Ana səhifə
16 Oktyabr 2018

Dünyada 6 dildə 120-dən çox elmi məqaləsi çap olunan gənc alim

Elnur Həsənov: « İndiyədək heç vaxt nəyisə planlaşdirmamişam»

 

«Aparilan elmi tədqiqatin praktiki əhəmiyyəti varsa, həmin layihəyə dəstək almaq olar»

 

Tarixən əksər cəmiyyətlərdə elmə, biliyə yüksək qiymət verilib. Elm yolları nə qədər məşəqqətli olsa da, həmişə bu zəhməti çəkən fədailər olub. Həmişə də o cəmiyyətlər inkişaf edib ki, orada elmə, alimə yüksək qiymət verilsin. Bu gün də respublikamızda az əmək haqqı, ağır iş şəraiti, yuxusuz gecələr hesabına olsa da, alimlərimiz var ki, cəmiyyətə fayda vermək üçün yorulmadan çalışır. Sevindirici haldır ki, onlar arasında gənc alimlərimiz də vardır. Bu dəfəki müsahibimiz də Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin doktorantı Elnur Həsənovdur. Müsahibimiz özünü sadəcə bu şəkildə təqdim etsə də, Elnur Həsənovun 28 illik həyatında qazandığı uğurlar çoxdur. Beləliklə, daha bir gənc alimimizi tanıyaq.

 

Elnur Lətif oğlu Həsənov 1987-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Orta məktəbi də Gəncə şəhərində bitirib. Gəncə şəhər Məhəmməd Hadi adına 10 saylı tam  orta məktəbi fərqlənmə attestatı ilə bitirib.  Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.  Prezident təqaüdünə layiq görülüb. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini bu universitetin magistratura pilləsində davam etdirib. Təhsil aldığı illərdən universitetin YAP Gənclər Birliyinin sədri vəzifəsini icra edib,  həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinə işə qəbul edilib. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin doktorantı, İsveç Kral Akademiyasının müxbir üzvü olan Elnur Həsənov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədridir. E.Həsənov 2014-cü ilin dekabrında keçirilən Bələdiyyə seçkilərində 12691 səs toplayaraq Gəncə bələdiyyəsinə üzv seçilib. 2015-ci ildə elm sahəsində xüsusi fərqləndiyinə görə Gənclər üçün Prezident mükafatı alıb. Gənc alimin ingilis, alman, fransız, rus və türk dillərində tərcüməçilik bacarığı da var. İtalyan dilindən başqa digər dillərdə çap olunan elmi məqalələrini həmin dildə özü yazıb.

 

- Elnur müəllim, 28 yaşınız olsa da, kifayət qədər uğur əldə etməyi bacarmısız. Regionda yaşayıb, fəaliyyət göstərmək və nailiyyətlər qazanmaq çətin olmadı ki?

 

- Respublikamızın bütün regionları adından danışsam, bir qədər qeyri-obyektivlik olardı. Amma Gəncə və qərb regionunda gənclərin qarşısında ciddi maneələr yoxdur. Prezident mükafatına namizədlər seçiləndə də bir sıra mərhələ keçilməli idi. Azərbaycanda 160-dan çox elmi müəssisə və ali məktəb var. Hər bir institut elmi nailiyyətlərinə görə, 1-2 nəfər namizəd irəli sürürdü. Burada ölkənin paytaxtı ilə yanaşı, regionları da təmsil olunurdu. Sonda cənab Prezidentin sərəncamı ilə birinci yerə Gəncədə çalışan şəxs layiq görüldü. Uğurlarımızdan biri o idi ki, hələ tələbə vaxtı istedadlı gənclərin işlə təmin olunma məsələsi həllini tapırdı. Mən də Gəncə Dövlət Universitetində təhsil ala-ala AMEA-nın Gəncə bölməsində işlə təmin olunmuşdum. Burada da elmlə məşğul olmaq üçün daha münbit şərait oldu. Həmçinin, xaricdə məqalələrin çapı, daxili elmi konfranslarda iştirak, xaricdə keçirilən elmi tədbirlərə qatılmağımız üçün həm maddi, həm də mənəvi dəstək görürdük. 2011-ci ildən sonra isə Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra elmi mühitdən başqa, istedadlı gənclər üçün də yollar açıldı. Hər bir istedadlı gənc şəhərin bütün strukturlarının rəhbərlərinin qatıldığı iclaslara dəvət olunurdu. Hər bir gəncin qaldırdığı problemlər yerindəcə həll edilirdi.

 

- Tələbə vaxtı həm də işləmisiniz. İşləmək zərurəti maddi ehtiyacları ödəmək üçün idi, yoxsa elmə marağınız yolunuzu bu istiqamətə salmışdı?

 

- Əslində mənim işləməklə bağlı planlarım yox idi. Sadəcə həmin vaxt kimyaçı alimimiz Fuad Əliyev AMEA-nın Gəncə bölməsinə rəhbərlik edirdi. Qalib olduğum elmi müsabiqələrdən birində məni işə dəvət etdi. Əvvəlcə qəbul etmək istəmirdim. Çünki prezident təqaüdü ilə oxuyurdum. Ailəmiz də Gəncədə yaşadığından əlavə mənzil xərcim də yox idi. Aldığım təqaüd də yaşamağıma kifayət edirdi. Sadəcə tədqiqatlarımı davam etdirmək marağıma görə bu iş təklifini qəbul etdim. Hazırda isə bu işdən əl çəkə bilmirəm.

 

- Gəncədə fəaliyyət göstərdiyiniz elm ocağında infrastruktur baxımından işləmək üçün yetərincə şərait varmı?

 

- Bizim işlədiymiz müəssisə AMEA-nın Gəncə Regional Elmi Mərkəzi adlanırdı. Ölkə başçısının 2012-ci ildə imzaladığı sərəncamla bu müəssisə AMEA-nın Gəncə Bölməsinə, mərkəzin elmi şöbələri də İnstituta çevrildi. Hazırda humanitar sahələrdə fəaliyyət üçün şərait normaldır. Gəncədə abidələr, qədim dövrlərə aid tarixi yerlər, qədim binalar çoxdur. Bu sahədə tədqiqat aparmaq üçün şərait yaxşıdır. Amma kimya sahəsində, texnologiya sahəsində yeni avadanlıqların alınaraq maddi-texniki bazanın möhkəmləndirilməsinə ehtiyac var. Belə olan halda dəqiq elmlər sahəsində də inkişaf yüksələcək.

 

- Humanitar sahəyə aid elmi məqalələrin xaricdə çapı bir qədər çətindir. Əsasən hansı mövzularda araşdırmalarınız olub ki, onlara xaricdə də maraq yaranıb?

 

- İndiyədək dünyanın 39 ölkəsində, 6 dildə 120-dən  çox elmi məqalə, kitab və monoqrafiyalarım dərc edilib. Ölkəmizlə yanaşı, ABŞ, Almaniya, Yaponiya, İsveç, Böyük Britaniya, Avstriya, Kanada, Hindistan, Pakistan, Rusiya, Fransa, İtaliya və digər ölkələrin yüksək impakt faktorlu elmi nəşrlərində ingilis, alman, fransız, italyan, rus dillərində 120-dən artıq məqalə, kitab və monoqrafiyam  çap olunub. Respublikamızda çap olunanları da əlavə etsək, elmi əsərlərin sayı 170-dən çoxdur. Elmi-tədqiqat işlərimin uğurlu nəticələrinə və çoxsaylı beynəlxalq elmi nəşrlərdə əsərlərimin çapına görə Çexiyanın "Dünya və elm" beynəlxalq nəşrinin redaksiya heyətinin, həmçinin İtaliyanın "İtaliya Elmi Xəbərləri" nəşrinin və Yaponiyanın "Elm" cəmiyyətinin redaksiya heyətlərinin üzvü seçilmişəm. Eyni zamanda, ötən ilin mayında İsveçrə Konfederasiyası və sentyabrında Rusiya Təbiət Tarixi Akademiyasının "Elm" mükafatına layiq görülmüşəm. 2014-cü ilin iyul ayından etibarən isə Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti vəzifəsini də icra edirəm. İşlədiyim mövzular isə sırf dissertasiyamla bağlı olub. Araşdırmaların mövzusu Gəncənin qədim, orta əsərlər və yeni dövrü, Gəncə şəhərinin etnoqrafiyası, antrapologiyası və qədim sənətkarlıq ənənələrinin tədqiqi ilə bağlı olub.

 

- Yaşadığınız regionda həmyaşıdlarınız olan gənclərdən uğur qazananların sayı çoxdurmu?

 

- İdman, müsiqi sahəsində kifaət qədər uğur əldə edən gənclərimiz var. Amma elm sahəsində bir qədər axsamalar müşahidə olunur. İnanıram ki, yaxın illərdə bu sahələrdə də uğurlar əldə olunacaq. 

 

- Elm adamlarımızın çoxu məvaciblərin azlığından şikayətlənir. Bir gənc alim kimi aldığınız əmək haqqı bu gün maddi ehtiyaclarınızı qarşılayır?

 

- Bu gün müasir dünyada heç kəs yalnız aldığı əmək haqqı ilə yaşaya bilməz. Əgər kimsə yalnız hər ayın sonunda aldığı əmək haqqı ilə yaşamağı düşünürsə, bu çətin olacaq. Amma işgüzar olan hər kəs üçün imkanlar qalır. Müxtəlif layihələr işləmək olar. Dövlət hər bir alimə büdcədən əmək haqqı verir. Amma aparılan elmi tədqiqatın praktiki əhəmiyyəti varsa, həmin layihəyə həm ölkə daxilindən, həm də beynəlxalq donorlardan dəstək almaq olar. Biz də hazırda qazandığımız layihələrlə həm elm sahəsinə müəyyən qədər töhfə verə bilirik, həm də maddi ehtiyacları qarşılaya bilirik. Bizim də ölkə daxilində işlədiyimiz iki mühüm qurum var. Bunlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondudur. Layihələrimizin maliyyələşməsi isə həm yerli donorlardan, həm də beynəlxalq donorlardan olur. Texniki sahədə çalışan alimlərimiz isə daha çox beynəlxalq fondlardan qrantlar ala bilir.

 

- Gənc alimlərin mənzillə bağlı da probleminin olduğu dəfələrlə vurğulanıb. Regionlarda bu problemin həlli üçün addımlar atılırmı?

 

- Gəncədə şəhər rəhbərliyi və şəhər ziyalıları bu məsələdə gəncləri qabaqladı. İcra başçısının yanında keçirilən toplantıların birində şəhər rəhbərliyi də təklif etdi ki, heç kəsi gözləməsinlər. Daxili imkanlar hesabına ən çox ehtiyacı olan gənc alimlərə mənzil verilsin. Növbəti mərhələlərdə isə digər gənc alimlərin də mənzil şəraiti yaxşılaşdırılsın.

 

- Gələcək planlarla bağlı nə deyə bilərsiz, qarşıda hansı böyük məqsədlər var?

 

- Çox maraqlıdır ki, indiyədək heç vaxt nəyisə planlaşdırmamışam. Nə elmi sahəyə gəlməyi, nə İsveç Kral Akademiyasının üzvü seçiləndə, nə prezident mükafatı alanda bu planlı olmayıb. Mən bunların heç birinin arxasınca qaçmamışam. Sadəcə bu işin içərisində ola-ola, sevdiyim işlərlə məşğul ola-ola bu nailiyyətlər əldə olunub.

 

- Onda bu plansız uğurlar şansla bağlıdır, ya zəhmətkeşliklə?

 

- Mən düşünürəm ki, bunların çoxu Allahın bizə verdiyi bir qismətdir. Amma əvvəlcədən valideynlərim məni zəhmətə alışdırıb. Onların hər zaman mənəvi dəstəyini hiss etmişəm. Sonradan isə sən öz həyat tərzinə çevrilən işlə məşğul olursan. Bu yolda isə planlaşdırmasan da, nəyinsə arxasınca qaçmasan da çəkilən zəhmət qiymətləndirilir.  Düşünürəm ki, elmə, gənclərə qayğının bir Gəncə təcrübəsi var. Gəncə təcrübəsinin öyrənilməsinin özü də fayda verə bilər. Gəncə 2016-cı ilin Gənclər paytaxtı seçilib. Hazırda dünyada elə bir şəhər yoxdur ki, o şəhərin məxsus olduğu ölkə Avropa İttifaqının üzvü olmasın, həmçinin o şəhər paytaxt olmasın, amma şəhər Avropanın gənclər paytaxtı seçilsin. Gənclərə də tövsiyəm odur ki, heç nədən çəkinmədən sevdikləri peşənin ardınca getsinlər.

 

- Gəncə Gənclər paytaxtı seçildi. Bəs Gəncə qapıları nə zaman Gəncəyə qaytarılacaq?

 

- Azərbaycan ötən 20 illə müqayisədə xeyli inkişaf edib. Gəncədə də bu inkişafı hiss edirik. İnşallah ölkəmiz elə bir inkişaf mərhələsində olacaq ki, həmin qapıları özləri gətirib verəcək.

 

Xalid VAHİDOĞLU

 

Tarix
4 Aprel 2015 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin