Həkimlər üçün vahid geyim forması müəyyən edildi

17:14 - 20 May 2022 - Cəmiyyət

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal üçün nəzərdə tutulmuş geyim formalarının təqdimatı keçirilib.

Qurumdan verilən məlumata görə, Medical Mediada keçirilən təqdimat mərasimində TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və struktur bölmə rəhbərləri iştirak edib.

Tədbirdə həkim, cərrah həkimlər, reanimasiya həkimləri, radiologiya həkimləri, həmçinin tibb bacıları, stomatoloqlar, xəstə baxıcıları, orta tibb işçiləri, porter, təcili tibbi yardım personalı üçün geyim dəstləri nümayiş olunub.

Bundan başqa, xəstə geyim dəsti, uşaq pasiyentlər üçün geyim dəsti və digər qeyri-tibb personalı üçün nəzərdə tutulan geyim nümunələri də təqdim edilib.

Məlumat üçün qeyd edək ki, geyimlərin hazırlanması zamanı dünya təcrübəsinə istinad edilib.

32 adda olan xüsusi geyimlərdə ağ, tünd göy, açıq yaşıl, bənövşəyi, firuzəyi, mavi, çəhrayı, sarı, boz rənglərdən, xüsusi elementlərdən və yüksək keyfiyyətli parçadan istifadə olunub.

Yaxın müddətdə TƏBİB-in tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal bu geyimlərdən istifadə edəcək.

 

Xəbər xətti