Ana səhifə
11 Dekabr 2018

«Onu ürəyimə salsam çoxdan qocala bilərdim»

Kazım Abdullayev: «Tamadalıqdan televiziyaya gəlib aktyor olurlar və adlarını komediya artisti qoyurlar»

«Elə aktyorlar var ki, 40 ildə 40 rol oynaya bilməyiblər»

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artisti Kazım Abdullayev “Şənbə qonağı”mızdır. O, aktyor kimi fəaliyyətə Sumqayıt Dövlət Dram Teatrında başlayaraq bir çox obrazları canlandırıb. 1996-2004-cü illərdə isə fəaliyyətini Bələdiyyə Teatrında davam etdirib. 2005-ci ildən Akademik Milli Dram Teatrında işləyən əməkdar artistlə doğum günü ərəfəsində görüşdük. 
- Kazım müəllim, doğum gününüzü qeyd etdiniz, 62 yaşınız tamam oldu. Yeni yaşda yeni arzularınızı bilmək istərdik...
- Məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Allah hər kəsə can sağlığı versin. Görək, neynəyəcəyik. Biz aktyorların işləri planla deyil. Çünki işimiz rejissordan, ssenaridən, teatrdan asılıdır. Gözləyirik, yaxşı bir tamaşa və yaxud da, rol olsa, işləyəcəyik. Mən 10 ildir ki, Akademik Milli Daram Teatrında işləyirəm. Ondan əvvəl Sumqayıt və Bələdiyyə Teatrında çalışmışam. «Azdrama»da 10 il ərzində 40-dan çox rol oynamışam. Hər halda, 10 ildə teatrda 40 rol oynamaq balaca iş deyil. Çünki elə aktyorlar var ki, 40 ildə 40 rol oynaya bilməyiblər. Bununla yanaşı, 4-5 seriala, 3-4 filmə çəkilmişəm. Mən hər zaman işləyən insanam. Dublyajda da iştirak edirəm. Mən bir dədiqə belə boş qalmıram və boş qalmağı da xoşlamıram. Əgər aktyor lazım deyilsə, ən yaxşısı çıxıb getməkdir. Şükür Allaha, lazımlı aktyoram və dəvət edirlər, teatrlarda oynayıram, ekran işlərində çəkilirəm. Hələ ki, nə qədərcanım əl verir, işləyəcəm. 
- Sizi «Azdrama»nın demək olar ki, bütün tamaşalarında görürük. Yaradıcılığınızda nə vaxtsa durğunluq yaşanıbmı?
- Durğunluq olmayıb. Hazırda 2-3 aydır məşqlərim yoxdur və özüm dedim ki, bir az istirahət edim. 10 ildə bu qədər rol oynamaq çətindir. Bu tamaşada iştirak edib, digər tamaşada oynamaq həqiqətən çox ağırdır. Sumqayıt Teatrında işləyəndə də durğunluq olmayıb. O vaxt kinostudiyada dubliyajda işləyirdim, filmlərə çəkilirdim. 47 ildir sənətdəyəm. 1968-ci ildə ilk dəfə səhnəyə çıxmışam. Məndə elə bir dövr olmayıb ki, deyim, işsiz qaldım. Bu illər ərzində istirahət etməmişəm. Məzuniyyətimdə də çəkilişlərim olub. 
- Bəs, əməyinizin qarşılığını almısınızmı?
- Düzünü deyim ki, yox. Çünki 48 yaşımda əməkdar artist fəxri adını veriblər, 14 il əvvəl. Ondan sonra heç nə yoxdur. Mən şikayət eləmirəm və heç vaxt da şikayət etməmişəm. Heç bir qapını döyməmişəm, bundan sonra da döyməyəcəm. Çünki mən işimi görürürəm. Qiymət verərlər verərlər, verməzlər də heç. Teatrda məvacibimizlə işləyirik. 
- Kazım müəllim, çatıhmayan nə var?

- Diqqət çatmır. Aktyorlara diqqət çox azdır. Bizim teatrda gənc aktyorlar çoxdur, onların ev-eşiyi yoxdur. O maaşla indiki dövrdə ailə saxlamaq olmaz. Hər serialda 5-6 faiz aktyorlar olur. Onlar da pul üçün gedib çəkilirlər. Nə qədər pul versələr, qane olurlar. Digərləri hamısı oradan-buradan dəvət olunmuş insanlardır. Əvvəllər kinostudiyada işləyirdik və orada iş vardı. Film sahəsi inkişaf etmişdi. O dövrdə rejissor olmaq üçün birinci, İncəsənət Universitetinin bitirib, assistent işləməli idin. Sonra Moskvada kurslara göndərirdilər. Yoxlayırdılar, əgər o rejissor film çəkə bilirdisə ondan sonra ona bədii film çəkmək üçün izn verirdilər. Amma indi çox təəssüf ki, universitet bitirməyənlər də, toy çəkən operatorlar da film çəkirlər.  
- Teatrda nəyin dəyişməsini istərdiniz?
- Teatra yaxşı rejissor lazımdır. Hazırda yaxşı rejissor qıtlığı var. Çünki bizim böyük rejissorlarımız nədənsə özlərindən sonra tələbə qoyub getmədilər. Hazırda barmaqla sayılası rejissorlarımız var. 
- Siz tamaşaya və hər hansı bir ekran əsərinə dəvət alarkən rejissorun kim olmasına fikir verirsinizmi?
- Teatrda yox. Çünki ora iş yerindirsə işləməlisən, o rejissorla dil tapırsan, tapmırsan, rejissor xoşuna gəlir, yaxud, gəlmir. Ancaq mən hamı ilə işləyirəm, Azərbaycanda elə bir rejissor yoxdur ki, onunla işləməyim. Hər kəslə dil tapmağa çalışıram. Çünki bizim sənət elədir ki, münasibət yaxşı olmasa, səhnədə nəzərə çarpır. Ona görə hər bir aktyor və rejissorla həmişə yaxşı münasibət saxlamışam. Çünki səhnəyə çıxırıq, bir-birimizin gözünün içinə baxırıq, söz deyirik və buna görə səmimi olmalıyıq. Rol aktyorun içindən gəlir. Çünki pislik etmək asandır, yaxşılıq etmək çətin. Bütün həmkarlarımla münasibətim yaxşıdır. Hamısına hörmət edirəm, onlar da mənə hörmət edirlər. Doğum günümdə bütün həmkarlarımdan təbriklər gəldi. Bu da məni çox sevindirdi. Deməli, mən o hörməti qazana bilmişəm.
- Seriallara çəkilirsiniz. «Səhra almazı» komedik filmində də sizi gördük. Son vaxtlar komediya janrında bir çox filmlər çəkilməyə başladı. Bu sahədə inkişaf varmı?
- Adını komediya filmi qoyurlar, amma o filmlər mənim xoşuma gəlmir. Yalnız “Səhra almazı” xoşuma gəldi. Düzdür, onun da artıq-əskiklikləri vardı, amma ümumilikdə götürsək, yaxşı filmdir.
Hazırda televiziyaya beş-altı aktyor çıxır. Tamadalıqdan televiziyaya gəlib, aktyor olurlar və adlarını komediya artisti qoyurlar. Mən onların çəkildikləri filmin 15-20 dəqiqəsinə baxdım, amma bir dəfə də olsun dodağım tərpənmədi, gülə bilmədim. Heç olmasa, ətrafa baxsınlar, öyrənsinlər. 
- Qeyd etmisiniz ki, “Seçilən” filmində çox uğurlu obraz canlandırmısınız və o filmə sizə görə baxırlar. Obrazınızın uğurunu nədə görürsünüz?
- O, filmin ssenarisini oxuyanda çox xoşuma gəldi, çünki erməni-müsəlman mövzusu idi. Mən erməninin nə qədər əclaf olduğunu göstərmək istəyirdim. O filmdən sonra çox insanlar dedilər ki, o filmdə sizin obrazınız çox xoşumuza gəldi və o filmə sizə görə baxırıq. Filmi professional rejissorlar çəkmişdi və yaxşı alınmışdı. Mənə verilən obrazımın öhdəsindən peşəkar gəlməyə çalışıram. 
- Aktyor obrazının uğurlu alınması üçün ildə neçə tamaşada oynamalıdır? Kəmiyyət keyfiyyətə təsir edirmi?

- Bəli, kəmiyyət keyfiyyətə təsir edir. Teatrda obrazın yaxşı alınması üçün uzağı iki rolda oynamalısan. Hətta başqa ölkələrdə - Rusiyada deyirlər ki, iki ildə bir rol oyna, amma yaxşı oyna. Çünki robort deyilik. Biz də insanıq.
- Bəs, Siz il ərzində neçə tamaşada oynayırsınız?
- O məndən asılı deyil, məndə asılı olsaydı çox oynamazdım. 
- Düzdür, Sizin tamaşalara baxanda kəmiyyətin keyfiyyətə təsirini görmürük. Amma bu halı bir çox aktyorlarda görürük...
- Əlbəttə ki, təcrübədən çox şey asıldır. Həmişə çalşıram ki, bir obrazım digərinə oxşamasın. Xarici görünüşümə o qədər təsir eləməsə də, o obrazımın daxili, xarakteri fərqli olmalıdır. Necə alındığını isə tamaşaçılar deyə bilər. 
- Doğum gününüzdə xalq artisti fəxri adını gözləyirdinizmi?
- Yox, gözləmirdim və heç vaxt gözləməmişəm. Hətta əməkdar artist adını alanda hamı sevinirdi, Amaliya xanımın yoldaşı, rəhmətlik Yusif müəllim dedi ki, sən niyə sevinmirsən? Dedim ki, mənim adım var, Kazım, əməkdar oldum-olmadım, nə fərqi var? Əməkdar artist fəxri adını veriblər, xalq artisti adını gözləmirdim. Fəxri adları özümlə aparmayacam ki, hamısı bu dünyada qalacaq.  
- Fəxri ad məsələsi yaradıcılığınıza mane olurmu? Yəni, sənətinizdən nə vaxtsa küsürsünüzmü?
- Bəli olur, görəndə ki, layiq olmayanlar fəxri adlar, işləməyənlər böyük mükafatlar alırlar, küskünlük olur. Amma mən çalışıram ki, onu ürəyimə salmayım. Çünki onu ürəyimə salsam çoxdan qocala bilərdim. 
- 62 yaşınız var, amma yaşınızı göstərmirsiniz. Necə formada qalmağa çalşırsınız?
- Çalşıram ki, çox şeyləri ürəyimə salmayım. Evdə yüngül idmanlar edirəm. Bu, yəqin mən genetik keçib. Mənim atam və əmim də yaşlarını göstərmirdilər. Hər halda, aktyor formada olmaldır, çox yemirəm və piyada çox gəzirəm. 
- Seriallara çəkilirsiniz, teatrda işləyirsiniz. Məvacibiniz sizi təmin edirmi?
- Serial olmasa təmin etməzdi. Hazırda “Bir ailəm var” serialına çəkilirəm. Onlarla bir illik müqaviləm var və başqa seriallara çəkilə bilmərəm. Onlar da sağ olsunlar, yaxşı məvacib verirlər, razıyam. 
- Bir gününüzə 100 manat verirlər?
- Yox, bir az çoxdur. «Azdrama»da biz digər teatrlardan çox maaş alırıq - 330 manat. Bu maaşla dolanmaq çətindir. Serial, dublyaj olmasa vəziyyətimiz çox ağır olar. İndiki cavanlar toylarla, tamadalıqla məşğul olurlar. Amma deyərdim ki, öz sənətləri ilə pul qazansalar, daha yaxşı olardı. Mənim 62 yaşım var və 47 ildir ki, səhnədəyəm. Bir dəf də olsun el şənliklərinə tamada kimi getməmişəm. Ancaq öz işimizdən zəhmətimlə pul qazanmışam. Mən gənc nəslə də məsləhət görürəm, nə qədər gec deyil, öz sənətlətləri ilə məşğul olsunlar, dublyaj öyrənsinlər. Dublyaj asan məslə deyil, hər adam onu bacarmır. Səsləri üzərində işləsinlər, çünki aktyorun səsi olmalıdır.
Teatrın məvacibini artırmaq lazımdır. Dünyada ən az maaş alanlar Azərbaycan aktyorlarıdır. Gürcüstanda aktyorlar 2000 dollar maaş alırlar. Bizdə hər şey ola-ola aktyorlara pul vermirlər. Niyə aktyorlarımız yaxşı yaşamasınlar? Türkiyə aktyorları həftədə 40-50 min pul alırlar.
- Aktyor üçün mənfi, yoxsa müsbət qəhrəmanları canlandırmaq çətindir?
- Mənfi rolu oynamaq həm asan, həm də çətindir. Çünki orada material çox olur. Ümumilikdə götürsək, qəhrəmanları oynamaq həm asan, həm də çətindir. Bütün obrazları oynamaq üçün peşəkarlıq, istedad lazımdır. İstedadlı olmasa, istər müsbət, istərsə də mənfi obraz oynasın, onun dəxli yoxdur. 
- Bir az da övladlarınız haqqında məlumat verə bilərsinizmi?
- Mən uşaqlarımı əvvəldən teatra yaxın buraxmaq istəmirdim. Çünki bilirəm ki, bu sahə ağırdır. Oğlum Biznes Universitetini, qızım isə Xarici Dillər Universitetini bitirib. Amma oğlum yenə bu sahəyə gəldi, aktyor deyil, filmlərin montajı ilə məşğul olur. Eləcə də, serialların montajını edir, reklamlara da çəkilib. Nə qədər bu sahədən uzaqlaşdırmaq istədim, alınmadı. Qızım Xarici Dillər Universitetini bitiridikdən sonra Aviasiya Akademiyasana daxil oldu. Hazırda stüardessa işləyir. 

Rəqsanə

Tarix
17 Aprel 2015 [18:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin