Məktəblinin döyülməsi ilə bağlı müəllimə xəbərdarlıq edildi

16:25 - 6 Oktyabr 2022 - Cəmiyyət

Sosial şəbəkədə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta məktəbdə müəllimin 4-cü sinif şagirdini döyməsi ilə bağlı məlumat yayılıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə operator Elşad Mətləboğlu öz feysbuk hesabında yazıb. O qeyd edib ki, valideynin hadisəyə etirazından sonra müəllimlə aralarında mübahisə yaranıb və valideyn polisə şikayət edib: “Bundan sonra müəllim valideyni qrupdan çıxarıb və həmin şagirddən dərs soruşmur. Valideyn tərəfindən məktəbin direktoruna dəfələrlə müraciət olunsa da, problem öz həllini tapmır. Həmin şagird uşaqların yanında utanır, məktəbə getməyə qorxur”.

Problemlə əlaqədar 310 nömrəli tam orta məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, ibtidai sinif müəlliminin şagirdi tənbeh etməsi ilə bağlı məsələ nəzarətə götürülüb: “Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimdən izahat alınıb və Pedaqoji Şuranın qərarına əsasən müəllimə xəbərdarlıq edilib. Həmçinin məktəb rəhbərliyi və psixoloqun iştirakı ilə şagird və valideynlə müvafiq söhbət aparılıb. Valideynin müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb. Hazırda məsələ həllini tapıb, məktəbdə tədrisin təşkili prosesinə nəzarət daha da gücləndirilib”.

Daxili İşlər Nazirliyindən isə məsələnin araşdırıldığı bildirilib.///qafqazinfo

Xəbər xətti