14 iyun Ümumdünya Qan Donoru Günüdür

12:07 - 14 İyun 2022 - Leykoz

Hər il bütün dünyada 14 iyun Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür.
 
Ucnoqta.az xəbər verir ki, 2005-ci ilin mayında Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib. Bu günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.
 
Bu günün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır.
 
Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması, könüllü qan donorluğunun təbliğ və təşviq edilməsi bu sahədə başlıca hədəflərdən biridir.
Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.
Donorluğun inkişafı üçün təkcə Səhiyyə Nazirliyi deyil, müxtəlif hökumət və qeyri-hökumət qurumları, görkəmli xadimlər, Kütləvi İnformasiya Vasitələri öz töhfəsini verməlidir.

14 iyunun Beynəlxalq Donor Günü kimi qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. 

Xəbər xətti