Ana səhifə
19 Fevral 2018

"Qızıl dubl"u fikirləşməsi "Qarabağ"a təhlükə olar"

Əmrah Çəlikəl: «Çünki hələ nə çempion olmuşuq, nə də kuboku qazanmışıq»

 

 

 "Qarabağ" klubunun direktoru  Əmrah Çəlikəlin qol.az saytına müsahibə verib.

 

- "Qarabağ" altı illik fasilədən sonra yenidən Azərbaycan kubokunun finalına yüksəldi. Öncə bununla bağlı təəssüratlarınızı öyrənək...

- Əlbəttə ki, finala çıxmaq çox xoş duyğudur. Düzdür, komandamız "Simurq"la ağır bir oyun keçirdi. Ancaq əsas odur ki, iki oyunun nəticəsində  finala yüksəldik. Həlledici görüşdə rəqibimiz "Neftçi" olacaq. Bu da finala əlavə rəng qatacaq. "Neftçi" ilə qarşılaşacağımız üçün sevinirik. Finalda da komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Finalda "Neftçi"i ilə qarşılaşacağımıza ona görə sevinirik ki, rəqibimiz köklü klubdur. Yəni "Qarabağ"a layiqli rəqibdir. Məncə, final qarşılaşması gözəl futbol bayramı olacaq.

 

- Sizcə, "Neftçi" də finalda rəqibinin  "Qarabağ" olmasına sevinir?

- Bizim hər zaman "Neftçi" ilə gözəl münasibətlərimiz olub. Həm yaxşı rəqib, həm də dost olmuşuq. Məncə, onlar üçün də rəqibin önəmi yoxdur. Hər iki komandanın məqsədi kuboku qazanmaqdır. Daha çox istəkli olan komanda kuboku qazanacaq.

 

- Final matçını Qəbələdə keçirilməsinə münasibətiniz necədir?

- Bu, sevindirici haldır ki, bölgəmizdə oynayacağıq. PFL-in bu addımını düzgün qiymətləndiririk. Bu barədə bizə müraciət etmədilər. Heç buna ehtiyac da yoxdur. İstənilən yerdə oynamaq bizim borcumzudur və buna hazırıq. Qəbələdə hər bir şərait var. Qəbələlilər gözəl bir oyuna şahidlik edəcəklər.

 

- Azarkeşlərin Qəbələyə aparılması üçün nə kimi işlər görüləcək?

- Mütəmadi olaraq azarkeşlərlə işləyirik. Təbii ki, final matçı üçün də planlarımız var. Qəbələyə getmək istəyən hər bir azarkeşimizi ora aparmağa çalışacağıq.

 

- Son vaxtlar "Qarabağ" "qızıl dubl" edə biləcəkmi" sualı çox verilir. 1993-cü il istisna olmaqla, komandanız daha əvvəl  də "qızıl dubl" etməyə yaxın olsa da, bunu bacarmamışdı. "Qarabağ"ın bu mövsüm əvvəlki illərdən fərqli olaraq hər iki kuboku qazanmağa yetərincə gücü var?

- Düzgün qeyd etdiniz ki, əvvəlki illərdə də "qızıl dubl" etməyə yaxın olmuşuq. Ancaq şansımızı əldən verdik. İndi isə təmkili olmalıyıq. Hər bir qarşılaşmaya final oyunu kimi hazırlaşmalıyıq və belə də edirik. Düzdür, futbolçularımız həm psixoloji, həm də fiziki cəhətdən çox yükləniblər. Yorğunluq hiss olunur. Bunu hamımız görürük. Ancaq bu, tək "Qarabağ"da deyil, bütün komandalarda var. Dörd gündən bir oyuna çıxırıq. Hazırlıq səviyyəsi nə qədər yüksək olsa da, belə sıx qrafiklə oynamaq yorğunluq yaradır. İndidən "qızıl dubl" haqda düşünsək, böyük səhv edərik. Çünki hələ nə çempion olmuşuq, nə də kuboku qazanmışıq. Bunu düşünmək bizim üçün böyük təhlükədir.

 

- Artıq mövsümün sonudur. Yəqin ki, transfer işləri sürətləndirilib. Qurban Qurbanov transferlə bağlı  tələbini rəhbərliyə bildirib?

- Bizə təklif olunan futbolçular var. Amma baş məşqçi hələ öz istəyini bizə çatdırmayıb. İndiki məqamda bütün diqqətimizi kubok və çempionata yönəltmişik. Hazırda hərtərəfli iş gedir. Bu məsələlər baş məşqçimizlə rəhbərlik arasında müzakirə olunur. Komandanın qarşısında çətin vəzifələr var. Ağır oyunlara hazırlaşmaq lazımdır. Transfer məsələsində əsas söz sahibi baş məşqçimiz  Qurban Qurbanovdur. Onun istədiyi addımları atacağıq. Bəli, görüşlərimiz, iclaslarımız olur. Ancaq çempionat başa çatmamış bu barədə danışmağımız komandaya zərbə olar. Həm də əsasə hədəfdən yayına bilərik.

 

- Yerli futbolçulardan Maksim Medvedyev və Vüqar Nadirovun müqaviləsi mayda başa çatır. Onlarla yeni müqavilə haqda razılıq əldə olunub?

- Onların "Qarabağ"a mənəvi bağlılıqlarını bilirik. Məncə, heç biri ilə problem olmayacaq. Onlarla razılığa gəlib müqavilə bağlamışıq desəm, yalan olar. Ancaq yəqin ki, "Qarabağ"da qalacaqlar.

 

- Bir neçə legioner futbolçunun da müqaviləsi başa çatır. Onlarla danışıqlar nə yerdədir?

- Hər biri ilə danışıqlar gedir. Ancaq hazırda daha vacib vəzifələrin icrası ilə məşğuluq.

 

- Çumbinyo zədə səbəbindən uzun müddətdir ki, komandadan ayrı düşüb. Onu gələn mövsüm "Qarabağ"da görəcəyik?

- O, hazırda vətənindədir. Yay təlim-məşq toplanışında komandaya qoşulacaq.

Tarix
23 Aprel 2015 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ