də, bu günümüzə də şükr edirəm. Allah məni həmişə çətinliklərdən qurtarıb. Yaxşı insanlara, kirayə yaşayanda yaxşı ev sahibəsinə, yaxşı ustad, qayğıkeş sənətkarlara rast gətirib. Mühit də insanı dəyişdirə bilər. Bir pis adam əlinə düşə bilərsən, sənə yaxşı yol göstərməzlər. Bəzən gənclərimiz yollarını azırlar, bu yolda büdrəyirlər.

 

- Sizin həyatda və sənətdə ən böyük dəstəkçiniz kim olub?

- Rayondan şəhərə və professional səhnəyə gəlişimdə qardaşım Ataş kömək edib. O qarmon ifaçısı olub. Uşaqlıq illərimdə müəllimlərimin əməyi olub. Bizim ailəmiz digər ailələrə nisbətən müasir idi, qardaşım müasirliyi gözəl qəbul edirdi. Bakıya gələndən sonra Gülyazın dəstəyi çox olub. Nəriman Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov kimi muğam ustadlarımız olub.

 

- Qeyd etdiniz ki, bizdən sonra sənətə gələnlər fəxri ad alanda inciyirdiniz. …

- Bəli. Amma bu haqda heç kimə heç nə demədik. Amma düşünürdük ki, axı, biz əziyyət çəkirik, niyə unudulmuşuq? Hara deyiblər, getmişik. Uman yerdən küsərlər kimi, təbii ki, pis mənada deyil.

 

- Hər iki bacı - Gülyaz xanım və Siz bir-birinizə dəstək olurdunuzmu?

- Əlbəttə. Bəzən elə tədbirlərdə iştirak etməli idik ki, tədbirin baş tutmasına iki-üç gün qalmış bizi oradan çıxarıb başqalarını dəvət edirdilər. Eləcə də, xarici ölkələrə səfər etməli olurduq, təxirə salınırdı. Hər zaman biz səhnəni önəmli tuturduq. Madiyyatımız toydan çıxır, amma biz onlardan imtina edirdik. Birinci arzumuz səhnədə parlamaq olub. Pul da önəmlidir, beş-üç manat qazanırsan ki, göz qabağındasan, özünü təmin edə biləsən, nəyəsə görə utanmayasan. O baxımdan, haqsızlıqlarla üzləşəndə sınırdıq. Amma yenə də Gülyazla bir-birimizə dəstək olurduq. Deyirdik ki, bəlkə Allah bizi sınağa çəkir. Şükr olsun, mənə elə gəlir ki, sənətimizə dəyər də, qiymət də vaxtında verildi.

 

- Necə düşünürsünüz, xaraktercə Gülyaz xanım daha güclüdür, yoxsa Siz?

- Mən deyərdim ki, Gülyaz.

 

- Amma kənardan Siz güclü görsənirsiniz…

- Hə, elə deyirlər. Amma Gülyazı həmişə özümə müəllim hesab etmişəm. Mənim muğam müəllimim Nəriman Əliyev səhnədə cəngavər deyildi. Amma muğam ustadı kimi əməkdar müəllim idi, Azərbaycanda 90 faiz xanəndələr ondan dərs alıb, ustad sənətkarlar ondan qaynaqlanıb. O, çox gözəl müəllim olub. Gülyaz da elə bir müəllimdir. Mən də müəllimə kimi fəaliyyət göstərirəm, amma Gülyaz kimi deyiləm. Sənətə gəlişimdən bu günə qədər Gülyazdan öyrənmişəm. Amma səhnədə danışmaqda, oxumaqda, tamaşaçını tez ələ almaqda mən daha fəalam. Onlarla da Gülyaz həmişə fəxr edir. İkimizdə eyni xarakterdə ola bilmərik. Gülyaz da səhnədə güclüdür, zərifdir, çox incədir, danışanda çəkinir, amma mən, yox. Mənə hər zaman səhnədə Gülyazın fikirləri önəmli olub. Başqası məni tərif edə bilər, amma o tərifdə bir uçurum ola bilər. Bilirdim ki, Gülyaz acı da olsa düzünü deyir. Əvvəl iradını bildirəndə bir az hirslənirdim, amma sonra düşünürdüm ki, Gülyaz düz deyir və həmin şeyi düzəltməyə çalışırdım.

 

- Hər ikiniz sənətdə eyni səviyyədəsiniz. Sənət aləmində zamanla sizin aranızı vurmağa çalışanlar olubmu?

- Biz heç vaxt elə insanları yaxınımıza buraxmamışıq. Düzdür, özümüzün aramız dəyir də, barışırıq da. İndiyə qədər də elədir, amma küsülü qalmırıq. Yaxşı mənada bir-birimizə iradlar tuturuq, yaxud da danlayırıq. Ailəmizdə nəinki Gülyazla, ümumiyyətlə bacı-qardaş arasında mehribanlıq var. Ailədə 10 övladıq. Hamımız bir-birimizi çox sevirik. Nə qədər sənət yoldaşımız, dostlarımız var. Hamısı ilə hörmətlə əlaqə yaratmışıq, amma hər zaman pərdə saxlamışıq. Dost bir yerə qədər var, özü də indiki zəmanədə..

 

- Sizin sənətinizi yoldaşınız da dəstəkləyir. Belə bir həyat yoldaşınızın olmasına özünüz qərar verdiniz?

- Mən bilmirdim ki, yoldaşım belə insandır. Yoldaşımın sənət aləmi ilə əlaqəsi yoxdur. Biz Türkiyədə konsert zamanı tanış olmuşuq. Məni səhnədə sevib. Türkiyədə Polad Bülbüloğlu ilə gözəl bir tədbirimiz, 1500 nəfərlik salonda möhtəşəm bir konsert proqramımız vardı. Onlar da tamaşaçı kimi konsertə gəlmişdilər. Həmyerli qəribçilkdə daha şirin olur. Səhəri gün evlərinə dəvət etdilər, onlarda qonaq olduq. Beləcə, mənə vurulubmuş. Mənsə açığını deyim ki, sənətdən başqa heç nə görmürdüm, ancaq qarşıma məqsəd qoymuşdum ki, sənətimdə irəliyəcəm.

 

- Yoldaşınız Azərbaycana Sizə görə gəldi?

- Yoldaşımın ailəsi Türkiyədə yaşayır. Ona görə, hamı elə bilir ki,  mənim həyat yoldaşım türkdür. Bu günə qədər də demişəm ki, azərbaycanlıdırlar, Zəngilan rayonundandırlar. Bakıda doğulub və 90-cı illərdə Türkiyəyə gediblər. Qaynanam həkimdir. Amma onu deyim ki, yoldaşıma çox naz elədim, beş il «yox» demişəm. Sonda o öz sevgisi ilə qalib gəldi. Mən də düşündüm ki, bir insan məni bu qədər sevirsə, dəyər verirsə, niyə də ailə qurmayım? O dedi ki, mənə sənin təmiz qəlbin və inamın lazımdır. Amma aramızda yalan olmasın. Beləkilə, nişanlı olduqdan sonra Bakıya gəldi. O Vətənə bağlı insandır. Əvvəl bir az fərqli idi, qısqanclığı vardı. Yavaş-yavaş mən onun, o da mənim inamımı qazandı və bizdə yalan olmadı. Bir yalan belə olsaydı bəlkə də mənə inamı, etibarı itərdi. Mən də qarşıma məqsəd qoydum ki, bizim ailəmizdə yalan olmasın. Nə qədər acı olsa belə, həqiqəti deyəcəyik. Şükürlər olsun, indi hər şey yaxşıdır, inamı, güvəni, dəstəyi var. Çox xoşbəxtəm ki, belə bir insanla ailəli qurmuşam. Dəfələrlə şayiələr çıxır ki, ayrılıblar. Mən ailəmlə xoşbəxtəm. Allah  ayırmasın, bizi yalnız ölüm ayıra bilər ki, o da Allahın qismətidir.

 

- Yoldaşınız  hansı sahədə çalışır?

- Şəxsi bizneslə məşğul olur. Əvvəl idmançı olub, ayağından zədə aldığına görə idmanı tərk edib. Ürəyi, qəlbi ancaq idmanla bağlıdır. Bizim evdə yalnız idman proqramlarına baxılır. Şükr Allaha, gözəl ailəmiz, üç övladımız var. Qızımın 8 yaşı, oğlumun 7, kiçik oğlumun isə 3 yaşı var. Əvvəllər arzum olub ki, 4 övladım, iki qız, iki oğlum olsun. Allahın qismətidir. Mən uşaqlarıma çox zaman ayıra bilmirəm, bacılarım dəstək olurlar. Çox sağ olsunlar. Qapıdan içəri daxil olan kimi uşaqlarım boynuma sarılırlar, məni öpürlər. Hər gün bu hal bizim ailədə beş dəfə baş verir. Bütöv ailə olanda uşaq da xoşbəxt olur. İşimə də, ailəmə də vaxt ayırmağa çalşıram. Xarici səfərlərim də çox olur. Bu yaxınlarda Amerikada konsert proqramı ilə çıxış etdik. Hər şeyə səsimlə, sənətimlə nail olmuşam. Ailəm və sənətim mənim üçün əzizdir və heç birini digərindən üstün tuta bilmərəm. Ailəmə də bu səslə nail olmuşam. Səhnədə oxuyanda məni sevib bəyəniblər.

 

- Gülyanaq xanım, Sizi bir çox nüfuzlu tədbirlərdə görürük. Hətta Türkmənistan prezidentinin doğum günündə də iştirak etdiniz…

- Türkmənistana dəvət aldım və Azərbaycan musiqisinin möhtəşəmliyi ilə hörmət qazandım. Türkmənistanın ölkə başçısı məni qızıl medalla təltif etdi. Mən səhnədə, sənətdə məbləği önəmli tutmuram. Məgər prezidentin mənə olan sevgisi, diqqəti, hədiyyə etdiyi qızıl medalın qiyməti var? Mən Amerikaya səfərə getdim, amma bir qəpiksiz iştirak etdim. Çünki sənətimi daha önəmli tuturam. Pulu toy ilə qazanmışıq, o da ehtiyacımız olduğu üçün. Sənətimin dəlisiyəm, məni pul maraqlandırmır. Pul sadəcə geyimimi, səs yazılarımı əhatə etsin, bəsimdir. Pul yığmaq kimi halalları xoşlamıram. Sabah toy olmayan kimi ac qalan müğənnilərdən biri mən olacam. Düzdür, şükürlər olsun, işləyirik, maaş alırıq. Amma onunla dolanmaq çətindir.

 

- Toylara bir neçə saatlığa gedirsiniz?

- Yox. Bütöv toylara gedirik. Amma çətindir. Mən toyu da səhnə kimi bilirəm və orada da həmin tamaşaçıdır. Yalnız fərqi odur ki, toy repertuarı bir az fərqlidir. Toyu da hər adam apara bilmir. Müğənillər var, deyirlər ki, toya ancaq yarım saatlıq gedə bilirik. Çünki, bötöv toy aparmaq çox çətindir. Mən toyda fonoqram oxumuram, 6 saat canlı toy aparıram. Orada da əmək sərf edib, halal pul qazanmaq istəyirəm.

 

- Şou-biznes nümayəndələrindən kiminlə dostluq edirisiniz?

- Hamısı ilə münasibətim yaxşıdır, amma yaxın deyilik.

 

- Daha hansı ölkələrdə konsert proqramı ilə çıxış edəcəksiniz?

- Nyu-York, Los-Anceles şəhərlərində, Türkiyədə konsert nəzərdə  tutulub. Çünki konsertim çox bəyənilib. Amerikada çox gözəl konsertimiz oldu. Onlara xalq musiqilərimizi, klassik musiqilərimizi və bəstəkar əsərlərini səsləndirdim.

 

 

Rəqsanə

Tarix
24 Aprel 2015 [18:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ