""Nant" asan oyun olmayacaq" - Zubir

15:31 - 22 Oktyabr 2022 - Müsahibə

"Qarabağ"ın futbolçusu Abdulla Zubirin "Report"a müsahibəsi

31 yaşlı yarımmüdafiəçi 2018-ci ildən "köhlən atlar"ın formasını geyinir. Peşəkar karyerasına 2011-ci ildə "Qrenobl"da başlayan fransalı oyunçu üç dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə ölkə kubokunun qalibi olub.

- Rəqiblərindən 1 oyun az keçirən "Qarabağ" 10 matçdan sonra maksimum nəticə ilə turnir cədvəlində vahid liderdir. Rəqiblər çox zəifdir, yoxsa siz həddindən artıq güclüsünüz? Ümumiyyətlə, bu mövsüm rahat çempion olacağınızı proqnozlaşdırmaq olarmı?
- Bu barədə fikir bildirmək çox erkəndir. Çempionat yeni başlayıb. Uzun marafonun əvvəlindəyik. Hər şey baş verə bilər. İndidən çempionluq barədə yox, hər növbəti oyun barədə fikirləşirik.

- Çempionluq yolunda özünüzə ən ciddi rəqib kimi hansı komandanı görürsünüz?
- Bütün rəqiblər bizə başağrı ola bilər. Amma mən "Neftçi" və "Sabah"ı xüsusi qeyd edərdim. Çünki heyətlərində keyfiyyətli futbolçular var.

- "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də yaxşı təsir bağışlayır. Bu mövsümkü uğurlu çıxışın sirri nədədir?
- Əslində burada hər hansı sirr yoxdur. Bütün uğurlu nəticələrin əsas səbəbi daha çox və ciddi işləməyimizdir. Bunun nəticəsini meydanda görürük. Bütün rəqiblərimizə hörmətlə, oyunlara isə ciddi yanaşırıq.

- G qrupinda növbəti oyun Fransada "Nant"a qarşı olacaq. Uzun illər bu ölkədə oynamısınız, rəqibi sizdən yaxşı tanıyan olmaz. Yəqin ki, Qurban Qurbanov "Nant"ı analiz etmək üçün başqa mənbələr axtarmayıb...
- İnanmıram ki, mənim fikirlərimə ehtiyacı olsun (gülür). Çünki bu rəqibə qarşı artıq bir oyun keçirmişik. Artıq rəqib haqqında lazımi məlumatlar onda var. Düşünmürəm ki, mənim xidmətlərinə ehtiyac duysun.

- Bakıdakı oyunda "Nant"ı darmadağın etdiniz. Qrupdan çıxmaq üçün səfərdə sizə 1 xal da kifayət edəcək. Fransaya hansı nəticə üçün yollanacaqsınız: heç-heçə, yoxsa qələbə?
- Mənə elə gəlir ki, Fransadakı oyun tamam fərqli olacaq. Bizimlə matça ciddi hazırlaşırlar. Özümüzə gəldikdə isə biz hər oyuna qələbə üçün çıxırıq. Hədəfimiz hər zaman 3 xal olur.

- Sizcə, "Nant" evdə Bakıdakı matçdan fərqli, hansı oyunu təklif edəcək? Ehtiyatlı oynayacaq, yoxsa hücuma atılacaq?
- Rəqibin heyətində zədəli futbolçular var. Ona görə nəsə demək çətindir. Bununla belə, asan oyun olmayacaq. Çünki "Nant"da olduqca keyfiyyətli və istənilən matçın nəticəsini dəyişə biləcək futbolçular çoxdur.

Xəbər xətti