Motosikletlə narkotik daşıyan iki qardaş saxlanıldı - FOTO

14:00 - 6 Oktyabr 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən ötən gün saat 01:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 12-ci kilometrliyində dövlət qeydiyyat nişansız, dəbilqəsiz və manevr qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü paytaxt sakini, 1992-ci il təvəllüdlü Səmədli Siruz və onun qardaşı sərnişin qismində olan 1997-ci il təvəllüdlü Səmədli Xancan saxlanılıb.

İdarədən Ucnoqta.az-a verilən məlumata görə, hər iki şəxsin özünü şübhəli aparması və xüsusilə X.Səmədlinin əlindəki çantanı gizlətməsi sübhə doğurduğundan çantaya əməkdaşlar tərəfindən baxış keçirilib. Çantaya baxış keçirilən zaman 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 258,305 qram olan heroin və 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 498,700 qram olan tiryək aşkarlanıb və maddi sübut kimi götürülüb.

Qardaşlar maddi sübutlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib və hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər xətti