Ana səhifə
23 May 2018

«Azərbaycanda milli-dini model formalaşdırılmalıdır»

Səyavuş Heydərov: «Bu model bizim köklü dəyərlərimizin sistemləşdirilmiş formasını özündə ehtiva etməlidir»

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun müsahibəsi

- Son dövrlər verdiyiniz açıqlamalarınızda Azərbaycanda milli-dini modelin formalaşdırılması prosesindən bəhs etdiniz. Bu barədə daha ətraflı məlumat verə bilərsinizmi?

- Bildiyimiz kimi, Azərbaycan çoxmillətli bir ölkədir və onun ərazisində müxtəlif dini konfessiyaların və cərəyanların nümayəndələri yaşayır. Ölkəmiz müstəqilliyin ilk illərindən bir sıra xarici ölkələrin və dairələrin geosiyasi və iqtisadi maraqlarının mərkəzində olub və buna görə də bəzi təsirlərə məruz qalıb. Bu təsirlər arasında din amili özünəməxsus yer tutur. Belə ki, həmin qüvvələr İslam dini örtüyü altında Azərbaycan cəmiyyətinə yad olan ənənələri də ölkəmizə ixrac etməyə cəhdlər ediblər və bu gün də edirlər. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi üçün öz milli-mənəvi dəyərlərimizə söykənən, siyasiləşməmiş və sağlam dini təməllər üzərində qurulan milli-dini model formalaşdırılmalıdır. Bu model İslam dininin əsas meyarlarına, müasir dövrün tələbatları və dünyəvilik prinsiplərinə əsaslanaraq, bizim köklü dəyərlərimizin sistemləşdirilmiş formasını özündə ehtiva etməlidir.

- Məlumdur ki, ölkəmizdə İslam dininin iki əsas ənənəvi xətti olan şiə və sünni məzhəblərinin nümayəndələri yaşayır. Bunu nəzərə alaraq, milli-dini model hansı prinsiplər əsasında formalaşdırılacaq?

- Unutmayaq ki, İslam dini Azərbaycanda mövcud olan yeganə din deyil və ölkəmizdə müxtəlif dinin nümayəndələri birgə, dözümlülük və sülh şəraitində yaşayır. Bununla yanaşı, milli-dini model formalaşdırılarkən Azərbaycanda institutlaşmış ənənəvi dini məzhəblərin baza kimi əsas götürülməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. İnsanlarımız bilməlidirlər ki, milli-dini model deyərkən Azərbaycanın milli-mənəvi dəyərlərinə söykənən, tarixin sınağından çıxmış, fundamental İslam dininin dünyəviliklə uyğunlaşdırılmış forması nəzərdə tutulur. Milli-dini model, xüsusilə, Azərbaycanın dövlət atributu olan bayrağımızın daşıdığı məna və prinsiplərin praktiki həyat tərzimizlə uzlaşdırılmasını təmin etməlidir. İlk növbədə milli kimlik, müasirlik və demokratiya, mühüm islami dəyərlər müvafiq modelin ana xəttini təşkil etməlidir. Modelin tətbiqi istiqamətində də bu prinsiplər əsas götürüləcəkdir.

- Bəs bu modelin tətbiqi istiqamətində konkret addımlar atılırmı?

- Cəmiyyətin bu modelə adaptasiyası üçün mütəxəssislər və müvafiq qurumlar tərəfindən müəyyən işlər görülür. Öncə əhalinin dini həyata baxış tərzi və bu modelə münasibəti öyrənilir. Bu məqsədlə mütəxəssislər tərəfindən rəy sorğuları hazırlanaraq müasir dövrdə bu modelin prinsip və qaydalarının nə dərəcədə işlək olması araşdırılır. Növbəti mərhələdə bu modeli tətbiq edə biləcək mütəxəssislərin cəlb olunması və bu sahə üzrə milli kadrların hazırlanması planlaşdırılır. Dini təhsil sistemində aparılacaq islahatlar məhz milli-dini modelin formalaşdırılmasına xidmət edəcəkdir.

- Milli-dini modelin formalaşdırılması üçün dini təhsil sistemində islahatlar nəzərdə tutulurmu? Əgər nəzərdə tutulursa, bunlar hansılardır?

- İlk növbədə dini sahənin öyrənilməsi və işlənilməsi üçün peşəkar kadr bazası yaradılmalıdır. Bunun üçün zəruri dini biliklər verən və dünyəvilik prinsiplərini özündə birləşdirən dini təhsil mərkəzi formalaşdırılmalıdır. Qonşu dövlətlərə nəzər saldıqda, onların təhsil sahəsində köklü bir sistemə malik olduğunu görürük. Bu münasibətlər tarixi ənənələrə və milli xüsusiyyətlərə sahibdir. Mövcud sistemin nəticəsidir ki, həmin ölkələrdə din sahəsi üzrə mütəxəssis kadrlar yetişir və dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm rol oynayırlar. Lakin biz onların tətbiq etdikləri modeli ölkəmizdə həyata keçirə bilmərik. Çünki Azərbaycan cəmiyyətində çoxfunksiyalı din amili mövcuddur. Milli-dini model də məhz bu amildən çıxış edərək, din sahəsi üzrə milli təhsil sisteminin qurulmasını və milli kadrların yetişdirilərək cəmiyyətə faydalı olmalarını özündə ehtiva etməlidir. Bu baxımdan milli-dini təhsil, milli-dini kadr və milli-dini model formalaşdırılmalıdır.

- Bu model dini radikallıqla mübarizədə hansı səmərə verə bilər?

- Radikallıqla mübarizənin ən əsas metodlarından biri dini sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Bunu beynəlxalq təcrübə də sübut edir. Biz radikal kökləri təmizləmək üçün həmin qüvvələrə alternativ ola biləcək bir üslub formalaşdırmalıyıq. Bu üslub da məhz milli-mənəvi dəyərlərimizə əsaslanan bir model üzərində qurulmalıdır. Qeyd olunan model yetişən gənc nəslin öz dəyərlərinə sadiq qalması, milli kimliyinə hörmətlə yanaşması və yad mühitdən qaynaqlanan radikal ünsürlərdən qorunması məqsədinə xidmət etməlidir. Bu modelin sistemli şəkildə tətbiqi günümüzdə radikalizm meyllərinin zəiflədilməsi, eyni zamanda gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınması üçün mühüm addımdır.

 

Tarix
1 Aprel 2015 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin