Ana səhifə
11 Dekabr 2018

“İdman yarışlarına böyük maraq göstərirdim”

Vaqif Fərzəliyev: “  iii kursda oxuyarkən kimya fakültəsi tələbə elmi cəmiyyətinin sədri oldum”

 

 

 

Hər bir ölkənin tərəqqiyə çatması biləvasitə onun elm və təhsilinin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Bu da aydındır ki, elm-təhsil sahəsində qazanılmış uğurlar cəmiyyətdə mövcud olan aktual problemlərin həllinə köməklik ğöstərir. Bu istiqamətdə həm ali məktəblərdə, həm də elm tədqiqat müəssisələrində çalışan alimlər tərəfindən elm və təhsilin keyfiyyətini artırmaq üçün müxtəlif yollar axtarılır. Belə bir prinsiplə fəaliyyət göstərən alimlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevdir. Şənbə rubrikamızın bu dəfəki sayında Vaqif müəllimin keçdiyi “uğur yolu”na nəzər saldıq.

Tərcümeyi-halı ilə tanışlıqdan məlum olur ki, 1939-cu il dekabrın 19-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə qəbul edilib. Kimyaçı olmaq tam öz istəyi olub. “Atamı çox erkən yaşımda itirdim. Anam isə evdar xanım idi. Onun sadəcə arzusu övladlarının ali təhsil alması idi. Uşaqlığımız çox əziyyətlə başa gəldiyi üçün istəmirdi, bu vəziyyət sonralar da davam etsin”,-o deyir.

Vaqif Fərzəliyev 1963-cü ildə BDU-nu Lenin təqaüdü ilə bitirib və təyinatla Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitutuna (NKPİ) göndərilib. “Elmi-tədqiqat işinə hələ tələbə ikən maraq göstərirdim. Həm də olduqca fəal içdimaiyyətçi idim. Artıq  III kursda oxuyarkən kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri oldum. ”Fiziki kimya“ və “Neft kimyası” kafedralarında neftin mənşəyinə dair apardığım elmi-tədqiqat  işi 1962-ci ildə BDU-nun elmi əsərlərində çap edildi”,- o deyir.

Vaqif Fərzəliyev 1963-66-cı illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına NKPİ-nin aspiranturasında təhsil alıb. Aspiranturanı bitirdikdən sonra, AMEA Aşqarlar Kimyası İnstutunda (AKİ) kiçik elmi işçi, laboratoriya müdürünün müavini olub və 1969-cu ildən 1988-ci ilədək “Aşqarların sintezinin nəzəri əsasları və təsir mexanizmi” laboratoriyasına rəhbərlik edib. 1978-ci ildən AKİ-nin elm üzrə direktor müavini, 1987-ci ildən isə indiyə kimi direktor vəzifəsində çalışıb. 1968-ci ildə “Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə “Sürtkü yağlarına kükürdsaxlayan aşqarlar” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1987-ci ildə Neft kimyası ixtisası üzrə professor adına  layiq görülüb. Aşqarlar kimyası elminin inkişafı sahəsindəki uğurlarına görə 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. 2005-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Vaqif müəllim 2007-ci ildə AMEA-nın həqiqi üzvü (akademik) və AMEA Kimya Elmləri Bölməsinin akademik katibi və Rəyasət Heyətinin üzvü seçilib. 2008-2013-cü illərdə isə AMEA-nın akademik-katibi olub. 2009-cu ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası prezidentinin sərancamı ilə ona “Azərbaycan Respublikasının Əməkdar elm xadimi “ fəxri adı verilib.

Bu qədər nailiyyətlər qazanmasına görə, həmişə Alaha minnətdarlıq edir.

 

“Tələbə elmi cəmiyyətləri böyük elmin astanası hesab olunurdu”

 

Vaqif müəllim öz dövrünün tələbəliyi ilə indiki tələbəliyin kəskin fərqləndiyini deyir. O zaman alim kimi yetişmək üçün gecə-gündüz çalışmalı idin: “Tələbə Elmi Cəmiyyəti böyük elmin asatanası sayılırdı. Orada təmsil olunan gənc tədqiqatçılar ölkədə və SSRİ miqyasında bütün il boyu müntəzəm keçirilən elmi-nəzəri konfranslar, seminarlar və olimpiadalarda fəal iştirak edirdilər. Biz tez-tez elmi seminarlar keçirib, orada tələbələr, aspirantlarla birgə kimya elminin əsas anlayışlarını əks etdirən, müasir problemlərinə yönələn müxtəlif mövzularda elmi məqalə, tezislər hazırlayırdıq. Biz gənc tədqiqatçıları dəqiq riyazi məntiqə əsaslanan müzakirələrə alışdırmaqla yanaşı, gənc alimlərə-sadəlik, təvazökarlıq, səmimiyyət, vətənpərvərlik kimi yüksək əxalqi keyfiyyətlər aşılayırdılar. Bir sözlə tələbələri əsl müəllim və tədqiqatçı kimi yetişdirir, onlara öz fikirlərini düzgün, səlist ifadə etmələri üçün dəyərli məsləhətlər verirdilər. Beləliklə, tələbələr ilk gündən elmə həvəsləndirilir, onlar sərbəst işləməyə alışır, biliklərə daha dərindən yiyələnməyə çalışırdılar”.

Vaqif müəllimlə söhbətdən məlum olur ki, o təkcə Azərbaycan elminə deyil, həm də zəngin tarixinə, mədəniyyətinə, folkloruna, eləcə də  dünya ədəbiyyatına baglı insandır. Onun ən sevimli məşğuliyyətindən biri kitab oxumaq, lətifə və aforizmlərdən istfadə etməsidir. O hər səhər erkən oyanaraq mütaliə edir. Oxuduğu yeni əsərləri öz sevimli tələbələrinə anlatır, bu yolla onlarda ədəbiyyata maraq oyadır. Vaqif müəllimin dərin ədəbi mühakimələri və tarixi faktları dəqiqliklə bilməsi bəzən onun ədəbiyatçı və ya tarixçi olduğu təəssüratı yaradir.

V.Fərzəliyev qeyd edir ki, tələbə vaxtı idmana da böyük yer verib. O, Universitetdə idmanın futbol, voleybol, tenis və sair növlərində keçirilən yarışlarında fəal iştirak edib: “Hətta “bodybuilding” (bədənyığma) yarışları keçrilirdi, ona da qatılırdıq. Amma indi hiss edirəm ki, hər bir idmanın faydası ilə yanaşı ziyanı da var. İndi səhətimdə yaranan bir çox problemlər bunlardan irəli gəlir”. 

Vaqif müəllim elmi fəaliyyəti ilə seçilən alimlərdəndir. Aşqarların sintezi və tədqiqinə, kükürdüzvi birləşmələrin kimyasına, oksidləşmə proseslərinin qarşısını alan inhibitorların tədqiqinə və s. dair MDB ölkələrində çağırılmış 60-dan çox Ümumittifaq və Beynəlxalq konfrans və simpoziumların fəal iştirakçısı olub, o cümlədən Almaniyada (1976), Hindistanda (1997) və Türkiyədə keçirilən simpozium və konqreslərdə respublika elmini layiqincə təmsil edib və dərin məzmunlu məruzələrlə çıxış edib.

İctimai fəallığına gəldikdə o, 1966-70-ci illərdə Azərbaycan Respublikasının Gənc Alimlər Şurasının sədri olmaqla, gənc alimlərdən ibarət nümayəndə heyətinin tərkibində Almaniya və Macarıstana gedib. O, gənclik illərində həmçinin Rumıniya, İraq, İngiltərə və Hindistanda elmi ezamiyyətlərdə olub.

V.Fərzəliyev əldə etdiyi elmi nailiyyətlərin əsas nəticələri 600-dən çox elmi əsərlərin, o cümlədən  100-dən çox müəlliflik şahadətnaməsi və patentdə öz əksini tapıb. Həmin əsərlər Azərbaycan, Rusiya, Böyük Britaniya, Almaniya, Rumıniya, Türkiyə və Hindistanın nüfuzlu jurnallarında dərc olunub.

Müsahibimizin elmi təşkilatçılıq fəaliyyətinin səciyyəvi məziyyətlərindən biri də illər ərzində neft kimyası və üzvi kimya sahəsindəki bir sıra xarici mərkəzlərlə sıx elmi əlaqələr yaratması, indiyədək qoruyub saxlaması və bütün tərəflər üçün qarşılıqlı faydalı işlərə dəstək verə bilməsidir. Onun bir neçə əcnəbi (ingilis, rus və türk) dili lazimi səviyyədə bilməsi əcnəbi həmkarları ilə ünsiyyət yaradılmasını və qarşılıqlı anlaşmanı əhəmiyyətli dərəcədə asanlaşdırır.

YUNESKO-nun məsləhətçisi kimi V.Fərzəliyev, təbii ki, İraq və Yaxın Şərq ölkələrinin neft institutlarında aşqarların sintezi və tədqiqi, sürtkü yağlarının yaradılması sahəsində yeni elmi istiqamətin inkişafına müəyyən xidmətlər göstərib. Onun Hindistan İnstitutu, Türkiyə Firat İnistitutunun xatirə medalları ilə təltif olunması həmin xidmətlərin dəyərləndirilməsi deməkdir.

 

Həmişə elmi axtarışda olan yenilikçi alim

 

Ölkə və əcnəbi alimlər arasında böyük nüfuza malik olan akademik V.M.Fərzəliyev hazırda aşqarlar və yağlar sahəsində elmi axtarışlarını müasir tələblər səviyyəsində, müstəqil Azərbaycanın maraqlarını nəzərə almaqla perspektivli istiqamətlərdə davam etdirir.

Vaqif müəllim milli kimyaçı kadrların və alimlərin hazırlanmasına da böyük önəm verir. O, 1987-ci ildən başlayaraq indiyədək Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmaqdadır. O, pedaqoq kimi dərs dediyi tələbələrə dərin bilik verməklə yanaşı onlarda elmə maraq oyatmağa, yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə və vətənpərvərlik hissi aşılamağa çalışır. Onun dərs dediyi yüzlərlə tələbə sonrakı illərdə müxtəlif sahələrdə kimyaçı, mühəndis, elmi işçi və s.kimi uğurlu fəaliyyət göstərməkdədirlər. O, həmçinin xarici ölkələr üçün də alim kadrlar yetişdirir. Ümumiyyətlə, V.M.Fərzəliyevin yetirmələri arasında elmlər namizədləri və doktorları, professorlar, istehsalat komandirləri və yüksək vəzifəli şəxslər də var. Onun respublikamızda və xarici ölkələrdə çalışan yetirmələri dünya miqyasında tanınmış müəllimlərinin adını daim uca tuturlar. Hazırda Neft kimyası kafedrasında Neft və qaz məhsulları və onların keyfiyyətinin yaxşılaşdırılması xüsusi kursu üzrə mühazirələr oxuyur. V.M.Fərzəliyevin elmi rəhbərliyi ilə 4 elmlər doktoru və 18 elmlər namizədi hazırlanıb. Onların arasında əcnəbilər də var.

Akademikin gənc elmi tədqiqatçılar üçün müəyyən etdiyi fəlsəfə doktoru və elmlər doktorluğu üzrə dissertasiya mövzuları aktual problemlərin araşdırılmasına həsr olunur. Tədqiqat işlərinin daha səmərəli aparılması üçün BDU ilə AMEA Aşqarlar Kimyası İnstitutu arasında körpü yaradıb.

V.Fərzəliyev inkişaf etmiş Qərb ölkələrində, o cümlədən, ABŞ-da universitetlərin elmi laboratoriyalarının böyük elmin aparıcı qüvvə rolunda çıxış etməsinin zəruriliyini dərk etdiyi üçün bu imkanların AMEA institutlarında yaradılmasının tərəfdarıdır. Onun fikrincə, elm həmişə axtarışdır, həmişə yenilikdir və bu yeni ideya və baxışların gənc tədqiqatçıların dilindən daha cəsarətlə söylənməsi üçün onlar əsl mütəxəssis kimi formalaşmalıdırlar. Zənnimizcə, Vaqif müəllimin formalaşdırdığı bu ideyanı daha geniş tətbiq etmək müasir elmimizin inkişafı üçün olduqca vacib məsələdir. 

 

 

Əfsun

Tarix
24 Aprel 2015 [21:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin