Ana səhifə
25 Sentyabr 2018

Regionların elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq

Son illər ərzində yaradılan enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür

 Regionlarda dövriyyəyə buraxılacaq yeni torpaqlarda bazarların tələbatına uyğun məhsul yetişdiriləcək. Ona görə də burada yüz faiz dövlət nəzarəti və dövlətin rəhbərliyi olacaq. Yüz minlərlə hektar torpağı dövriyyəyə qatılır, suvarma təmin edilir. Buna isə milyardlarla vəsait xərclənib. Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinə qoyulan vəsait təqribən 1,5-2 milyard manata yaxındır. Hələ kanalların şaxələndirilməsi, ondan sonra digər tədbirlər var. Nəyə görə? Ona görə ki, imkan yaradaq insanlar daha da yaxşı yaşasınlar, kəndli məhsul yetişdirsin, pul qazansın, biz bu məhsullardan düzgün istifadə edək. Daxili bazarları təmin edək ki, qiymətlər qalxmasın. Xaricə sataq ki, həm sahibkara, həm də dövlətə daha çox pul gəlsin. Ona görə də, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır. Bunlar regionların sosial-iqtisadi inkişafında bir təkan olacaq. Yeni iş yerləri açılacaq ki, nəticədə əhalinin həyat şəraitinə də müsbət təsir göstərəcək. 
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”“ çərçivəsində aqroparkların yaradılması nəzərdə tutulur. Artıq aqroparklar Azərbaycanda yaradılır. Birinci aqroparkın təməli qoyulub. İri fermer təsərrüfatlarının, taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Pilot layihəsi özünü doğruldub. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa 24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur. Ona görə də bu pilot layihələrini, bu təcrübəni bütün başqa sahələrə də yaymalmalıdır ki, məhsuldarlıq artsın. Əgər buna nail olunsa, onda mövcud torpaqlarla taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik.
Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik.
Makroiqtisadi sabitli də daim diqqət mərkəzindədir. İnflyasiya çox aşağı səviyyədədir. Bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl göstəricidir. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilib və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. 
Ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi, qaçılmaz bir hal idi. «Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. Ona görə ki, ilk növbədə, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən, istehlak bazarına nəzarət gücləndirilmişdir və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdır.
Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi. 
Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərib»,- Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilində sosial sahədə də önəmli işlər görüləcək. Sosial infrastruktur layihələrinin icrasi - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə məktəblərinin tikintisi davam etdiriləcəkdir. İndi buna böyük ehtiyac var. 2015-ci ildə əlavə üç “ASAN xidmət” mərkəzi açılmalıdır. “ASAN xidmət” mərkəzlərinin sayı səkkizə çatıbdır - dördü Bakıda, dördü rayonlarda. Üç mərkəz tikilir. Hazırda Bakıda dörd mərkəz fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Sabirabad, Bərdə şəhərlərində “ASAN xidmət” mərkəzləri artıq açılıbdır. Hazırda Bakıda daha bir mərkəz tikilir. Qəbələdə və Masallıda da “ASAN xidmət” mərkəzləri tikilir. 
2015-ci ildə elektroenergetika sahəsində ciddi islahatlar aparır. “Azərişıq” qurumu yaradılıb. “Azərişıq” “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında qurulub və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Bax, bu idi əsas məqsəd. Çünki son illər ərzində Bakı şəhərində “Bakıelektrikşəbəkə” təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq “Barmek”in dövrü çoxlarının yadından çıxıb. “
Regionlarda görüləsi işlər çoxdur. «Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, demək olar ki, hər ay. Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyət necədir. Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilib. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm»,- dövlət başçısı deyib.

Tarix
17 Aprel 2015 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin