Ana səhifə
17 Avqust 2018

«NKVD»-də Xan Şuşinskiyə qəribə sual: «Şuşanın dağlarının başı niyə dumanlıdır?»

Azərbaycan mədəniyyətinin əvəzolunmaz sənətkarlarından bir Xan Şuşinskidir. O, Şuşada anadan olub və Cavanşirlər sülaləsinin davamçısıdır. Böyük sənətkar 16 yaşında ustadı İslam Abdulla ilə birgə iştirak etdiyi məclisdə Təbrizli xanəndə Əbülhəsən Xanın yolu ilə “Kürd Şahnaz” muğamını yaxşı ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. Həmçinin X.Şuşinskinin bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. Xan Şuşinski qızı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyeva atası haqqında xatirələrini bizimlə bölüşdü.  

- Atam Xan Şuşinski Qarabağda böyüyüb və Cavanşirlər sülaləsinin layiqli övladıdır. O, əslən xan nəsildən olmasına baxmayaraq bəy-xan sözlərinin qadağan olunduğu bir dövrdə böyük ustadları tərəfindən ona verilən “Xan” adını səsi, şəxsiyyəti, sənəti, şəxsiyyəti ilə dolduran bir ustad sənətkar olub. Xan Şuşinskinin Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olub, bir çox muğamlara əlavələr edərək onları daha da təmkinləşdirib, Xan muğam məktəbinin əsasını qoyub. Hazırda xalq mahnıları kimi səslənən neçə-neçə mahnılarımızın musiqisinin hətta, bəzilərinin də müəllifidir. Mən çox xoşbəxtəm ki, elə bir dahi sənətkarın övladı, böyük Cavanşirlər sülələsinin davamçısıyam. Bizim evimizdə hər zaman böyük ustadlar, sənətkarlar olub. Özümü çox xoşbəxt hesab edirəm ki, mən o dahilərinin əhatəsində böyümüşəm.
- Evinizə sənətkarlardan daha çox kimlər gəlirdi?
- Kimlər gəlmirdi, mən kimləri görməmişəm? Böyük ustad sənətkar Seyid Şuşinski, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Maestro Niyazi , Bəhram Mansurov, Şövkət Ələkbərova, Sara Qədimova və başları bizim evimizin qonağı olublar. 

- Bəs, Xan Şuşinskinin yaxın dostları kim idi?

- O, elə bir insan idi ki, hər zaman özü, sənəti haqqında yox, ustadları haqqında danışar, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Üzeyir Hacıbəyovun adını hörmətlə çəkərdi. O ustadlar da hər zaman atamın səsinə, şəxsiyyətinə çox böyük hörmətlə yanaşırdılar. Atam xatirələrində danışırdı ki, “bir dəfə evdə oturmuşdum, Cabbar Qaryağdıoğlu zəng etdi ki, Xan, qardaşın Allahyarı və tarınızı da götürüb bizə gəlin. Biz onlara getdik və gördüm, Seyid Şuşinski də oradadır, gözəl süfrə açılıb. Xeyli söhbət etdikdən sonra məndən xahiş etdilər ki, “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, “Zabul segahı” “Şahnaz” muğamını ifa edim. Mən bu əsərələri ifa etdikcə gördüm ki, bu ustad sənətkarlar kövrəldilər. Oxuyub qurtardıqdan sonra sual verdim ki, nəyə görə bu əsərləri ifa etməyimi istədiniz? Cabbar Qaryağdıoğlu dedi ki, Xan, bizim hər ikimiz qocalmışıq, ayaqlarımızda da taqət yoxdur ki, biz Şuşaya, Qarabağa gedək. Səni çağırdıq ki, bu mahnıları ifa edəsən, çünki səsindən Qarabağ duyulur. Biz sanki Şuşanı, Ağdamı, Cıdır düzünü gəzib gəldik”.
Atam ustad sənətkarlarına necə böyük hörmət qoyurdusa, onlar da onun sənətini, şəxsiyyətini dəyərləndirirdilər. 
- Atanızı necə xatırlayırsınız?
- Atam çox dahi bir insan olub. O, sənətdə necə böyük zirvədə olubsa, ailədə də elə olub. Uşaqla uşaq, böyüklə böyük idi. Atamın laylası ilə böyümüşəm, 200-ə yaxın qədim türk mahnıları bilirdi. Məni qucağına alardı, saçımı tumarlayardı və musiqi ifa edərdi. Atam ifa ilə yanaşı, çox gözəl tar, dəf çalardı. Oxuya-oxuya dəfi atardı və o ritmlə həmin anda da dəfi tutardı. Eləcə də at çapmağı çox sevərdi. Biz ailəmizlə yay aylarında Şuşaya gedərdik. O dövrdə onların evləri, babamın öz kəndi olub. O kənd ermənilər tərəfindən dəfələrlə yandırılıb. Sovet höküməti qurulandan sonra atamgilin Şuşada evləri qalmamışdı, babam bəy olduğu üçün var-dövləti əlindən alınmışdı, heç bir yerdə işləyə bilməzdi. Sonra atam Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacibyovun evini alıb. Evimiz Üzeyir bəyin ev muzeyi ilə yanaşı idi. Şuşaya gedəndə Kəlbəcər dağlarına da çıxardıq. Atam Kəlbəcərdə ən yüksək dağ zirvələrində atı cavan oğlan kimi çapardı, mahnı oxuyardı. O yaşda səsi, sağlamlığı da yerində idi. Təbiəti çox sevirdi, evimizdə bülbül, tovuzquşu vardı. Eləcə də mütaliə etməyi sevərdi, evdə böyük kitabxana vardı, şair və yazıçı dostları çox idi, Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Əliağa Vahid, İlyas Əfəndiyev və başqaları ilə dost idi. Xatirlərində yazır ki, Səməd Vurğunla 1926-cı ildə Gəncədə  tanış olub: “Gəncədə konsertlər verərdim və birinci sırada qarayanız bir oğlan otururdu. Mən oxuduqca gözləri dolurdu. Bir gün konsertin sonunda o mənə yaxınlaşıb dedi ki, mənim adım Səməd, soyadım Vəkilovdur. Şeirlər, qəzəllər yazıram, versəm oxuyarsınızmı? Dedim ki, əlbəttə, oxuyaram. Bunula Səməd Vurğunla dostluğumuz başladı”. Səməd Vurğun “Azərbaycan” poemasında Qarabağı Xanın adı ilə təmsil edib. Məmməd Rahim “Qarabağ” poemasında yazır ki,
“Gözəl Qarabağa onda get ki sən,
Yaşıl yamaclarda yüz canan olsun.
İsa bulağında, Cıdır düzündə,
Səsi dağ çeşməsi, dostum Xan olsun».
İlyas Əfəndiyev “Dağlar  arasında üç dost”da  Xan müəllimin şəxsiyyətini, sənətini çox yüksək dəyərləndirib. 
- Xan Şuşunski həm xalq mahnıları, həm bəstəkar əsərləri ifa edib. Onun özünün sevdiyi mahnılar hansı idi?
- Üzeyir Hacıbəyov atamın səsini, sənətini çox sevirdi. Onun 1926-cı ildə yazdığı “Qara göz” mahnısını ilk dəfə atam ifa edib. Musiqi mədəniyyəti tarixində qadınla ilk dəfə duet ifa edən sənətkar olub. Bu 3 duetdən birinin müəllifi Soltan Hacıbəyov, 2 mahnının musiqisi isə atama məxsusdur. “Qəmərim”, “Dilbərim”, “Ay dilbər”, “Ay qara qız” və ilk dəfə mən dil açan vaxt mənə bəstələdiyi “Ay qəşəng ceyran” və bir sıra digər mahnılar da atama aiddir. Xan Şuşinski hazırda xalq mahnıları altında səslənən bir çox mahnıların, hətta, bəzilərinin sözlərinin də müəllifidir. O mahnılar “Qızıl fond”da saxlanılır. “Şuşanın dağları” mahnısının sözləri və musiqisi atama aiddir və o mahnını yazarkən başı çox ağrımışdı. Sovet  illəri olduğu üçün dəfələrlə atamı “NKVD”yə çağırıblar ki, nəyə görə deyirsən ki, Şuşanın dağları başı dumanlı? Sovet Şuşasının da başı dumanlı ola bilərmi? Hətta orada Azərbaycanın qadağan edilmiş bayrağını göstərirsən, duman mavi, qırmızı kofta, yaşıl tuman. Hüseyn Cavidin qəzəllərini oxuduğu üçün də bir il səsi alınmış, 1937-ci ildə sənətdən uzaqlaşdırılmışdır. Bu qadağalara baxmayaraq, atam səsi və sənəti ilə daha da irəli getdi. 1938-ci  ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünə atam gedə bilməmişdi. Bəzi mənfur insanlar Mir Cəfər Bağırova xəbər vermişdilər ki, Xan Şuşinski burada iştirak etmək üçün böyük məbləğdə pul istəyib. Biz evdən atamın bir dəftərini tapdıq ki, 1 ayın 20 günü hamilik konsertləri verib, yəni təmənnasız el şənlikləri oxuyub. O təmənnasız Azərbaycan mədəniyyətinə qulluq edən bir sənətkar idi və adını ləkələmək istəyirdilər. O vaxt Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Səməd Vurğun  Mir Cəfər Bağırovun yanına gediblər və deyiblər ki, bu mümkün olan bir şey deyil və baxın görün bu adam necə konsertlər verib. Bundan sonra Mir Cəfər Bağırovun əmri ilə 24 saat ərzində Xan Şuşinski və əmim Allahyar Cavanşirov Ağdam şəhərindən Bakıya köçürülüblər, mənzillə təmin olunublar, Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyosına solist kimi qəbul ediliblər. O, 1943-ci ildə Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq əməkdar artist fəxri adı almadan birbaşa xalq artisti fəxri adına və «Şərəf» nişanı ordeninə layiq görülüb. 
- Atanız xaraktercə necə insan olub?
- Çox ağır təbiətli, təmiz qəlbli insan idi və çox az və məntiqli danışardı. Heç vaxt səsini yüksəyə qaldırmazdı, çox mülayimdi. Bir xatirə danışım. Ailələmizi ad gününə dəvət etmişdilər. Atam xəstələndiyi üçün biz anamızla getdik və gələndə gördük ki, atam çox fikirlidir. Soruşanda dedi ki, evdə oturub mütaliə edirdim. Bir də görüdm qapının zəngi çalındı və bir adam gəldi. Mən onu evə dəvət elədim, çay verdim, süfrə açdım, sonra nərd oynadıq. O adam nərd oynadıqdan sonra dedi ki, Xan əmi, sən tanımadığın adamı evinə buraxdın, süfrə açdın?  Mən Bakıda bir nömrəli oğrubaşıyam və sizin evinizə oğurluq məqsədilə baxmağa gəlmişdik. Bu hərəkətindən sonra sənin evini qarət etməyimiz günah olar. Atam bu cür qəlbə sahib insan idi, qapısına gələn hər insana yaxşılıq etməyə çalşıradı, pul üçün gələnlərə pul verər, yaxud da, kimsə övladının toyunda atamı görmək istədiyini deyirdisə, ancaq buna maddi imkanı olmurdusa, o insanaların toyuna gedib təmmənasız iştirak edərdi, hətta hədiyyələr də verərdi. Əbəs yerə ustad sənətkarlarımız atama sənətin “Dədə Qorqud”u deməyiblər. O, bunların hamısını qazanmışdı. 
- Necə ailə başçısı, ata olub və övladlarına hansı tövsiyyələri edərdi?
- Biz ailədə dörd övladıq və böyük övladı mənəm. Atamın ilk həyat yoldaşından övladı olmayıb və biz  ikinci nikahdan dünyaya gəlmişik. Atam deyərdi ki, “Süsən sünbül” mahnısını oxuyanda sanki öz taleyini oxuyurdum: “Süsən sünbül bitirmişəm, Ömrü başa yetirmişəm, Balam hanı?”. Deyərdi ki: “Bu dünyada hər şeyim vardı, şöhrətim, sağlamlığım, varım-dövlətim, sənətim, səsim, ancaq övladım yox idi. Hazırda dərdim yoxdur, çünki mənim belə gözəl övladlarım var və mən çox xoşbəxtəm”. Atam rəhmətə gedəndə 20 yaşım vardı və mən heç atamdan doymadım. 
- Yaşadıqlarına rəğmən taleyindən razı idimi?
- Bəli,  razı idi. Baxmayaraq ki, həyatı keçməkeşli idi. Uşaqlıq vaxtı xan-bəy nəslindən olduğu üçün qohumları 1937-ci repressiya qurbanları olublar. Onlar sovet dövrünün qurbanları olublar və babamın hər şeyi əlindən alınıb. O vaxt atamı vokal sənətinin incəliklərini öyrənməsi üçün İtaliyaya dəvət ediblər. Atamın İtaliyaya getməsinə razı olmayan atası Aslan bəy deyib ki, “oğul, görürsən ki, var-dövlətim əlimdən çıxıb, səsim alınıb, anan Bəyimxanım cavan rəhmətə getdi, səndən başqa körpə qardaşın, bir bacın var. Sən İtaliyaya gedib qayıdana qədər mən dünyadan köç edərəm. Gəlib görərsən ki, yoxam”. 
Bundan sonra Xan müəllim muğam sənətini seçdi və  bu sənətin də ən yüksək zirvəsindədir. Sağ olsun, dövlətmiz hər zaman Xan Şuşinski sənətini yüksək dəyərləndirir, atamın adına küçə, məktəb var, ulu öndərimiz Heydər Əliyevin atama hədiyyə etdiyi mənzilin üzərində onun baralyefi var. Hər yerdə onun adı yaşadılır. Atam hər zaman deyərdi ki, mən uzun, keçməkeşli ömür yaşadım, çox dövlət başçıları gördüm, amma Heydər Əliyev qədər sənətkara dəyər verən ikinci bir insan görmədim. Mən xoşbəxtəm ki, elə bir dahinin övladıyam. Hətta tanımadığım insanlara da küçədə yaxınlaşırlar ki, siz Xan Şuşinskinin qızısınız, Allah gözəl atanıza rəhmət eləsin, ruhu şad olsun. Elə gün yoxdur ki, atamın televiziyadan, radiodan səsi gəlməsin. Hara gediriksə bizi çox hörmətlə qarşılayırlar. Biz də övlad kimi üzərimizə düşən məsiliyyəti dərk edərək, hər zaman onun adını uca tutaraq, gördüyümüz hər işdə onun adına layiq hərəkət edirik.

 

Rəqsanə

Tarix
9 Aprel 2015 [18:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin