Ana səhifə
20 Noyabr 2018

Şəki regionda mədəniyyət mərkəzinə çevrilib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində mədəni irsin qorunmasında, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində önəmli işlər görülüb. Şəki rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlər diqqəti çəkir. Rayonda mədəni irsin qorunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində  bir sıra işlər görülüb. Ötən il ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilib, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunub.  Artıq Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Bir il ərzində Şəkidə 4 Beynəlxalq festival keçirilib, bu festivallara 20-yə yaxın xarici ölkədən  200 nəfərdən çox iştirakçı qatılıb.
Hər ilin yayında Şəkidə keçirilən və artıq ənənə şəkilni alan “İpək Yolu “  Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, gözəl ifaçıların qatıldığı festival insanlara həmişə  xoş bayram ovqatı bəxş edib. “İpək yolu” Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. 2014-cü ildə beşinci dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi, şəhər sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu. Göründüyü kimi ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin , YUNESKO- nun xoşməramlı səfiri Mehriban xanımın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezident deyib: “Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq “ .
İyulun 1-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı konsert proqramlarını izləyiblər. “Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi olub. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açlmış, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgisi  nümayiş etdirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Niyazinin “Rast “ baleti nümayiş olunub. Festivalda Azərbaycanla yanaşı 14 ölkənin tanınmış musiqi kollektivləri  çıxış edib. Festival günlərində təşkil olunmuş konsert proqramlarını 5 min nəfərdən çox tamaşaçı izləyib. Beş gün davam edən musiqi bayramı nəinki şəhərimizin , bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilib.Festivalda iştrirak edən TÜRKSOY –un Baş Katibi Düsen Kaseinov yurnalistlərə müsahibəsində bildirib ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır . 
Şübhəsiz ki, Şəki “ İpək yolu” V Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının  təbliği baxımından mühüm əhəmiyyətə malikdir. 
Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində sentyabrın 10-dan 19-dək I Şəki  Beynəlxalq Teatr festivalı keçirilib. On gün davam edən festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Festivalın açılışında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev deyib: «Bu gün Azərbaycan teatrının 142-ci mövsümü başlayır. Çox əlamətdardır ki, bu mövsümün açılışını Şəki Dövlət Dram Teatrında keçiririk. Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu teatr yenidən qurulub, yeni bir sima alıbdır. Biz bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk“. İki ildən bir keçirilməsi nəzərdə tutulan Beynəlxalq Teatr Festivalı Şəkinin mədəni həyatında mühüm bir hadisəyə, əsl teatr bayramına çevrildi. Festival zamanı göstərilən tamaşaları 6000 nəfərdən çox tamaşaçı izləyib. 
Festival çərçivəsində  görkəmli gülüş ustası, Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri keçirilib, adını daşıyan küçənin başlanğıcında görkəmli gülüş ustasının büstünün açılışı olub. Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsinin yubiley tədbirinin onun doğulduğu Şəkidə keçirilməsi şəhərin mədəni həyatında  əlamətdar hadisəyə çevrilmişdir.  Şəkililər həmyerlilərinə - görkəmli gülüş ustasına olan bu sevgi və məhəbbətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Şəkidə "Şəhər günü"nə həsr olunmuş bayram tədbiri keçirilib. Bayram şənliklərində respublikamızın tanınmış elm və incəsənət xadimləri, Şəki ilə qardaşlaşmış Gürcüstan Respublikasının Telavi şəhərindən gəlmiş nümayəndə heyəti, habelə ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, musiqi və rəqs kollektivləri iştirak ediblər.
 Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib. Festivalda Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın 23 şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları nümayiş etdirilib, sərgi təşkil olunub.
Beynəlxalq ənənəvi şirniyyat festivalının keçirilməsinin də əsas məqsədi xalqımızın qeyri – maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyyədə tanıdılmasına nail olmaqdır.
Ötən il avqustun 29- 31-də isə Şəki şəhərində ilk Qafqaz motofestivalı keçirilmişdir.  “Baku HOG Azerbaijan”, “CAUCASUS MOTO FESTİ Harley Devidson”, Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və xarici ölkələrdən 200 nəfərə yaxın bayker iştirak edib. Festivalın açılış günü təşkil olunan sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunub, möhtəşəm motoparad keçirilib. Motoparadda dünyanın bir çox ölkələrindən – ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniya və s. ölkələrdən gələn baykerlər öz ölkəsinin bayraqları ilə marşrut boyu şəhərin küçələrində sakinlərin önündən keçiblər. Motofestivalın proqramına uyğun olaraq  “Aşağı Karvansaray” kompleksində möhtəşəm sou-konsert proqramları təşkil olunub. 
2014-cü ildə Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülüb. Müddət ərzində 162 cinayət hadisəsi qeydə alınıb, onlardan 127-nin açılması təmin olunaraq açılma faizi 86,4 faiz olub. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 13 fakt aşkar edilib. 
2014-cü ildə Şəki Şəhər İcra Hakimiyyətinə 3019 müraciət daxil olub. Müraciətlərin 2111-i vətəndaşlar tərəfindən, 908-ı isə respublikanın yuxarı orqanlarından daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 77 -sı müsbət həll olunub, 137-si ilə bağlı müvafiq izahat verilib, 86-ədədi isə aidiyyəti orqanlara göndərilib, 45-i ilə bağlı ətraflı izahat verilərək aidiyyəti üzrə müraciət olunması tövsiyə edilib. Təhlillər göstərir ki, 2014-cü ildə 2013-cü ilə nisbətən müraciətlərin sayı 901 ədəd, o cümlədən, ərizələrin sayı 901 ədəd, şikayətlərin sayı 16 ədəd azalıb. 

Tarix
8 Aprel 2015 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin