Ana səhifə
25 Sentyabr 2018

“Həm azərbaycanlı, həm də türkiyəliyəm”

Aygün İsmayılova: “Ailə üzvlərim çox yaxşı insanlardır və Türkiyədə darıxmağa qoymurlar”

 

Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova “Şənbə qonağı” rubrikamızın qonağıdır. Müğənni Azərbaycana gəlişinin səbəbindən, Türkiyədəki ailəsindən, “O səs Türkiyə” yarışmasına qatılmasından və yaradıcılıq planlarından danışdı.

 

- Aygün xanım Bakıda neçəgün qalacaqsızsınız və gəlişiniz səbəbi nədir?

- Aprelin 4-də Türkiyəyə qayıdıram. Bakıya Novruz bayramını keçirmək və ailəmi görmək üçün gəlmişəm. Bu arada da verilişlərdən təklif aldım və efirlərə də çıxdım. Övladımı da Azərbaycana gətirmişəm.

 

- Bəs, həyat yoldaşınız gəlməyib?

- Yox, yoldaşım işi ilə əlaqədar gələ bilmədi.

 

- Türkiyədə Azərbaycan üçün darıxırsınızmı?

- Vətənim üçün çox darıxıram. Allah hər kəsə yaxşı ailə qismət etsin. Ailə üzvlərim, həyat yoldaşım, qaynanam, baldızım yaxşı insanlardır və çox da darıxmağa qoymurlar. Amma valideynlərim, Azərbaycan üçün çox darıxıram. Bakıda doğulub boya-başa çatmışam.

 

-  “O səs Türkiyə” yarışmasında iştirak etdiniz. Necə oldu ki, o yarışmaya qatılmaq qərarına gəldiniz?

- Yoldaşımın təkidi ilə yarışmaya qatıldım. Yeni ana olduğuma görə, yarışamaya qatılmaq istəmirdim. O, mənə stimul verdi ki, yarışmaya qatıl və sənin səsini eşitsinlər. Əvvəllər məni yalnız Azərbaycanda tanıyırdılar Amma bu müsabiqəyə qatılmaqla Türkiyədə məni 74 mliyon adam tanıyacaqdı. Türkiyədə tanınmaq və səhnəyə çıxmaq üçün mütləq bir yarışmaya qatılmağın lazımdır. Beləliklə, “O səs Türkiyə”yə qatıldım və yaxşı ki, iştirak etdim, yaradıcılığıma bir hərəkətlilik gəldi. Yarışda gözəl insanları, münsiflər heyətini tanıdım. Onlarla dost münasibətlərimiz yaranıb. Həm mən onları sevdim, həm də onlar tərəfindən sevildim.

 

- Yoldaşınızın təklifindən əvvəl həmin yarışmada iştirak etməyi düşünmüşdünüzmü?

- Yox,  heç vaxt düşüməmişdim. Hətta Türkiyəyə ailə qurub getdiyim vaxt yoldaşım xahiş etdi ki, yarışmaya qatıl və o vaxt münsif heyətində Mashar və Özkan bəy yox idi. Bir il sonra yoldaşım təkidlə dedi ki, «yarışmaya sənin qatılmağını istəyirəm”.  Bununla da “O səs Türkiyə”yə qatıldım.

 

- Münsiflər heyətindən daha çox kimi sevirdiniz?

- Münsiflərdən Özkan və Mazhar bəyi seçdim. Onları daha çox sevirdim. Çünki məşq zamanı onlarla bir yerdə olurduq. Səhnəyə çıxmamışdan əvvəl bizi otağa çağırırar, stimul verər və səhnə ilə bağlı tövsiyyələrini bildirərdilər. Münsif heyətinin hamısı səmimi və yaxşı insanlardı. Onlar yarış iştirakçıları ilə yaxşı münasibət qururdular.

 

- Yoldaşınız təkidi ilə yarışmaya qatıldınız. Bəs, yarışmadan sonra da yoldaşınız sizi dəstəkləyirmi?

- Əlbəttə, dəstəkləyir. Mən onunla evlənmədən əvvəl bilirdi ki, sənət aləmindənəm. Hətta Türkiyədə yoldaşıma bir çox insanlar dedi ki, yoldaşının çox gözəl səsi var, heç vaxt qarşısını alma. O mənə bu sahədə mane olmayacağını söyləməklə yanaşı, vurğuladı ki, məni müğənni kimi görüb evlənib. Sağ olsun, yarışmada da məni yalnız buraxmadı, dəstək oldu. Həmişə  də yanımda oldu.

 

- Bir azərbaycanlı üçün “O səs Türkiyə”yə yarışmasına qatılmaq çətin deyildimi? Nəticə sizi qane edirmi?

- Yarışmaya qatılmaq çətin olmadı. Türkiyə vətəndaşı ilə evli olduğum üçün özümü yad hiss etmirdim. Həm azərbaycanlı, həm də türkiyəliyəm. Təbii ki, nəticə də də mənim üçün önəmli idi.

 

- Elnur Hüseynovun “O səs Türkiyə”də qalib olacağına inanırdınınızmı?

- İnanırdım və Elnurunun qələbə qazanmasına çox sevindim. Düzdü, iştirakçılar qışqır-bağır saldılar ki, bu seçim haqsızlıqdır. Bu haqda çox komentariyalar gördüm, niyə  azərbaycanlı burada qələbə qazanıb? Hətta Azərbaycanda da Elnur qınaq obyektinə çevrilmişdi ki, niyə yarışmaya gedib, Hadisənin və ya kiminsə qarşısında oxuyur? Mən isə Elnuru dəstəklədim. Orada da Elnurla görüşdük və danışdıq. Dedim ki, Elnur yaxşı edib gəlmisən. Yaxşı ki, o yarışmaya qatıldı. Bu gün ikinci dəfə ölkəmizi “Eurovision”da təmsil edəcək,inşallah. Onun səsinə uyğun çox gözəl mahnı yazılıb və çox gözəl də ifa edib.

 

- Necə düşünürsünüz, Elnur “Eurovision”da ölkəmizi qalib edə biləcəkmi?

- İllər keçdikcə həmin yarışmaya insanın ümidləri azalır. İnşallah ilk üçlükdə olarıq.  Amma ilk yeddilik daha real görünür.

 

- Siz nə vaxtsa “Eurovision”da Azərbaycanı təmsil etmək istərdinizmi?

- Əlbəttə, niyə də olmasın, təmsil etmək istəyərəm.

 

- Hazırda yaradıcılığınızla bağlı hansı işləriniz var. Artıq Türkiyədə yaşayırsınız. Müğənni kimi fəaliyyətinizi Türkiyədə, yoxsa Azərbaycanda davam etdirəcəksiniz?

- Türkiyədə bizim başqa müğənnilərimiz də yaşayır. Onların orada şou-biznes sektoruna qatılmaq şansları yüksək deyil.Türklər öz sənətçilərini dəstəkləyirlər. Yalnız dünya standartlarına uyğun səsə malik olsan o zaman pul qazanmaq məqsədilə səninlə işləyə bilərlər. İnşallah təmiz bir təklif gəlsə, əlbəttə ki işləyərəm.

 

- Sizin Türkiyədə hər hansı bir şirkətlə müqavilə bağlamaq fikriniz varmı?

- Yaxşı bir  iş təklifi olsa müqavilə bağlayaram. Bizim də istəklərimizi qəbul etələr və onların da istəkləri ilə razı olsaq niyə də olmasın.

 

- İradə İbrahimova yaxın günlərdə yeni işlərini Bakıda təqdim etdi. Sizin müəyyən vaxtdan sonra Azərbaycana qayıdıb yeni işlərinizi burada təqdim etmək fikriniz varmı?

- Bunu əvvəlcədən demək olmaz, həyatda hər şey ola bilər. Amma bir dəfə yoldaşıma dedim ki, gedək Azərbaycanda yaşayaq, burada darıxıram. Əlbəttə o da Türkiyəni sevir, oradan ayrılmaq istəmir. Ola bilsin ki, gələcəkdə bu mümkün olsun.

 

- Bəlkə müəyyən müddət Bakıya gəlib, işlərinizi təqdim edib gedəsiniz..

- O zaman insan yollarda qalar.

 

- Müğənnilikdən başqa şeir də yazırsınız...

- Bir çox tanınmış müğənnilərimizə şeirlərim verilib. Pərviz Mahmudovla birlikdə işləyirik. Mən şeir, o isə musiqisini yazır.  Roya Ayxan bir mahnımızı oxuyub, daha bir mahnımızı da oxuyacaq. Könül Kərimova, Mila da mənim şeirlərimə yazılmış mahnıları ifa ediblər. Sevda Yəhyayevanın “Yalan” mahnısı mənim sözlərimə yazılıb.

 

- Özünüz üçün də mahnı yazmısınız?

- Bəli, yazmışam. “Dünyada barış” adlı mahnının sözləri mənimdir. Düzdü efirlərdə çox oxumamışam. İlhamə Qasımovanın da mahnısına sözlər yazmışdım. Pərviz Mahmudovun son mahnısı “Canımda cansan”ın sözləri də mənimdir. Müğənnilikdən başqa bu işlə də məşğulam. Türkiyədə bir şairdən işbirlyi üçün təklif almışam. Amma sözlər türk dilində yazılacaq.

 

- Türkiyədə yaşayan azərbaycanlılardan, İradə ibrahimova, Günay Musayeva, Günel Zeynalova ilə dostluq edirsinizmi?

- İnanırsınız ki, heç biri ilə əlaqəm yoxdur. Yalnız Azad Azərbaycan televiziyasında işləyən Zara xanımla əlaqəmiz var. Türkiyə vətəndaşı ilə ailə qurub və onunla dostluq münasibətimiz var.

 

- Hazırda Azərbaycan şou-biznesini necə dəyərləndirisiniz, inkişaf varmı?

- Mən heç vaxt şou-biznesə daxil olmadım. Amma kənardan bir tamaşaçı kimi baxanda axsaqlıqlar, boşluqlar olduğunu görürəm.  İnşallah yaxşı müğənnilər gəlib, o boşluqları dolduracaq. Hər insanın öz vaxtı var.

 

- Hazırda Ankarada, yoxsa İstanbulda yaşayırsınız?

- İstabulda yaşayırıq, əvvəllər işimlə əlaqədar Ankaraya gedib-gəlirdim.

 

- Yoldaşınız hansı sahədə çalışır? İncəsənətlə əlaqəsi varmı?

- İncəsənətlə əlaqəsi yoxdur.  Amma çox  gözəl türk-sənət musiqisi ifa edir. Deyirəm ki, vaxtında səsin üzərində işləsəydin, çox gözəl mövqe qazana bilərdin. Çox  gözəl mahnı üslübu var, bir mahnıya bir dəfə qulaq asır və mənim üçün oxuyur.

- Yoldaşınız bizneslə məşğul olur?

- Bu haqda çox danışmaq istəmirəm. Amma deməyəcəm ki, ay yoldaşım iş adamıdır. İşləyir, ailəsini dolandırır və bu mənim üçün yetərlidir.

 

- Türkiyəyə Röya Ayxan və Aygün Kazımova da getdi...

- Türklər ancaq öz müğənnilərini dəstəkləyirlər. Türkiyədən gələn ifaçıları biz başımızın üstündə tuturuq, amma onlar  bizimkiləri sadə şəkildə qarşılayırlar Ona görə də,mən də istəyərəm ki, onlar bizi necə qarşılayırlar, biz də onları elə qarşılayaq.

 

- Yarışmadan sonra Türkiyədə tanındınızmı?

- Təbii ki, tanındım. Hazırda İstanbulda yeni binada yaşayırıq, hətta orada yaşayanlar deyirlər ki, siz yarışda çıxış edən xanımsınız. Amma yarışmada 200  nəfər iştirakçı vardı və onları da hər adam yadında saxlaya bilməz. Amma yaxşı ki, mən bir neçə mərhələ keçdim və yadda qaldım.

 

- “O səs Türkiyə” iştirak etməyinizin nə kimi müsbət tərəfləri oldu?

- Səsimi, potensialımı göstərdim və çox gözəl dostlar qazandım. Münsiflər heyətinin təqdirini qazandıb. Onlarla artıq çox yaxın dostluq münasibtlətimiz var.

 

- Yarışmada seçiminizlə bağlı sonradan peşimançılıq hissi keçirdinizmi?

- Qətiyyən yox və ən doğru qərarı verdiyimi düşünürəm. Ailəmlə yarışmaya çıxmamışdan əvvəl qərara  gəldik ki, dönsələr Mashar və Özkan bəyi seçəcəm. Döndülər də sağ olsunlar. Ebru Gündəşlə eyni janrda oxumuruq, onun janrı bir az mənə yaddır.

 

- Yarışmadan sonra «kaş filan mahnını ifa edərdəim, o daha uğurlu olardı» deyə düşündünüzmü?

- Ağlımda çox mahnılar vardı. Mən də mahnılar təklif edirdim, amma ən çox Mazhar bəyin həyat yoldaşı Biricik Sudə xanım bizim üçün mahnıları seçirdi. Və düşünürəm ki, mənim üçün yaxşı da mahnılar seçildi, oxudum da. Qismət elə oldu ki, finala çıxa bilmədim. Amma çox gözəl mahnılar seçildi və ifa etdim.

 

- Yenidən hansısa yarışmada iştirak etmək istərsinizmi?

- Yox istəmirəm.

 

Tarix
3 Aprel 2015 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin