Ana səhifə
18 Noyabr 2018

Film və serial musiqilərini peşəkar bəstəkar yazmalıdır

Vüqar Camalzadə: “Hazırda 80-85 faiz seriallarımızda səsləndirilən musiqilərin heç biri məni qane etmir”

 

Şeyx Əbdül Mahmudbəyov: “Bu gün seriallarda peşəkar musiqi səslənməsindən söhbət gedə bilməz”

 

Film və serialların tamaşaçıların qəlbinə yol tapmasında peşəkar aktyor oyunu ilə yanaşı musiqi də əsas amillərdən biridir. Bu mənada dünya kino sahəsində filmlərdə və seriallarda uyğun musiqilərin səsləndirilməsi və bunun üçün professional musiqiçilərə müraciət edilməsi əsas şərtdir. Musiqi filmin və serialın ideyasına uyğun yazılmalı və peşəkar bəstəkarla işlənilmələdir. Filmin, serialın musiqisi çox şeyi həll edir. Ölkəmizdə bir çox seriallar çəkilir. Amma bəzi seriallarda musiqinin filmin ideyasından uzaq olmasının və qeyri-peşəkar bəstəkarların əsərlərinin səsləndirilməsinin şahidi oluruq. 

Məsələ ilə bağlı “Üç nöqtə”yə danışan rejissor Rövşən İsax peşəkar musiqinin seriala təsiri olduğunu qeyd etdi: “İki serial - “Pərvanələrin rəqsi” və “Sonuncu fəsil” seriallarını çəkmişik və hər iki serialın da bəstəkarı Nailə Mirməmmədli olub. Təbii ki, seriallarda peşəkar bəstəkarlara müraciət edilməlidir. Digər seriallar haqqında danışmaq istəmirəm, çünki o serialların bəstəkarının olub-olmamasını bilmirəm. İzlədiyim “Sirr” seriallında isə bəstəkar Aygün Səmədzadə idi. İstənilən bədii işin bəstəkarı, orijinal musiqisi olmalıdır. Musiqinin seriala təsiri çox böyükdür. Lazımsız olsaydı dünya filmlərində bəstəkar əsərlərinə müraciət etməzdilər. Ümumiyyətlə, televiziyada peşəkar iş yayımlanmalıdır. Kim peşəkar iş görmürsə və işinin peşəkarı deyilsə, o, kütləvi informasiya vasitələrində nə yayımlansın, nə də müzakirə mövzusu olsun. Seriallarda nəinki bəstəkar, aktyor, ssenarinin yazılması, çəkiliş, səsləndirmə də peşəkar olmalıdır. Amma bu gün onun dərnək səviyyəsinin kanallarda yayımlanmasını görürük. Bu, biabırçılıqdır. Məsələn, 38 dəqiqəlik bir serial görmüşəm, titr 6 dəqiqə gedir, 40 nəfərin adı yazılır. Bu, yaxşı hal deyil. Amma onu da deyim ki, sosial şəbəkələrdə serial yayımlanmazdan əvvəl paylaşırlar, yaradıcı qrupun adı yazılanda böyük əksəriyyətində bəstəkarı olduğunu görmüşəm, amma bəstəkarı tanımamışam. Beləliklə, başqa seriallarda nə dərəcədə peşəkar musiqi yazılır və təqdim olunur onu deyə bilmərəm”.

Bəstəkar Vüqar Camalzadə dedi ki, seriallarda səsləndirilən musiqilər onu qane etmir: “Hazırda 80-85 faiz seriallarımızda səsləndirilən musiqilərin heç biri məni qane etmir, çünki film musiqisi janrına uyğun deyil. Film musiqisi adi musiqi janrından fərqlənir. Bu musiqiyə “tətbiqi musiqi” deyirlər. Film musiqisində seriallarda səsləndirilən əsərlər də daxildir. Mahnı janrı elədir ki, bəstəkar əsərini öz hisslərinə, zövqünə, daxili aləminə uyğun bəstələyir və müğənni də mahnını öz zövqünə görə ifa edir. Amma film musiqisində bəstəkar filmin rejissoru və ssenari müəllifi ilə işləyir və ssenariyə, ideyaya uyğun əsər bəstələyir. Ona görə də bu daha çox improvizə bir musiqidir və  janrı başqadır”.

Bəstəkarın sözlərinə görə, film və serial musiqilərini peşəkar bəstəkar yazmalıdır: «Filmə musiqini janrları, linqvisitikanı bilən insan yazmalıdır. Ola bilər ki, bəstəkarın zövqü olsun, maraqlı musiqilər bəstələsin. Amma bu o demək deyil ki, film musiqisini də yaxşı bəstələyəcək. Çünki film musiqisi başqa bir janrdır». Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov vurğuladı ki, bədii filmlərin gözəlliyi dramaturgiya, orada baş verən hadisələr və əsərin qəhrəmanlarının xarakterində olmaqla yanaşı, düzgün və peşəkar bəstəkar əsərlərindədir: “Həmişə işlədiyimiz ekran əsərlərinə uyğun orijinal musiqilər yazılıb və peşəkar bəstəkarlara müraciət etmişik. Filmlərin janrına uyğun olan musiqilər artıq yüz illərdir ki, aktualdır, tamaşaçılar əzbər bilir və ekran əsərlərində sevə-sevə qulaq asırlar. Çünki o filmlərdə səsləndirilən bəstəkar əsərlərinin mövzusu, mahiyyəti, ideyası vardı. Hazırda Azərbaycanda heç bir filmə orijinal musiqi yazılmır.  Seriallarda isə musiqiləri haradan tapırlar, bilmirəm. Bununla yanaşı, seriala uyğun gəldi-gəlmədi, hansısa mahnını götürüb səsləndirirlər və bəzisi uğurlu seçim edir, bəzisi isə yox. Ona görə də bu gün seriallarda peşəkar musiqi səslənməsindən söhbət gedə bilməz”.

Rəqsanə

Tarix
30 Mart 2015 [22:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin