Ana səhifə
20 Sentyabr 2018

Fransız KİV-i Azərbaycanın turizm potensialından yazıb

Fransanın nüfuzlu internet saytında Azərbaycanın turizm imkanlarından bəhs edən “Azərbaycan Avrasiyanın ürəyində xəzinə” sərlövhəli məqalə yerləşdirilib.
 

Ucnoqta.az bildirir ki, Azərbaycanın Avropa ilə Asiyanın qovuşduğu məkanda, tarixilik və müasirlik arasında yerləşdiyini diqqətə çatdıran məqalənin müəllifi Kuentən Dezurmon ölkəmizin nadir tarixi və zəngin mədəniyyəti barədə Fransa oxucularına ətraflı məlumat verib.
Müəllif Azərbaycanın istirahət üçün populyar yer olmamasını iddia edənlərin fikirlərinin tamamilə səhv olduğunu vurğulayır. O, Asiya ilə Avropa arasında tarixən körpü rolu oynayan ölkəmizdə istirahət üçün hər cür şərait yaradıldığını və müxtəlif turizm marşrutları olduğunu bildirib.
Məqalədə keçmiş SSRİ-nin respublikalarından biri olan Azərbaycanın çoxlu sayda tarixi, mədəni və dini irslə zəngin ölkə olduğu qeyd edilib.
Azərbaycanın paytaxtı Bakını əsl istirahət mərkəzi kimi səciyyələndirən fransız jurnalisti şəhərdə müasir arxitektura layihələri ilə tikilən yeni binalarla yanaşı, dünyəvi əhəmiyyətli tarixi abidələrlə zəngin olduğunu da xatırladıb. Enli və hündür qala divarları arxasında orta əsrlərə məxsus Şirvanşahlar sarayının, möhtəşəm Qız qalasının ölkəmizin tarixiliyindən xəbər verdiyi, turistlərin ən çox xoşladıqları yer olduğu məqalədə öz əksini tapıb.
Məqalədə Bakıdan bir qədər aralıqda Zərdüştlük dövrünün yadigarı “Atəşgah” məbədində alovun daima şölələnməsindən, bu alovun əslində Azərbaycanın yeraltı sərvətlərlə, xüsusilə neftlə zənginliyinə dəlalət etməsindən, İkinci Dünya müharibəsində Azərbaycan neftinin oynadığı roldan və dünyada ilk dəfə məhz ölkəmizdə Xəzər dənizi üzərində “Neft daşları” adlı şəhərciyin salınmasının bir möcüzə olmasından bəhs edilib.
Məqalədə Qobustan qayalarından da ətraflı söhbət açılıb. Eramızdan əvvəlki min illiklərə təsadüf edən Qobustan qədim sivilizasiya məkanı hesab edildiyi və qaya üzərində həkk olunan rəsmlər vaxtilə burada yaşayan insanların mədəniyyətindən xəbər verdiyi bildirilib.
Müəllif Qobustanın həm də palçıq vulkanları ilə məşhur olmasından, bu vulkanların bəzilərinin müəyyən vaxtlarda oyandığını və onların əmələ gətirdiyi palçığın insan səhhəti üçün xeyirli cəhətlərindən söhbət açıb.
Məqalədə İpək Yolu üzərində yerləşən Şamaxının Azərbaycanın ən qədim şəhərlərindən biri olduğu, baş verən zəlzələlər nəticəsində şəhərin dağıldığı və sonradan yenidən qurulduğu, tarixi abidələr arasında Cümə məscidinin xüsusi yer tutduğu vurğulanıb.
Müəllif dağlar qoynunda yerləşən İsmayıllı rayonunun Lahıc qəsəbəsi, buradakı ustaların misdən düzəltdikləri müxtəlif məişət alətləri, ölkəmizin dilbər guşəsi Qəbələnin vaxtilə Qafqaz albanlarının paytaxtı olması haqqında oxuculara məlumat verib.
Vaxtilə Qara dənizlə Xəzər dənizi, İran ilə Dağıstan arasında ticarət yolu üzərində yerləşən Şəkinin mədəni irs sahəsində zənginliyindən söz açan jurnalist Şəki xanları sarayının bənzərsiz tarixi abidə olduğunu, onun fasadını bəzəyən şəbəkələrin mürəkkəb quruluşu ilə diqqəti cəlb etdiyini, Kİş kəndindəki alban kilsəsinin eramızın birinci əsrində tikildiyini diqqətə çatdırıb.
Sonda müəllif Azərbaycanda son zamanlar turizm imkanlarının genişləndiyini, yeni turizm infrastrukturlarının istifadəyə verildiyini, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artdığını, müxtəlif və biri-birindən maraqlı turizm marşrutlarının olduğunu bildirib.

Tarix
18 Oktyabr 2014 [21:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin