"Donorluq ən ülvi, nəcib hərəkətdir" – Vüsalə İmamova

15:31 - 25 Oktyabr 2022 - Leykoz

Talassemiya xəstəliyinin əsas müalicə üsulu xəstələrə hər ay donor qanından hazırlanan eritrosit kütləsinin köçürülməsindən ibarətdir. Bu, irsi qan xəstəliklərindən əziyyət çəkənləri ölümdən xilas etməyə kömək edir.
Bu səbəbdən də təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Onun ehtiyatının yaradılması qarşıda duran əsas məqsədlərdən birinə çevrilir.

Kifayət qədər təhlükəsiz qan ehtiyatlarının təmin edilməsinin əsas yolu isə könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. Qan donoru nə qədər sağlam olarsa, onun qanı bir o qədər yararlı sayılır.

Ucnoqta.az xəbər verir ki, Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Vüsalə İmamova bildirir ki, bu genofond üçün çox faydalıdır.  Onun sözlərinə görə, xəstəyə ayda bir dəfədən tutmuş 4 dəfəyədək transfuziya əməliyyatı həyata keçirilir. İlkin olaraq xəstə bizim bölməyə gəlir. Biz xəstənin qan qrupunu (8 qan qrupu var), alt qrupunu dəqiqləşdiririk və  bundan sonra uyğun qan seçilir.

Vüsalə İmamova qeyd edir ki, xəstəyə qan vurmaqla iş bitmir. “Qan vurmaqla yanaşı  dəmirin orqanizmdə çox toplanmasının qarşısını almaq üçün xəstə hemotoloq nəzarətində olmalıdır. Eyni zamanda lazım olan preparatlar vaxtında qəbul etməlidir”.

Onun sözlərinə görə, qan donorlar tərəfindən təmin edilir. “Donorluq ən ülvi, nəcib hərəkətlərdən biridir. İnsan həyatını xilas edir. Kim donorluq edirsə,  verdiyi qan özünə qayıtmasa belə, onun ətrafına, qohumuna, qonşusuna mütləq dərəcədə qayıdacaqdır. Qan isə mütləq sağlam bədəndən, yaşı 19-dən 61-dək, çəkisi 50 kiloqramdan yuxarı olan şəxslərdən alınmalıdır”.

Bölmə müdiri qeyd edir ki, qan verməzdən əvvəl əməl edilməli qaydalar var. “Qan və onun komponentləri donorluğu – qan və onun komponentlərinin təhlükəsiz tədarükünün təşkil olunmasına yönəlmiş tədbirlər kompleksidir. Müalicəvi məqsədlə istifadə olunması nəzərdə tutulan qan və onun komponentləri yalnız insandan, onun sağlamlığına heç bir zərər vurmamaq şərti ilə almaq olar.  Qan verməzdən üç gün qabaq aspirin, analgin, noşpa və digər qanı duruldan dərmanlar qəbul etmək olmaz. Əgər hansısa bir dərman qəbul edilibsə, o zaman qan verənə kimi donor qan köçürmə stansiyasının tibb işçilərindən məsləhətlər almalıdır. Qan verməzdən əvvəl yaxşı yatmaq və yüngül səhər yeməyi mütləqdir. Lakin qızardılmış, istiotlu, duzlu, hisə verilmiş yeməklər, bundan əlavə banan, yumurta, süd məhsulları və yağ yemək məsləhət deyil. Qidalanma zamanı lazımi qədər maye qəbul etmək, məsələn, şirin çay, kompot, mineral su, mürəbbə, çörək, suxarı, suda qaynadılmış yarma, balıq, tərəvəz və meyvə qəbul edilməsi daha məsləhətlidir. Qan verməzdən əvvəl içilən iki stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin edir. Həmin qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir. Belə ki, onların pozulması tədarük olunan qan komponentlərinin keyfiyyətinə mənfi təsir edə bilər. Qanvermədən öncə və sonra 48 saat müddətində alkoqol qəbulu qadağandır.  Qanvermədən 1 saat öncə və 1 saat sonra siqaret çəkmək tövsiyə olunmur. Siqaret çəkildiyi zaman qana keçən nikotinin toksiki təsiri pasiyentlər üçün təhlükəlidir. Əks halda başgicəllənməsi, ürəkbulanması ola bilər”.

Vüsalə İmamova bildirir ki, qanvermə ilə qan analizi fərqlidir. Belə ki, qan analizi ac qarına verilir, yemək yemək məsləhət görülmür, qanvermədə isə müəyyən yeməklər, maye qəbul etmək olar.

Onun sözlərinə görə, qan vermək istəyən donor ilk öncə bölməyə müraciət edir və onun haqqında məlumatlar dəqiqləşdirilir. Bundan sonra həkim müayinəsindən keçir, sağlamlıq dərəcəsi aşkara çıxarılır. “Bizim kriterlər çoxdur. Qan vermək üçün müraciət edən hər şəxsdən qan götürülmür. Qan donoru olmaq istəyən vətəndaşların qan donorluğuna uyğunluğunun qiymətləndirilməsi qan banklarında həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. Qan vermək üçün əks göstərişlərin olub olmadığı və keçmiş xəstəlikləri araşdırılır. Donorun müayinəsi zamanı bədən çəkisi, temperaturu, qan təzyiqi, nəbzi ölçür və yoxlanılır. Laborator müayinə zamanı ilkin mərhələdə hemoqlobin dəyəri ölçülür. Qanın kliniki və biokimyəvi analizləri həyata keçirilir. Bir sözlə həkim tərəfindən obyektiv, subyektiv müayinə metodları həyata keçilir. Qanvermə zamanı donorlar isti çay, qəhvə və şirniyyatla təmin olunurlar.
 Əgər hər şey qaydasındadırsa, o zaman donordan qan alınır. Xəstəliklərin mövcudluğuna şübhə yarandıqda isə ona qan verməyə icazə verilmir. Məsələn, donor bir il müddətində əməliyyatdan keçibsə ondan qan götürmək olmaz. Bundan başqa, xronik xəstəliyi olan şəxslər və şəkərli diabet, astma, epilepsiya, qanama diatezi kardiovaskulyar problemi olan, sistemik xəstəliyi olanlar donor ola bilməzlər. Eləcə də, infeksion xəstəliyi, hepatit virusu, AİDS-ə yoluxmuş şəxslər donor kimi qəbul olunmurlar. Bundan əlavə, narkotik, psixotrop və digər güclü təsir edən maddələrin istifadəçiləri, həmçinin hamilə və südverən analar da donorluq üçün uyğun deyillər.

Bölmə müdirinin sözlərinə görə, müayinənin nəticələri müsbət olduqdan sonra donordan qan alınır. “Qanvermə prosesi çox uzun çəkmir, 15-20 dəqiqədə başa çatır. Alınan qanın standart dozası 400 ml təşkil edir. Qan verdikdən sonra donora dərhal ayağa qalxmaq məsləhət görülmür, 10-15 dəqiqə ərzində donor sakitcə əyləşməli, dincəlməlidir. O, başgicəllənmə və zəiflik hiss edərsə, dərhal uzanıb ayaqları yuxarıya doğru qaldırmalı, dincəlməlidir. Əgər narahatçılıq davam edərsə, tibb personalına müraciət edilməli, onların dediklərinə əməl etməlidir. Duş və vanna isə  bir gün sonra qəbul etmək olar.  24 saat müddətində idmanla məşğul olmaq və ağır yük qaldırmaq tövsiyə olunmur.

Vüsalə İmamovanın sözlərinə görə, qan vermə orqanizmi yeniləyir, sağlamlaşdırır. İnsanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını alır: şəkərli diabet, yüksək xolesterin, yüksək təzyiq, qaraciyər, ürək-damar və xərçəng xəstəliklərinin riski az olur. Sübut olunub ki, daim qan verən insanın müxtəlif travmalar, qəzalar və s. nəticəsində  qanaxmadan həlak olmaq riski adi insanla müqayisədə daha azdır. Yəni donor və adi insan eyni travma alarsa, donorun sağ qalmaq ehtimalı daha yüksəkdir. O aterosklerozun, infarktın, insultun profilaktikası sayılır. Qanvermə tromblara meylli olan insanlar üçün də xeyirlidir. Bundan başqa, immun sisteminin, qara ciyərin, dalağın fəaliyyətini yaxşılaşdırır, mübadilə proseslərini sürətləndirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, donorlar adi insanlarla müqayisədə orta hesabla 5 il çox yaşayırlar.

Həmçinin qanvermə yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır və daha yaxşı psixi sağlamlığa səbəb olur. Hər qanvermədə donorların pulsuz tibbi müayinə keçdiyi təmin olunur. Onlar xəstəliyinin olub-olmaması ilə bağlı məlumatlandırılır.  Bu isə vaxtında xəstəliyin müalicəsinə imkan verir.

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qan donorluğu barədə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti