“Dövlətin ayırdığı vəsait bizə verilməyib” - Sərnişindaşıma şirkətlərindən müraciət

11:31 - 26 Sentyabr 2022 - Cəmiyyət

Son günlərdə ictimai nəqliyyatda vəziyyətin çətinləşməsi, dünyada və ölkədə davam edən bahalaşma dalğasının özəl daşıyıcı şirkətləri çətin durumda salması barədə məlumatlar yayılır.

Ucnoqta.az xəbər verir ki, Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar.

Şirkətlər İqtisadiyyat Nazirliyindən mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.

Kollektiv müraciətdə qeyd edilib ki, cari ilin yanvar və aprel aylarında da Bakı şəhərində sərnişindaşıma xidməti göstərən şirkətlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edib. Lakin həmin müraciətlər cavabsız qalıb: “İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günədək nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırmağı vacib hesab edirik ki, Bakı şəhərində ictimai nəqliyyatın 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Belə ki, 3 ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% bahalaşaraq 80 qəpik müəyyən edilib. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir. Avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb. Bu hallarda şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı, şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymuş, borclanmanı daha da artırmış, fəaliyyət imkanlarımızı risk altına salıb”.

Şirkətlər dövlət rəhbərliyinə ünvanladıqları müraciətdə pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsaitin onlara verilmədiyni qeyd ediblər: “Məlum olduğu kimi, Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat (tədbirlər planın 10-cu bəndi) vəsait ayrılıb. Lakin tədbirlər planının 10-cu bəndində nəzərdə tutulmuş “həyati vacib sərnişindaşıma sahəsi” üçün ayrılmış vəsaitin bir hissəsi Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait bizə ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətimizin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Şübhəsiz ki, vəsaitin ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi”.

Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını da xahiş ediblər, həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsini, kartla ödənişə keçidin başa çatdırılmasının vacib olduğunu vurğulayıblar.

Şirkət rəhbərləri İqtisadiyyat Nazirliyində qəbul olunmalarını xahiş ediblər və yaranmış çoxsaylı problemlərin həlli üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu bildiriblər.

Xəbər xətti