Ana səhifə
20 Noyabr 2018

Regionlarda avtomobil yolları sektorunda iri həcmli layihələr icra edilib

Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr yollar əsaslı təmir olunub

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkəmizdə  xeyli iş görülüb. 2015-ci ilin birinci rübünün nəticələri bunu deməyə əsas verir. Nəqliyyat sektorunda aparılan işlər diqqət çəkir. Respublikamızın milli nəqliyyat sektorunda müasir infrastrukturun yaradılması, daşımalarda yeni texnologiyaların tətbiqi, nəqliyyatın dayanıqlılığının təmin olunması istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də məqsədyönlü surətdə davam etdirilib. Bu gün də Azərbaycanın və bir çox ölkələrin nəqliyyat siyasətinin əsas xəttini təşkil edən Böyük İpək Yolu strategiyası regional əhəmiyyətli layihələr sayəsində yeni mərhələyə keçid alıb. Göstərilən layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən qurulması layihələri xüsusi çəkiyə malikdir. Bu layihələr əsasən ölkənin regionlarını əhatə edir. 2015-ci ilin birinci rübü ərzində nəqliyyat-yol kompleksi üzrə 34 milyon ton yük və 372 milyon nəfər sərnişin daşınıb. Limanlarda 2,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Bu dövrdə investisiya qoyuluşlarının həcmi 210 milyon manat təşkil edib.
2015-ci ilin birinci rübündə dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının icrası üzrə Bakı–Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi, rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri davam etdirilib. Bu dövrdə 29 kilometr, ümumilikdə Proqram üzrə 390 kilometr yeni yol salınıb. Aydındır ki, bunlar ölkə regionlarının inkişafında önəmli rol oynayır. Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində 29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun rekonstruksiya işləri başa çatdırılıb, ötən ilin dekabrında sınaq qatarı xəttə buraxılıb. Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə nəzərdə tutulur. Bütövlükdə tikinti sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183 kilometr yeni yol salınıb, 15 körpü, 23 yol keçidi, 300-dən artıq su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa edilib.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istismara verildikdən sonra, limanın birinci mərhələsini əhatə edən işlərin icrası davam etdirilib. Bərə terminalı vasitəsilə bütövlükdə 1,2 milyon ton, o cümlədən cari ilin birinci rübü ərzində 492 min ton yük aşırılıb. Eyni zamanda, dəniz nəqliyyatında Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yeniləşdirilməsi məqsədilə ötən il 1 tanker, 2 quru yük gəmisi, 1 yedək gəmisi, 1 üzən tərsanə alınıb və bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək. Bakı gəmiqayırma zavodunda sifariş verilmiş 3 kiçik sərnişin-yük gəmisindən ikisi 2015-ci ildə istismara qəbul ediləcək. Zığ gəmi təmiri zavodunda aparılan yenidənqurma işləri cari ildə başa çatdırılacaq.

Hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir. Ümumilikdə “Azərbaycan Hava Yolları” QSC-nin marşrut şəbəkəsində reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılmışdır. Hazırda yeni alınmış “Boeing-787” tipli hava gəmilərinin uzaq məsafəli marşrutlarda istismarına başlanılmışdır və mümkün yeni marşrutlar öyrənilir.
Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilib. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulmuşdur. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
İctimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilib, bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus gətirilib. Yaxın günlərdə 300 ədəd “İVECO” markalı yeni avtobus da Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq. Bütün bunlar əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. 

Regionların sosial-iqtisadi inkişaf proqrammı çərçivəsində avtomobil yolları sektorunda da iri həcmli layihələrin icrası davam etdirilib. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulmuş, avtomobil yolları üzərində 3 körpü tikilmişdir. Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli əhəmiyyətli yollar əsaslı təmir olunmuş, avtomobil yolları üzərində 35 körpü və 1 piyada keçidi tikilib.
Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. 
Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmiş və cari ildə başa çatdırılacaq.
Bakı şəhərində aparılan işlərə kompleks yanaşmanın zəruriliyi və ardıcıllığın təmin olunması, əsas və yardımçı yollarda rahat və maneəsiz bağlantıların yaradılması, işlərin vaxtında, keyfiyyətlə və yüksək dizayn tərtibatı ilə icrası barədə Sizin, cənab Prezident, tapşırıq və tövsiyələrinizə uyğun olaraq, yol qovşaqlarının, körpülərin və piyada keçidlərinin inşası davam etdirilib.
Bakı–Ələt yolunun 4-6-cı kilometrlik hissəsinin və Zığ dairəsi-Hövsan–Türkan avtomobil yolunun 2 kilometrlik hissəsinin yenidən qurulması, Yeni dənizkənarı bulvar yolunun tikintisi və piyada keçidlərinin inşası layihələri cari ilin may ayının sonunadək başa çatdırılacaqdır. Bilgəh–Pirşağı–Novxanı–Sumqayıt yeni avtomobil yolunun tikintisi layihə üzrə davam etdirilib.

Son illər ərzində Bakı şəhərində istismara verilmiş yol infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkəti asanlaşıb, təhlükəsizlik normalarının qorunmasına şərait yaradılıb. Xüsusən də Ziya Bünyadov prospektinin yenidən qurularaq istismara verilməsi şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azalmasına, nəqliyyatın hərəkətinin təşkilində yaranmış problemlərin həllinə böyük təsir göstərib.
Bundan əlavə, Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunan ərazilərdə nəqliyyat axınının nizamlanması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən müxtəlif küçə kəsişmələrində yerləşən siqnal kontrollerlərinə yeni vaxt planları tətbiq edilib. Nəticədə küçə və prospektlərdə sürət artımında əhəmiyyətli dəyişikliklər baş verib. 
(ardı var)

Tarix
14 Aprel 2015 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin