Ana səhifə
15 Dekabr 2018

“İrəvan kimi tarixi torpaqlarımız geri qayıtmalıdır”

Cəbi Bəhramov: “arxiv araşdirmalari ildə elmi-tarixi əsas yaratmaq istəyirik”

 

 

Son günlər geniş müzakirə olunan məsələlərdən biri də İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı aşkarlanan bir sıra yeni sənədlər və faktlardır. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində üzə çıxarılan həmin sənədlər sübut edir ki, erməni tərəfi Batumi danışıqları və müqavilələrinə əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərilərinə bir sıra öhdəliklər götürüb. Bu məsələ haqqında detallı məlumat almaq üçün İnstitutun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramova müraciət etdik.

 

 

- Cəbi müəllim, bu məsələnin gündəmə gətirilməsi hansı zərurətdən irəli gəlib?

- Bu məsələ bizim gündəlikdə çoxdandır. Dəfələrlə Yaqub müəllimlə müzakirə etmişik. Bu, çox mühüm məsələdir. Ölkəmizin rəhbəri çıxışlarında da dəfələrlə deyib ki, İrəvan Azərbaycan şəhəridir, Zəngəzur, Göyçə Azərbaycan torpağıdır və Azərbaycanlılar itirilmiş torpağına qayıdacaq. Onda bu məsələni faktlarla sübut etmək üçün tarixi faktların ortaya çıxarılması artıq bir zərurət idi.

 

 

- Deməli, bu bir günün, bir həftənin araşdırması deyil...

- Şübhəsiz, uzun illərdir ki, bu işlər gedir. Müxtəlif söhbətlər ortaya çıxır. Biz yalnız bunun çoxsaylı arxiv sənədləri əsasında müqayisəli təhlil əsasında ortaya çıxarıb, ictimayətə və xalqımıza çatdırmağı özümüzə borc bilirik.

 

 

- Tarixi araşdırmalar zamanı üzə çıxarılan hansı əsas məqamları vurğulamaq olar?

- Arxivdə o zaman cümhuriyyət yaradılarkən aparılan danışıqlar, həmin danışıqlar zamanı tərtib edilən sənədlər, qəbul edilən qərarlar var. Xüsusən, Milli Şuranın 29 may 1918-ci ildə qəbul etdiyi qərar, onun mahiyyəti, onun hüquqi əsası, legitimlik məsələsi və s.öyrənilib. Aşkarlanan faktlar ciddi və inkarolunmazdır. Burda tək bir faktdan istifadə olunmayıb. Bir neçə məqamlar nəzərə alınaraq, elmi dövriyəyə cəlb olunub. Apardığımız araşdırmalar nəticəsində bir daha təsdiq olunub ki, Cənubi Qafqaz ərazisində heç bir vaxt Ermənistan deyilən dövlət olmayıb. 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə ediblər. 1917-ci ilin martından 1918-ci ilin mayın 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illərdə və XX əsrin I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) çar Rusiyası və sovet imperiyası tərəfindən hərbi-strateji maraqlarını təmin etmək məqsədilə köçürülən ermənilər birləşdilər. 1918-ci il mayın 26-da Gürcüstan Zaqafqaziya Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Azərbaycandan olan deputatlar Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər. Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun türk ordusu tərəfindən tutulduğunu qeyd edərək İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi məsələsini müzakirə etməyi təklif ediblər. Müzakirələrdən sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz zərurət, Azərbaycan xalqı üçün isə qaçılmaz acı bir bəla olduğu Milli Şura üzvləri tərəfindən etiraf edilib. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan  hökumət başçısının məktubuna verdiyi cavabla bağlı onun Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox  maraqlıdır. Fətəlixan məktubunda yazırdı: "Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərə güzəştə getdik".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etdi. 1918-ci ildən bugünədək Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı işğalçı siyasətinə dəfələrlə toxunan dövlət başçısı 2012-ci il dekabrın 24-də Sumqayıtda Bakı şəhərinin Zabrat, Hövsan qəsəbələrində, Gəncə, Şəki, Şəmkir şəhərlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binalarının istifadəyə verilməsi mərasimində iştirak edərkən öz çıxışında bu məsələyə yenidən qayıtdı. İrəvan xanlığının bizim tarixi torpağımız olması bir tarixi həqiqətdir.

 

 

- Bəs, bu tarixi həqiqət araşdırdığınız arxiv sənədlərində öz əksini neçə  tapıb?

- 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi ilə bağlı məsələ müzakirə olunur. Birinci dəfə məsələ müzakirə edilərkən iclasda Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə səs verir, 3 nəfər bitərəf qalır. Lakin qalan 8 nəfərin hansı mövqe tutduğu göstərilmir. Həmin gün keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə qarşı etiraz ərizəsilə müraciət edirlər. Lakin iclasda iştirak edən 26 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verirlər. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri etiraz məktubu işə tikilsə də, indi bu sənəd arxivdə yoxdur! Milli Şura üzvlərinin bu məsələdə  tutduqları belə mövqe bir sıra suallar doğrurur. İrəvan şəhərini ermənilərə güzəştə gedərkən şəhər əhalisinin və onları təmsil edənlərin  rəyi soruşulmuşdumu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, bu şəhərin ermənilərə verilməsi məsələsi ilə bağlı son illərdə tədqiqatlar, xüsusilə də arxiv  sənədlərinin üzə çıxarılması Azərbaycan xalqını daim düşündürən bir sıra suallara aydınlıq gətirib.

 

 

- Bəzi məlumatlara görə, Milli Şura bu torpaqları ona görə ermənilərə güzəştə gediblər ki, onlar sonradan Dağlıq Qarabağ və digər torpaqlarımıza qarşı ərazi iddiası irəli sürməyəcəkdi...

- Amma məsələ ondadır ki, ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Belə ki, yeni yaradılmış erməni hökuməti, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Bakıda qırğınları dayandırmadı, əksinə, Şaumyanın göstərişi ilə daşnak-bolşevik qüvvələri ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq üçün Gəncə istiqamətində hücuma başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi.

İndi dövlət başçımız İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycan Respublikasının ərazibütövlüyünün danışıqlar predmeti olmadığını dəfələrlə söyləmiş və onun mütləq bərpa  ediləcəyinin əsas vəzifə olduğunu qeyd edib. Lakin Ermənistanın Rusiya Federasiyasının hərbi-siyasi yardımına və digər xaricihimayədarlarına arxalanaraq tutduğu qeyri-konstruktiv mövqe  nümayiş etdirərək münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə yol vermir. Bütün bunlara baxmayaraq, ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasət ölkənin iqtisadi, hərbi qüdrətinin xeyli artmasına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə səbəb olub. Göstərilən faktlar belə bir fikri söyləməyə əsas verir ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq, Ermənistanın hərbi təcavüzünə və işğalına son qoyulacaq. Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Xalq Cumhuriyyətinin varisi olmaq hüququndan istifadə edərək 1918-ci il may ayının 29-dan 1991-ci ilə qədər Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq onun əraziləri ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək səlahiyyətinə malikdir. Şübhə etmirəm ki,  bu istiqamətdə atılan hər hansı bir addım Azərbaycan xalqı tərəfindən müdafiə olunacaq.

Onu da qeyd edim ki, tərəfimizdən açıqlanan sənədlər beynəlxalq səviyyədə erməni iddialarının qarşısını almağa yetər.

 

 

Tarix İnstitutunun növbəti atacağı addımlar nə ola bilər?

- Bunu əvvəlcədən deyə bilməyəcəm. Bu istiqamətdə işlər gedir. Məqsəd də odur ki, indiyə qədər xalqımız itirə itirə gedibsə, onları qaytarmaq istiqamətində də işlər getməlidir. Belə olan halda, gələcəkdə elmi-tarix əsasımız olar.

 

 

Əfsun

Tarix
17 Oktyabr 2014 [20:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin