Ana səhifə
17 Noyabr 2018

«Aktyorları cilalamaq lazımdır»

Məryəm Əlizadə: “Rejissor əsəri dərindən dərk etməli və hansı mövzunu qabartdığını bilməlidir”

 

Vidadi Qafarov: “Aktyor bir ildə iki-üç rol oynaya bilər, kəmiyyət artıqca keyfiyyəti aşağı düşür”

 

Tamaşaya quruluş verən, aktyorları istiqamətləndirən, hər hansı bir obraza dəvət edən və yönəldən rejissorlardır. Ümumiyyətlə, rejissor və aktyor işbirliyi necə qurulmalıdır? Aktyorları səhnə əsərinə hansı kriteriyalarına görə dəvət edirlər?

Bu barədə “Üç nöqtə”yə danışan əməkdar artist Nicat Kazımov bildirdi ki, rejissor əsəri mənimsədikdən sonra hansı aktyorun iştirak edəcəyini müəyyənləşdirir: “Rejissor kimi ilk növbədə aktyor heyətinə tövsiyyəm sənətə qarşı sevgini oyatmaqdır. Eləcə də, yaradıcı heyət arasında bir-birinə qarşı məhəbbət olmalıdır. Əgər sevgi yoxdursa, peşəkar işdən söhbət gedə bilməz. Hər bir əsəri oxuyandan sonra, nə edəcəyimi biləndən sonra, görmək istədiyim obraza uyğun aktyorlar  dəvət edirəm. Hazırda “Çirkli ördək balası” tamaşasını səhnələşdiririk. İnşallah, mayın ortalarında tamaşaçılara təqdim edəcəyik. Tamaşa 12-13 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub”.

Teatr tənqidçisi Məryəm Əlizadənin fikrincə, rejissor və aktyor işi o zaman uğurlu alınır ki, orada peşəkarlıq, düzgün seçim olur: “Rejissor və aktyorun yaradıcılıq işbirliyi həmişə olacaq və inanıram ki, teatr həmişə yaşayacaq. Ola bilər ki, zaman dəyişdikcə müəyyən üsul dəyişikliyi baş verəcək. Teatr nə rejissorsuz, nə də aktyorsuz mümkün deyil. Tamaşanın güclü alınması üçün rejissor və aktyor arasında yaxşı yaradıcılıq birliyi və düzgün, peşəkar seçim olmalıdır. O zaman iş birliyinin müsbət nəticələr verdiyinin şahidi oluruq. Rejissor aktyora rol verənə qədər çox böyük hazırlıq mərhələsi keçməlidir. Rejissor əsəri dərindən dərk etməli və hansı mövzunu qabartdığını bilməlidir. Əsərin üslübuna, ideyasına uyğun gələn akyor kimdir? Aktyorun potensial imkanları ona əl verirmi? Hər bir obraza və əsərə on rejissor, on fərqli yozum verə bilər”.

İncəsənət İnstitutunun “Kino, teatr, televiziya” şöbəsinin rəhbəri, teatrşünas Vidadi Qafarov qeyd etdi ki, rejissor və aktyorun yaradıcılıq işbirliyi müəyyən mərhələlərdən keçir: “Bəzi rejissorların rol bölgüsündə iki halın şahidi oluruq. Birincisi, rejissorlar çətin yola getmirlər və sınaqdan çıxmış aktyorları tamaşalarına dəvət edirlər. Riskə getmək istəmirlər ki, təzə aktyorlar cəlb etsinlər, aktyor axtarışında olsunlar və s. Bu kimi problemlər bu gün də özünü göstərir ki, əksər rejissorlar bu yolla gedirlər. İkincisi, rejissorların öz sevimli aktyorları var və bir çox tamaşalarında həmin aktyorlarla işləməyə üstünlük verirlər. Sözsüz ki, rejissor olaraq hər bir insanın ixtiyarındadır ki, hansısa aktyorla işləyir və özünün vahid truppasını yaradır. Bunu prinsipcə edə bilər, amma hər hansı bir rejissor hansısa teatrda işləyirsə, o aktyor heyətinin də inkişafını düşünməli, yeni aktyorlar səhnəyə gətirməyə çalışmalıdır. Aktyor cilalanmamış zinətdir, onu cilalamaq lazımdır. Bunu da yalnız verdiyi obrazla rejissor edə bilər. Rejissorlar da buna risq etmirlər və asan yol tutaraq sınaqdan çıxmış aktyorları dəvət edirlər. Halbuki, bizim 60-cı illərdən başlayan Tofiq Kazımov məktəbimiz var. O, Azərbaycan tearına istedadlı aktyorlar bəxş edib. Onların bir çoxuna tələbə ikən səhnəyə çıxaran və baş rol verdiyi aktyorlardır ki, bu gün xalq artsiti, dövlət mükafatı lauriyyatına layiq görülüblər. O, təzə aktyor axtarışında olurdu və səhnəyə təzə nəfəs gətiridi. Belə hal onun vaxtında daha çətin idi, çünki Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Əli Zeynalov kimi sənətkarlarla eyni səhnəyə çıxmaq vardı. O zaman gənc aktyorları səhnəyə çıxarmaq və baş rolları vermək hər rejissorun işi deyildi”.

Vidadi Qafarovun sözlərinə görə, hazırda istedadlı aktyorlarımız var: “Orta nəsil nümayəndələrindən Qurban İsmayılov, Füzuli  Hüseynov, Elşən Rüstəmov və Abbas Qəhrəmanov  kimi istedadlı aktyorlarımız var. Amma onlar da öz rollarını gözləyirlər və yuxarıda qeyd etdiyim münasibətin qurbanı olurlar. Məsələn, Elşən Rüstəmov Gənc Tamaşçılar Teatrında işləyir, həm də Akademik Milli Dram Teatrında müqavilə ilə tamaşalarda oynayır. Çox istedadlı aktyordur. Elşən Rüstəmova demək olar ki, bütün tamçaşalarda rol verilir. Bu, bir tərəfdən yaxşı, digər tərəfdən isə pisdir. Yaxşıdır ki, rejissorlar onun istedadına inanırlar və bilirlər ki, işinin peşəkardır və riskə getməmək üçün rolları ona verirlər. O, mənim də sevimli aktyorumdur, amma onun bir aktyor kimi daha da böyük uğurlar qazanması üçün  bu, yaxşı  hal deyil. Aktyor bir ildə iki-üç rol oynaya bilər, kəmiyyət artıqca keyfiyyəti aşağı düşür».

Teatrşünasın sözlərinə görə, rejissorlar yeni aktyorların üzə çıxmasında rol oynamalıdırlar: “Bu hal həm özlərinə yaxşıdır, həm də teatrın inkişafına xeyirdir. Tamaşaçı da bəzən eyni aktyoru səhnədə görəndə yorulur. Bu gün yaşlı nəsil aktyorlarımız yoxdur, orta nəsil aktyorlarımız var. Eləcə də gənc və parlaq aktrisalarımız yoxdur. Olanların da yaşı 30 yaşdan yuxarıdır. Gənc dediyimiz aktrisalar Vəfa Zeynalova, Məsmə Aslanqızı və başqalarıdır. Amma Amaliya Pənahova səhnəyə 19 yaşında gəlmişdi, eləcə də Şəfiqə Məmmədova. Bir çox aktyorlarımız da 20-21 yaşında səhnəyə gəliblər və parlaq oyunları ilə yaddaşlarda həkk olunublar. Çünki onlarla dahi rejissor Tofiq kazımov işləyib».

 

 

Rəqsanə

Tarix
1 Aprel 2015 [18:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin