Ana səhifə
18 Oktyabr 2018

“İqtisadçı olmasaydım, yaxşı futbolçu olacaqdım”

MƏHƏMMƏD TALIBLI: “ GƏNCLİYİMİ “GÖRƏN HANSI ALİ MƏKTƏBƏ QƏBUL OLA BİLMƏRƏM” SUALININ AXTARIŞINDA KEÇİRDİM”

 

İqtisadçı ekspertlər arasında Məhəmməd müəllim kifayət qədər tanınan şəxsdir. Şəxsən mən onu 2010-ci ildə baş verən “Kür-Araz daşqınları” ərəfəsindən daha yaxından tanıdım. O zaman “Kür” Vətəndaş Cəmiyyəti daşqının fəsadlarının aradan qaldırılması zamanı monitorinq (iqtisadi dəyərləndirməsi) aparmışdı. Monitorinqin (Araşdırma) ilkin nəticələrinə həsr olunan tədbirlərin birində həmin monitorinq (layihə) çərçivəsində hökumət tərəfindən bu məqsədlə xərclənən vasitlərin iqtisadi təhlilini, məhz Məhəmməd Talıblı təqdim etdi. Kifayət qədər dolğun faktlara, əsaslandırılmış, müqayisəli rəqəmlərə söykənən bu araşdırmanı heç bir mübaliğəyə yol vermədən fundamental elmi araşdırma adlandırmaq olardı. Tərcümeyi-halı ilə tanışlıqdan da məlum olur ki, Məhəmməd müəllim elm adamı, əsl ziyalıdır. 15 ilə yaxın müddətdə müxtəlif ali məktəblərdə mühazirələr deyən müsahibimizin ölkə mediasında 500-dən artıq məqaləsi və təhlil yazıları çap olunub. Biznesə aid dərslik vəsaitinin, özünün iqtisadi fikirlərinin olduğu “İqtisadiyyatda insan dəyəri” adında populyar nəşrin müəllifidir. “Tanınmışların tələbəlik illəri” rubrikasının qonağı olan Məhəmməd Talıblı ilə müsahibəni təqdim edirik.

 

Məhəmməd müəllim, tələbəlik illəriniz hansı illəri, hansı ali məktəbi, hansı fakültəni, hansı ixtisası əhatə edir?

 

Mənim orta məktəbi bitirərək ali məktəbə qəbul olunduğum il 90-cı ilə təsadüf edir. Həmin ildə hansı şəxsi uğurların olmasından asılı olmayaraq millətimizin yaddaşında “qanlı yanvar” kimi qalmışdı. Cəmiyyətdə də bu ağır depressiya və sosial pessimizmin əlamətləri var idi. Ona görə, sanki insanlar da fərdi uğurlarına belə çox sevinə bilmirdi. Mən məhz belə bir ildə, yəni 90-cı ildə orta məktəbə fərqlənmə ilə bitirərək elə həmin il Azərbaycan İnşaat-Mühəndisləri Universitetinə daxil oldum. Sonradan hiss etdim ki, mən başqa ixtisas seçməliyəm. Ona görə ürəyimin hökmü və daxili istəyim  olan ixtisas üçün ciddi axtarışa çıxdım. İsrarla özü ixtisas seçimimi reallaşdırmaq istəyirdim. Bu məqsədlə 1993-cü ildə Qafqaz Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakultəsinə sənədlərimi verdim və ikinci dəfə olaraq ali məktəbə daxil oldum. Təhsil haqqı yüksək olduğu üçün orada oxuya bilmədim. Bunun üçün bir neçə nəfərə müraciət etsəm də, alınmadı. Atam müəllim olduğu və əlavə maliyyə imkanlarımız geniş olmadığı üçün bu arzumu da reallaşdıra bilmədim. Buna görə isə açığı çox sarsılmışdım. Lakin bütün bunlara baxmayaraq axtarışımı yenə davam etdirdim. 1994-cü ildə 3-cü dəfə ali məktəbə qəbul oldum. Bu Naxçıvan Dövlət Universitetinin riyaziyyat fakültəsi idi. Bir il oxuyaraq düşündüm ki, sonradan köçürülümə yolu iqtisadiyyat fakültəsinə keçmək üçün müraciət edərəm. Beləliklə eyni vaxtda 2 universitetdə oxuyurdum. Birində əyani, birində qiyabi. Beləcə tələbə olmaqdan doymaq bilmirdim. Yadıma gəlir, onda çox adamlar, o cümlədən qohum-əqrəba da mənə sual verirdilər ki, bütün bu universitetlərin yoxlamaqda məqsədin nədir? Sadəcə özümə sual formasında məqsəd qoymuşdum ki, görən mən hansı universitetə qəbul ola bilmərəm? Bir neçə ilimi bu suala cavab vermək üçün axtarışa sərf etdim. Bütün bu etdiklərimə neçə il sonra şərait və yaş faktoru baxımından qiymətləndirəndə görürəm ki, həqiqətən gəncliyin standartı eyni olmamalıdır. İndi də gənc tələbələrə deyirəm ki, gəncliyə məhz fantaziya, güclü romantik hisslər və ambisiya yaraşır. Əks halda siz real yaşı gənc, psixoloji yaşı qoca gənclik görəcəksiz qarşınızda.

 

Sonradan bu universitetlərin hansının üzərində durdunuz?

 

Belə bir hadisə olmuşdu. 1995-ci ildə inzibati rəhbərlikdə olan bir vəzifəli şəxs auditoriyamızda daxil olaraq mənim adımı çəkərək nə üçün 2-ci ali məktəbdə əyani təhsil almağımı soruşdu. O, mənim heç cavab reaksiyamı dinləmədən dedi ki, sizin ikinci ali məktəbə daxil olmağınız da məqsəd hərbi xidmətdən yayınmaq cəhdidir. Mən dedim ki, siz mənim ürəyimdəkiləri və hədəflərimi bilmədən adımdan belə fikir söyləməyiniz səhvdir. Səhərisi gün “şanlı” bir ərizə yazaraq hərbi komissarlığa təqdim edərək xahiş etdim ki, məni hərbi xidmətə aparın. Həmin ərizəni hazırda şəxsi arxivimdə saxlayıram. Orada mənim bu addımımın səbəbini soruşdular. Yadıma gəlir polkovnik Maniyev adında komissar mənə dedi ki, biz siz əyani ali təhsil aldığınız halda hərbi xidmətə apara bilmərik. Mən isə çox israr edirdim. Neçə gün hərbi komissarlığa get-gəldən sonra birtəhər çətinliklə hərbi xidmətə getdim. Bütün bu addımlarla özümün həqiqətimi sübut etmək istəyirdim. Hərbi xidmətdən tərxis olunandan sonra isə həmin universitetə ərizə yazaraq  məni həmin universitetin 2-ci kursundan çıxarmağımı xahiş etdim. Beləliklə, hərbi xidmətə də ərizə yazaraq getdim, universitetdən çıxaraq da ərizə yazdım. Bununla da tələbəlik həyatım başa çatdı (gülərək).  

 

Tələbə qəbul olunmağınızı necə xatırlayırsınız?

 

Bizim tələbə illərimiz milli azadlıq hərəkatının ən qızğın vaxtlarına təsadüf edirdi. Ona görə, daha çox gənc olaraq mitinqlərdə və ictimai tədbirlərdə fəal idim.   Tələbəlik illərimdən xüsusi zövq almamışam. Mən özümə söz vermişdim ki, tələbəlik həyatını sanki həbsxana həyatı kimi təsəvvür edib, heç bir istirahətsiz və fasiləsiz həyatımın “sifətin” və istiqamətin dəyişməliyəm. Çünki, tələbəliyin ilk illərindən özümdə müəyyən iddialar formalaşmışdı. Tələbəlik illərimdə bəzi maddi sıxıntılar, xüsusilə ödənişə görə təhsil ala bilməməyim səbəbindən yaranmış müəyyən düşüncələr məni nəinki ruhdan salmamışdı, əksinə daha da prinsipial keyfiyyətlər formalaşdırmışdı. Düşündüm ki, məhz maliyyə məsələsinə və istədiyim universitetdə təhsilimi davam etdirə bilməyimə görə mən elə indidən maliyyə problemimi həll edə bilmirəmsə, gör gələcəkdə məni hansı problemlər gözləyəcək?! Beləliklə “gələcəyi gəlmiş bil” düşüncəsi ilə yaşayaraq sonradan böyük bizneslə məşğul oldum. Kommersiya biznesi ilə məşğul olaraq min tonlarla və vaqonlarla idxal-ixrac əməliyyatlarını həyata keçirən gərgin və çətin işə girişdim. Özümün təhsil haqqını ödəyə və bu səbəbdən ali təhsilimi davam etdirə bilmədiyim halda, sonradan 2 bacımın təhsil haqqını da çox asanlıq ödəyə bilirdim. Beləliklə,  universiteti bitirəndə artıq mən kasıb tələbədən təminatlı bir gəncə çevrilmişdim. 


- Niyə məhz bu ixtisası seçmisiniz, bu ixtisas seçimində öz istəyiniz, valideynləriniz, yoxsa başqa kimlərsə rol oynayıb və yaxud nəyə görə qərar vermisiniz ki, mən məhz bu peşənin sahibi olmalıyam?

 

- Bizim ailədə hər zaman demokratik mühit olub. Atam sözün əsl mənasında ədalətli insan və müəllim olduğu üçün bizə fərqli tərbiyə verirdi. Valideynlərim bizə qarşı heç zaman təzyiq dili ilə danışmayıb. Seçimlərimizə hörmət qoyublar. Ona görə ixtisas və ya universitet seçəndə bizi xüsusilə yönəltməyiblər. Sadəcə özlərinin valideyn arzularını bildiriblər. Bu baxımdan mən orta məktəbdə oxuyanda eyni vaxtda 2 fəndən hazırlığa getdiyim üçün ixtisasımı artıq öncədən artıq  müəyyənləşdirmişdim. Buna görə valideynlərimin “dirijor çubuqların” hiss etməmişəm. Biz ölkəmizin keçid dövründə yaşadığımızdan münasibətlər sistemi və prioritetlər sürətlə dəyişirdi. Bizlər də mümkün qədər zamanın dəyişən şərtlərinə elastik reaksiya verməli və yolumuzu dəqiqləşdirməli idik. Ona görə mən də 1998-ci ildən sonra iqtisadiyyat elmini seçməyə qərar verdim və onunla dərindən məşğul olmağa başladım. Məhz bu sahədə çoxlu ədəbiyyat oxumağa və məqalələr yazmağa başladım. İqtisadiyyat və biznes sahələrində çoxlu sayda təlimlərdə iştirak etdim. Sonradan isə dissertasiya işimi də tələsmədən çox mənbələrdə çalışaraq yazdım. Müdafiə üçün çox tələsmədim. Önəmlisi elmi ad yox, özümümü daha çox gəlişdirmək idi. Çünki mən məqsədimdə birxətli və israrla iqtisadçı olmağı seçmişdim. Bunu isə daxili tələbatım olaraq müəyyənləşdirmişdim.

 

 

- Uşaqlıq vaxtı və orta məktəbdə oxuyarkən peşə ilə bağlı arzularınız nə olub?

 

- Mən iqtisadçı olmasaydım, heç şübhəsiz ki, yaxşı futbolçu olacaqdım. Belə demək olarsa, mən orta məktəb dövrümdə sanki futbol meydançasında “yatırdım”. Bu həvəsin yaranmasında əsas ilhamverici şəxs kimi indi çox məşhur olan Böyükağa Ağayev dururdu. Söhbət bu yaxınlara qədər “Neftçi”nin baş məşqiçisi olan məhz həmin Böyükağa Ağayevdən gedir. Böyükağa bəy o zaman Naxçıvan şəhərində “zəif” ləqəbi ilə məşhur idi. “Araz” futbol klubunun uğurları da daha məhz onun adı ilə assosasiya olunur. Mən də o zaman çox böyük həvəslə futbola gedirdim. Ən çox sevdiyim peşə futbolçu olmaq idi. Amma heç xoşlamadığım və arzulamadığım   ixtisas isə filoloq və ya tarixçi olmaq idi.

 

- Ali məktəbə qəbul imtahanlarını və nəticəni öyrənərkən hansı hislər keçirirdiniz?

 

- İmtahan nəticələrini gözləyəndə heç həyacanlanmazdım. Daxilimdə bunu çox böyük həyacanla gözləməyimə baxmayaraq bunu biruzə vermirdim. Amma mənim üçün bu nə qədər taleyüklü bir mərhələ olduğunu anlayırdım, amma bütün bunlara baxmayaraq ona görə dərindən həyacan keçirmirdim. Bunu sanki qüruruma toxunacaq  qəbahətli hal kimi qəbul edirdim. Ona görə imtahanda çoşqu yaşatmaq və bunu bayrama çevirməyi digər həmyaşıdlarım kimi etməmişəm. Açığı bu baxımdan imtahanlarda yüksək qiymət alanların sevincindən atılıb-düşməklərini anlaya bilmirdim. Çünki, belə şeyi heç vaxt edə bilməyəcəyimi də qabaqcadan bilirdim.

 

- Tələbə kimi ilk dərs gününüz və ilk semestr imtahanını necə xatırlayardınız?

 

- İlk dərs semestrini çox həyacanla yola saldıq. Deyirdik bəlkə guya biz imtahanlardan kəsilsək, universitetdən xaric olunacağıq və dünya dağılacaq. Sonra kəsildik də, aşağı qiymət də aldıq. Bu baxımdan mən özümü qeyri-adi tələbə hesab etməmişəm. Mən xüsusi istedaddan daha çox, davamlı çalışmaqla daha istedadlı olmağı qəbul edənlərdənəm.    

 

- Tələbəlik zamanı harada qalırdınız?

 

- Bir neçə yerlərdə qalmışam. Yasamalda Politexnik İnsitutunun tələbə yataqxanasında daha çox qalmışam. Orada natəmiz və antisanitar vəziyyət dözülməz idi. Arada indi də yolum o tərəfə düşəndə maşınımı bir tərəfdə saxlayıb, həmin illəri xatırlayıb, ətrafı gəzib gəlirəm. Xüsusi ilə də orada daimi küləkli vəziyyətlərdə gölün havasının udmaq istəyirəm. Sonra tələbəlik illərimdə Sulutəpədə qrup yoldaşım və dostum Yaşarla onların boş olan evində qalmışıq.   

  
- Məlum olduğu kimi, tələbəlik gənclik dönəminizin ən gözəl illəri olub. Bu yolu keçən hər bir şəxsin başına maraqlı, yadda qalan hadisələr gəlir. O illərə qayıdanda da ilk olaraq həmin hadisələr yada düşür. Sizin üçün o illərdən ən yadda qalan xatirələr nə olub? Bu xatirələrdən bir neçəsini yada salmağınız oxucular üçün maraqlı olar.

 

- Yadıma gəlir, bir dəfə tələbə olanda anam mənə pul verərək bazarlığa göndərdi. Mən də yolüstündə olan kitab maqazininə baş çəkməli oldum. Başım qarışdı, kitablara baxmağa. Yadıma gəlir, o zaman məşhur hind folosofu və yazıçısı Rabindranat Taqorun “Köçəri quşlar” əsərinə həmin bazarlıq pulu üçün verilən pulu verib aldım. Evə gələndə anam soruşanda ki, bəs bazarlıq hanı? Dedim ki, bəs dedim bəlkə sən sabah üçün bazarlığı nəzərdə tutmusan, ona görə onun əvəzində bu kitabı aldım. Anam çox əsəbi vəziyyətdə olmağına baxmayaraq mənim bu hərəkətimə gülməyə başladı. Başqa bir hadisə də yenə tələbə dövrü ilə bağlı olub. Novruz bayramı idi. Qohumların bayramlaşması və get-gəl olur axı həmişə. Mən isə tələbəlik illərimdən başlayaraq xoşladığım qəzetləri arxivimdə saxlayırdım. Qəzetlər də nömrələndiyi üçün arada hansı bir nömrə olmayanda həmən onu sezmək olurdu. İki gün öncəki sayda diqqətimi cəlb edən materialla yenidən tanış olmaq istədim. Gördüm ki, qəzet yerində yoxdur. Evdəkilərdən soruşdum ki, bu qəzet haradadır? Bacım dedi ki, bilmirəm. Anamdan soruşdum, o da dedi ki, bəs həmin qəzetə bu gün bibingil üçün bayram paylarını büküb onlara göndərmişəm. Bu söhbəti edəndə isə gecə saatları idi. Mən də durub anamın səliqə ilə yığdığı yorğan-döşəyi evin ortasına tökərək əsəbi halda bibimgilə getdim. Gecə vaxtı onların qapıların döydüm, bibim həyacanlı vəziyyətdə çıxaraq dedi ki, bibiqurban nə yaxşı? Dedim ki, anam sizə pay göndərib? Gülərək dedi ki, payı qaytarmağa gəlmisən? Dedim ki, yox, paya bükülən qəzeti almağa gəlmişəm. Bibim, gülərək əli ilə qəzeti “ütüyərək” onu mənə gülərək verdi və üzümdən öpüb yola saldı. Belə qəribə söhbətlər çox olub.

İnşaat-Mühəndisləri Universitetində Fərhad müəlllim adında çox gözəl xarakteri olan, təmiz və rüşvətdən uzaq bir müəllimimiz olub. O, hazırda da yaşayır. Həmin univesrsitetin prorektorudur. O, mənim yaddaşımda və həyatımda şəxsimə ən böyük yaxşılıq etmiş və ədaləti bərpa edən şəxs olaraq qalıb. Mən həmin universitetə qəbul olmağımda yalnız o insana borcluyam. Deməli, 90-cı ildə imtahan nəticələrini gözləyirdik. Atam mənə dedi ki, neçə almağa ümid edirsən? Mən də dedim ki, 4 alsam, ikinci imtahana girməyəcəm. Mütləq 5 alacam. Çünki, sualların hamısına cavab yazmışdım və sonradan onu yoxladıq da.  Elə oldu ki, mənim adım mikrofonla elan olunanlar sırasında ümumiyyətlə olmadı. Atam bununla maraqlandı. Appelyasiya komissiyasına müraciət etdi. Orada dedilər ki, belə bir sənəd bizə ümumiyyətlə daxil olmayıb. Sonradan öyrəndik ki, imtahan cavabında qiyməti aşağı salmaq və ya kəsmək mümkün olmadıqlarını görüb, elə imtahan vərəqini aradan götürmək qərarına gəliblər. Məni yenidən imtahan suallarımın cavablandırmaq məqsədilə komissiya qarşısına çıxardılar. Mənə sual verdilər ki, siz neçə qiymətə iddialısız? Mən dedim ki, yalnız 5  almaq üçün burdayam. Bir saata yaxın sorğu-sualdan sonra komissiya mənə əla qiymət verdi.   Və mən riyaziyyatdan əla qiymət aldım. Həmin komissiyanın sədri Fərhad müəllim dedi ki, belə uşağı da imtahandan kəsmək olar? Əgər o zaman Fərhad müəllimin o cür ədalətli mövqeyi olmasaydı, mən bir ali məktəb üçün tələbə ola bilməyəcəydim. Bütün bunlara görə mən üstündən 25 il keçməsinə baxmayaraq Fərhad müəllimə ömürlük borcluyam. Onu tələbə yoldaşlarımızla toplananda xoş təəsuratla xatırlayırıq.  Fərhad müəllimi o zamanlarda bütün tələbələr özlərinin ən yaxın dostu hesab edirdi. 

 

- Aldığınız təqaüd aylıq xərclərinizi ödəyirdi, yoxsa ay sona çatmamış pulunuzu xərcləyib bitirir və evdən əlavə xərclik gözləyirdiniz?

 

Mən tələbəlik illərində evə yük olmamışam. Ailənin böyük övladı olmağım sanki məsuliyyətimi də böyütmüşdü. Həm işləyib, həm də oxumuşam. Həmişə tələbəlik illərimdən düşüncəm bu olub ki, elə işlərlə məşğul olmalıyam ki, gələcəkdə bunlara görə özümü qınamayım və daxilən əzab çəkməyim. Bu mənim əxlaq kodeksimin əsası idi.  Bunu rəhbər tutaraq hətta heç bir xırda ticarət işləri məşğul olmaq və ya rüşvətə bulaşmaq kimi heç bir hala yol verməmişəm. Ona görə hətta tələbəlik illərimdə özümü böyük insan kimi hiss edib, sanki hamının kənardan mənə diqqətinin mənim üzərimdə olduğunu zənn etmişəm. Hətta sonradan borc alıb ən vacib problemimi həll edən vaxtlarım olub, amma həmin anda rüşvət almaq imkanım olduğu halda onu ağlımın ucundan belə keçirməmişəm. Amma mən bütün dövrlərdə düşdüyüm çətinliklər və xərclərimin qarşılanması kimi vəziyyətlərdə dostlarımı əsas insanlar kimi yanımda görmüşəm. Buna görə özümü çox xoşbəxt hiss etmişəm və edirəm.  
 

- Tələbəlik dövründə belə demək mümkünsə, heç çörək almağa pul tapmadığınız günlər olub?

- Çox olub! Amma səbrim və qürurum bunu hamının yanında danışmağa imkan verməyib. Başa düşmüşəm ki, kimin belə günləri olmayıb ki? Çörəyə möhtac qalmaq çörəyə dəyəri artırır, onu azaltmır. Kim ki, uğurları “podnusda” alıb, təbii ki, onun çörək problemi də olmayıb. Kimi ki, uğurları özü “iynəsini” işə salaraq problemləri deşib və uğur qazanıb, onun çörək problemi də olmalıdır. Rəsul Rzanın belə bir şerində bənd var: od nə çəkdi, küldən soruş... Həqiqətən belədir. Çətinlik yolu keçməyən mutluluqdan bir şey anlamaz. Yaponlar deyir ki, 7 dəfə uğur qazanmaq üçün 7 dəfə yııxlmaq lazımdır. Bütün bu çətinliklərə görə peşman deyiləm, buna görə Allahıma çox borcluyam ki, Fərhad kimi həyat “dağını” çapmaq iradəsini nəsib edənlər sırasında qeyri-təvazökarlıq olmasın, özümü də görürəm. Bütün bu ehtiyaclar insanları möhkəmləndirir. Əbəs yerə dahilər deməyiblər ki, ehtiyac təkamülün babasıdır. Ehtiyaclar yaranır və şiddətlənir ki, biz inkişafa can atırıq və nəhayət onu əldə edirik. Ümumiyyətlə müasir psixoloqlar hesab edirlər ki, problemlərlə qarşılaşmağı sevən insanlar daha sağlam beyinə sahib olurlar.

 

- Məhəmməd müəllim,  ali məktəbi bitirəndən sonra tələbə yoldaşlarınızla toplu şəkildə heç bir araya gəlmisiniz, “Məzun günü” qeyd etmisiniz?

 

- Xüsusi planlaşdırdığımız arada görüşlərimiz olur. Yeyib-içmək və istirahət etmək, keçmiş xatirələrimizi bölüşmək kimi məclislər təşkil olunur. Amma “məzun günü” kimi ənənələrimiz yoxdur.

  
- Sıx dostluq münasibətində olduğunuz və hazırda görüşdüyünüz tələbə yoldaşlarınız var?

 

- Həmin tələbə yoldaşlarımızdan ikisi ilə yaxın dostluq münasibətləri mövcuddur.   Digərləri ilə epizodik olaraq görüş imkanlarımız olur. Heç birimiz arasında neqativ münasibətlər yoxdur. Amma tələbəlikdən dostluq etdiyim insanlardan biri olan Yaşarı mən tələbə illərimin ən böyük qazanclarından hesab edirəm. Ədalətli və yüksək əxlaqı olan insandır. Ötən yay ailəlikcə birgə onların ata evlərinin olduğu Şamaxıda 10 gün istirahəti birgə keçirdik.  Demək istəyirəm ki, onunla ailəvi dostluq münasibətlərimiz var və davam edir. Digər tələbə dostumuz isə nisbətən yüksək vəzifədə çalışır. Biz nə zamansa bir araya gələndə ona zarafatla deyirəm ki, sən də vəzifədən çıxanda o zaman daha yaxşı dostluğumuz alınacaq. O, da zarafatla deyir ki, indi nə edim, dostluğumuz xatirinə işdən çıxım? Mən də deyirəm ki, bizi qazanmağın dəyəri həmin alternativdən imtinandadır. Təbii ki, aramızda beləcə səmimi zarafat olur.

 

- Asudə vaxtlarınızı necə keçirirdiniz, tələbəlikdə oxumaqdan başqa hansı məşğuliyyətləriniz olub?

 

- Tələbəlik illərindən indiyə qədər dəyərli fikirləri, faktları və aforizmləri toplamaq və yazmaq mənim həmişəlik hobbim olub. Mənim ən böyük məşğuliyyətim 25 ildir ki, daim aldığım, xüsusilə “Azadlıq” qəzetləri başda olmaq qəzetlərin ən vacib nüsxələrini səliqəli formada saxlamaqla arxivləşdirməyimdir. Bəzi fasilələrlə gündəliklərımı yazıram. Hərbi xidmət dövrünün bütün günlərini istisnasız olaraq gündəlik formasında yazmışam. Amma hələdə kağız parçaları formasında olan həmin gündəlik qeydlərimi vaxt tapıb dəftərə yaza bilməmişəm. İnşəllah, bəzi belə kiçik planlarımı bu yay yekunlaşdırmalıyam.

 

- Hansı nəsli danışdıranda onların giley-güzarı belə olur ki, “bizim vaxtımızda tələbəlik belə olmayıb, daha yaxşı olub” deməklə, özündən sonrakı nəsilləri bəyənmirlər. Siz öz tələbəlik illərinizlə indikilər arasında hansı üstün və geridə qalan fərqləri görürsünüz?

 

- Hər dövrün öz gəncliyinin üstünlükləri və çatışmazlıqları var. Fikrimcə, bu birrəngli deyil. İndiki gəncliyin dil hazırlığı demək olar ki, bizim dövrdə olan xarici dillərin əhatəsi dairəsindən daha genişdir. İndiki gənclik dil hazırlığı baxımından bizim nəsildən yaxşı mənada fərqlənir. Müasir gəncliyin bəzi nümayəndələri ədəbiyyat sahəsində postmodernistləri həvəslə oxuyurlar. İndiki gənclik daha çox açıq gözlü və modern keyfiyyət daşıyıcıları kimi görürəm. Lakin bütöv götürdükdə, elmə həvəslərini çox da yüksək qiymətləndirmək olmaz. Bütün bunlarla yanaşı elmə həvəsi və çətin həyat şərtlərinə dözüm hədləri yüksəkliyin hiss edə bilmirəm.   Fikrimcə, əzablı yol keçməkdən indiki gənclik daha çox qorxur. Daha çox asan qələbə yoluna ümidli kimi görünür. Görünən isə odur ki, böyük çoxluqda milli vətənpərvərlik hissi çox aşağı səviyyədədir. Onlarda kosmopolik elementlərin gücləndiyini görürəm. Ən çox yayılmış neqativ tendensiya kimi isə karyera yüksəlişini xarici ölkəyə çıxıb getməkdə və xoş həyatı digər ölkələrdə təmin etməkdə görən gənclərimiz azlıq təşkil etmir. Bu məni çox ağrıdır və bunu olduqca  neqativ tendensiya sayıram. Qarabağ kimi milli problemi olan və vətənpərvərliyə böyük ehtiyacımız olan məqamda musiqiyə, yüngül həyat tərzinə və əyləncəyə maraq daha çox kütləviləşir. Bütün bu neqativ tendensiyaları elektron media daha çox stimullaşdırır. Online mübadilə və informativ bazanın çoxluğu baxımından indiki gənclik daha çox öndədir. Amma kitaba əl toxunduraraq oxumaq və onun estetik zövqünün yaşamaq hissini onlara daha çox aşılamaq lazımdır. Mən şəxsən gəncliyi fiziki baxımdan daha güclü və sağlam həyat tərzi keçirən görmək istəyirəm. Çünki, bu həm də sabahın sağlam cəmiyyəti deməkdir. Güclü ailə insitutları formalaşmadan güclü cəmiyyət quracağımız mümkün deyil.

 

Əfsun Sucayev

Tarix
3 Aprel 2015 [16:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin