Ana səhifə
19 Sentyabr 2018

Ağstafa rayonun artan sosial-iqtisadi inkişaf dinamikası

Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramları bölgələrin inkişafında önəmli rol oynayır. Rayonların sosial-iqtisadi göstəricilər bunu deməyə əsas verir. Məsələn, 2004-2014-cü illər ərzində Ağstafa rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən Ümumi Məhsul Buraxılışının həcmi 4,7 dəfə, sənaye məhsullarının həcmi 6.0 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,5 dəfə, tikinti işlərinin həcmi 28,5 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 24,0 dəfə, nəqliyyat xidməti 2,3 dəfə, rabitə xidməti 3,0 dəfə, ticarət 5,0 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,9 dəfə, pərakəndə əmtəə dövriyyəsi 4,2 dəfə, orta aylıq nominal əmək haqqı 4,9 dəfə yüksəlib. 2004-2014-cü illər ərzində Ağstafa rayonu əhalisinin gəlirləri 4,8 dəfə, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 4,3 dəfə, bir nəfərə düşən gəlir 4,4 dəfə artıb. Rayonda sahibkarlığın inkişafına və yeni özəl qurumların yaranmasına göstərilən qayğı və diqqətin nəticəsində ötən 11 il ərzində yeni açılan iş yerlərinin sayı 10489 olub ki, bunun da 60,3 faizini daimi iş yerləri təşkil edir.

Dövlət Proqramlarının həyata keçirildiyi dövr ərzində Ağstafa rayon büdcəsinin xərcləri 5,6 dəfə, gəlirləri 10,2 dəfə çoxalıb. 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika saxlanılıb və daha da yüksəlib. 2014-cü il ərzində rayon iqtisadiyyatı daha da inkişaf edib, ümumi məhsul buraxılışının həcmi 132,0 milyon manata çatıb. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ildən ilə artır və 2014-cü ildə 58 faizi keçib. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmində 10,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmində 4,5 faiz, nəqliyyat xidmətində 3,0 faiz, rabitə xidmətində 13,3 faiz, ticarətdə 7,3 faiz artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 52,7 milyon manata çatdırılıb. Ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 37,0 faiz təşkil edir. İl ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,8 faiz artıb. Birinci və ikinci Dövlət Proqramları ilə dəstəklənən tədbirlərin icrasının təmin edilməsi sayəsində Ağstafa rayonunda 2014-cü ildə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 2004-cü illə müqayisədə 2,5 dəfə çoxdur. Həmin dövrdə rayon üzrə taxıl əkini sahəsi 3373 ha artırılıb, əldə olunan məhsulun həcmi 2004-cü illə müqayisədə 1,5 dəfə çox olub. 2004-2014-cü illərdə rayonda kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri çərçivəsində yeni üzüm və meyvə bağlarının salınmasına, bostan, tərəvəz məhsullarının əkini və istehsalının artırılmasına diqqətlə yanaşılıb. 2014-cü ildə 460 ha kartof, 326 ha tərəvəz, 780 ha qarğıdalı, 133 ha bostan, 242 ha günəbaxan, 71 ha paxlalı bitkilər əkilib. Rayon üzrə 4761.0 ton kartof, 2189.4 ton tərəvəz, 77.0 ton paxlalı bitki, 1377.8 ton bostan, 2663.6 ton meyvə, 308.8 ton günəbaxan, 2952.6 ton qarğıdalı, 5902.0 ton üzüm istehsal olunub. 2014-cü ilin iyul ayında “Ağstafa-Aqroservis” MMC tərəfindən özündə istehsal-emal korporasiyasını cəmləşdirən mühüm bir layihənin təməli qoyulub. 30 min ton taxıl anbarı, saatda 5 ton emal və istehsal gücünə malik un və çörək zavodları, şirniyyat məhsulları istehsalı üzrə fabrikin və iaşə xidmətinin də daxil olduğu bu kompleksin təməlinin qoyulması ilə Ağstafa rayonunun iqtisadiyyatının inkişafında ciddi addım atılıb.
Rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması məqsədi ilə “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası nəticəsində  şəhərdə və yol kənarlarında 10600 ədəd, həmçinin meşə massivində 20 min ədəd yeni ağac tingi əkilib. Belə tədbirlərimiz 2015-ci ildə də davam etdiriləcəkdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Ağstafa rayonunun Sosial-İqtisadi İnkişafı Proqramı (2014-2018-ci illər)”na uyğun olaraq 2014-cü ildə Ağstafa rayonunda abadlıq-quruculuq, yenidənqurma və təmir-tikinti sahəsində nəzərdə tutulan tədbirlərin icrası təmin edilib.
Ağstafa şəhərinin küçə və meydanların yenidən qurulması, abadlıq işlərinin aparılması və yaşıllıq zolaqlarının salınması daim diqqət mərkəzində olmuşdur. Ötən illərdə şəhərin S.Vurğun, C.Cabbarlı, 20 yanvar, A.Aslanov, M.Allahverdiyev, M.Ə.Rəsulzadə, R.Alıcanov və digər küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmışdır. Hesabat ilində də bu iş sürətlə davam etdirilib və Ağstafa şəhərinin N.Nərimanov. S.Ağamalıoğlu, B.Mirzəyev və R.Əsədov küçələrində təmir, tikinti və abadlıq, yenidən qurma işləri aparılıb. Həmin küçələrdə telefon rabitəsi, elektrik və qaz xətləri təhlükəsiz yerlərə çəkilmiş, küçələrin estetik cəhətdən baxımlı olması üçün zəruri addımlar atılıb. Görülmüş işlər sayəsində bu gün Ağstafa şəhəri respublikanın ən gözəl, təmiz və abad, işıqlı şəhərlərindən birinə çevrilib. Şəhərimizin sakinləri və rayonumuza gələn qonaqlar təmizliyi və abad olması ilə diqqət çəkən müasir tikililərin üstünlük təşkil etdiyi Ağstafa haqqında fəxrlə danışırlar. Ağstafa şəhərində 20 yaşayış binasında əsaslı və cari təmir işləri aparılmış, binaların blok və pilləkən qəfəsləri təmir edilib, hər bir girişə qapı qoyulmuş, pəncərələr şüşələnmiş, işıqlandırma təmin edilib, 11280 kv. metr dam örtüyü dəyişdirilib. Bu istiqamətdə işlərimiz 2014-cü ildə də davam etdirilib. Şəhərin R.Alıcanov küçəsindəki 3 ədəd dəmir yol binasının və C.Cabbarlı küçəsindəki çox mənzilli yaşayış evinin dam örtükləri yenilənib, 20 yanvar küçəsindəki 2 ədəd çoxmənzilli yaşayış evlərinin giriş blokları və pilləkən qəfəsləri əsaslı təmir edilib, blokların qapı-pəncərələri dəyişdirilib. Bütövlükdə son 2 il ərzində Ağstafa şəhərində 25-dən artıq çoxmənzilli binada əsaslı və cari təmir işləri aparılaraq 16741 kv. metr dam örtüyü təzələnib. hesabat ilində Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanların səfərbər edilməsi yolu ilə şəhərin Ə.Nəbiyev küçəsindəki 16 mənzilli binaya istilik sistemi çəkilib, hər bir mənzilə kombi tipli qızdırıcı qoyulub. Eyni zamanda rayonun Yenigün kənd və Vurğun qəsəbə məktəblərində də yeni istilik sistemi quraşdırılmışdır. Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçası və Poylu kənd 1 saylı uşaq bağçasında əsaslı təmir və yenidən qurma işləri aparılıb, hər iki bağçada müasir istilik sisteminin qoyulması təmin edilib. Belə demək mümkündürsə son 3 il ərzində rayonda istifadəyə verilən və ya əsaslı təmir olunan hər bir binada mütləq şəkildə istilik sistemin olması məsələsi ciddi nəzarətdə saxlanılıb.. Görülən tədbirlər sayəsində Ağstafa şəhər humanitar texniki təmayüllü liseyin, Qaçaq Kərəm kənd orta məktəbinin və bir neçə yaşayış binasının istilik məsələsi qaydaya salınıb. Dövlət Proqramına uyğun olaraq rayonda 220 şagird yerlik Kolxəlfəli və 300 şagird yerlik Eynallı kənd tam orta məktəbi tikilərək istifadəyə verilib. Bu məktəblərin istifadəyə verilməsi ilə 2003-cü ildən bəri rayonda yeni tikilən məktəblərin sayı 15-ə çatıb. Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsinin mühüm iqtisadi və siyasi əhəmiyyəti vardır. Heç kimə sirr deyil ki, yolsuzluq ucbatından bu yaşayış məntəqələrinin sakinlərinin narahatçılığı çox idi. Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin 20 minə kimi sakinin yol problemi həll olundu. Kifayət qədər ictimai-siyasi və iqtisadi əhəmiyyət daşıyan bu layihənin icra olunması hər şeydən əvvəl, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara diqqət və qayğısının təzahürüdür. Rayonun Ermənistanla həmsərhəd olan Köhnəqışlaq kəndində müasir tibb məntəqəsi tikilərək istifadəyə verilib, Poylu kəndində 1 saylı uşaq bağçası-körpələr evi yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilib. Hazırda Ağstafa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşasına başlanmış 100 yerlik şəhər 5 saylı, Dağ Kəsəmən kəndində 100 yerlik yeni körpələr evi-uşaq bağçalarının tikintisi işləri uğurla davam etdirilir. Eyni zamanda rayonun Vurğun qəsəbəsində həkim məntəqəsinin əsaslı təmiri işləri aparılır, Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Reabilitasiya Mərkəzində yenidən qurma işləri tamamlanmaq üzrədir. Doğum şöbəsinin dam örtüyünün dəyişdirilməsi və qapı, pəncərələrin yenilənməsi işləri həyata keçirilir.

Tarix
8 Aprel 2015 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin