Mədəniyyət naziri Ağstafada vətəndaşlarla görüşüb

14:27 - 31 Avqust 2022 - Mədəniyyət

Mədəniyyət naziri Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa və Tovuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Ağstafa Rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov 2008-ci ildən fəaliyyət göstərən mərkəzin işi ilə tanış olub, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirib.
Daha sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət ocağının başqa binaya köçürülməsi, rayon mədəniyyət müəssisələrinin kadr məsələləri, uşaq musiqi və incəsənət məktəbləri üçün tədris vəsaitinə icazə verilməsi, tarix-mədəniyyət abidələrinin qorunması, kitabxana sisteminin inkişafı, bundan əlavə, aparıcı mədəniyyət ocaqlarının əsaslı təmiri, adın əbədiləşdirilməsi və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Xəbər xətti