Ana səhifə
19 Noyabr 2018

Qəbələ tarixi, maddi-mədəniyyət abidələri ilə zəngindir

Yeni iş yerlərinin açılmasında da turizmin rolu olduqca əhəmiyyətlidir

 

Azərbaycan dünya sivilizasiyasının qədim ocaqlarından biridir. Ölkə  mədəniyyətinin kökləri minilliklərin dərinliklərinə gedib çıxır. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə tanınır və sevilir. Azərbaycanın gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də mövcud sənətkarlıq nümunələri və milli musiqimizlə vəhdət təşkil edərək, Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa imkan verir. Belə demək mümkünsə, Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Bütün bunların fonunda Azərbaycan artıq dünyada bir turizm mərkəzi kimi də tanınır. Hazırda Azərbaycanda regionlar da daxil olmaqla 500-dən yuxarı mehmanxana, çoxsayda turizm şirkəti fəaliyyət göstərir. Hər il ölkəmizə gələn turistlərin sayında da artım hiss olunur. Azərbaycana gələn turistlərin sayı təqribən 2,5 milyon civarında olub ki. onların da əksəriyyəti regionlardakı turizm obyektlərinin xidmətindən bəhrələniblər.

Ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili təmin edilir, beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq bu tanıtımın coğrafiyasını daha genişləndirir.

Artıq Azərbaycan il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 20-yə yaxın beynəlxalq turizm sərgisində təmsil olunur, ölkəmizin turizm imkanlarını əks etdirən filmlər və reklam çarxları 2006-cı ildən etibarən dünyanın nüfuzlu televiziya kanallarında (CNN, "Euronews", "Travel Channel", BBC, CNBC, "Eurosport", "National Geographic", TV5 MONDE) yayımlanır, eyni zamanda xarici ölkələrdə turizmin təbliği məqsədilə 50-yə yaxın müxtəlif növ və dillərdə informasiya xarakterli reklam-çap məhsulları hazırlanıb paylanır. Bakıda 13-cü dəfə keçirilən «AİTF» Beynəlxalq Turizm və Səyahətlər Sərgisində 2014-cü ildə 38 ölkədən 300-ə yaxın şirkət iştirak edib.

Regionlarda yeni iş yerlərinin açılmasında da turizmin rolu olduqca əhəmiyyətlidir. Hətta ekspert hesablamalarına görə, bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizmdə çalışanlar məşğul əhalinin təxminən 10 faizə yaxınını təşkil edə bilər. Hazırda mehmanxanalarda çalışan işçilərin sayı 7668 nəfər, turistlərə bilavasitə xidmət edən işçilərin sayı isə 4767 nəfərdir. Mehmanxanaların fəaliyyəti nəticəsində istismardan 79 425 500 manat gəlir əldə olunub. Aydındır ki, Azərbaycanda turizmin inkişafında, uğurların əldə olunmasında Qəbələ rayonunun öz payı var. Qəbələ  tarixi keçmişilə turistlərin cəlb olunmasında müstəsna rol oynayır.  Qədim yaşayış məskəni turistlərin ən çox maraq göstərdiyi sahələrdən biridir. Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən və qüdrətli Alban dövlətinin 900 il ərzində paytaxtı olmuş qədim Qəbələni əhatə edən qala divarlarının qalıqları rayonun Çuxur Qəbələ kəndindədir. Qala bişmiş kərpicdən, çay və karxana daşlarından tikilmişdir. Qazıntı zamanı orada çoxlu divar və döşəmə qalıqları, ocaq yerləri, təndirlər, dulusçu kürələri, həmçinin sümük və daş əşyalar, qədim mis pullar tapılıb. Çuxur Qəbələ Dövlət Tarix Mədəniyyət Qoruğunun 480 hektar ərazisi var. Qoruq dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Bundan əlavə, rayonun Böyük Əmili və Nic kəndlərində alban məbədləri, Bum qəsəbəsində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Həzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri turistlərin böyük marağına səbəb olan abidələrdəndir. Nazirlər Kabinetinin qərarı ilə rayonun ümumilikdə 93 tarixi mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb. Onlardan biri, qədim Qəbələ şəhərinin qalıqları dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir. Səkkiz memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri isə yerli əhəmiyyətlidir.

Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük marağına səbəb olur. Müasir Qəbələ geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir. Arxitekturası gündən-günə dəyişən və gözəlləşən müasir Qəbələ Azərbaycanın əsas turizm məkanlarından biri sayılır.

Qəbələnin son illər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır. Şəhərin Heydər Əliyev adına Konqres Mərkəzində hətta dövlət başçıları səviyyəsində zirvə görüşlərinin keçirilməsinə yaradılmış şərait dünya standartlarının bütün tələblərinə tam cavab verir. Təsadüfi deyildir ki, 2013-cü il avqustunda Qəbələ Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilib.

Ənənəvi Qəbələ beynəlxalq musiqi festivalının sorağı da bu gün dünyanın hər yerinə yayılıb. Festivala hər il məşhur musiqiçilər və bəstəkarlar, tanınmış ifaçılar toplaşırlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Hər il Qəbələ rayonunda turizm mövsümünə rəsmən iyunun 15-də başlanılsa da, demək olar ki, mayın ortalarından etibarən turistlərin bu diyara intensiv axını müşahidə olunur.

Qəbələ özünəməxsus, dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır.

Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Tədris mərkəzində mehmanxana inzibatçısı, mühasib-fərdi kompyuter, barmen-bufetçi-xörəkpaylayan, aşpaz qənnadçı ixtisası üzrə kadrlar hazırlanır.

Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Son 7 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 19-a çatıb. “Qafqaz” brendi altında fəaliyyət göstərən beşulduzlu otellər, o cümlədən “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır. “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”, “Gilan”, “Qəbələ” otel və istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və bu məkanlarda qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılıb. Gün ərzində bu obyektlərdə, ümumilikdə, 2500-ə yaxın qonağa milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilə bilir. Bundan əlavə, turistlər “Qəbələnd” istirahət və əyləncə mərkəzinin, otellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də bəhrələnirlər.

 

Tarix
31 Mart 2015 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin