Ana səhifə
12 Dekabr 2018

Qəbələnin zəngin turizm potensialı var

Bu, yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır

 

Müasir dövrdə ölkədə əlverişli biznes mühiti yaratmaq, əhalinin həyat şəraitini yaxşılaşdırmaq və müasir rəqabət qabiliyyətli müəssisələr yaratmaq qarşıda duran əsas məqsədlərdən biridir. Xüsusilə qeyri-neft sektorunun inkişaf etdirilməsi indiki şəraitdə çox önəmlidir. Bu məqsədə çatmaq üçün regionlarda ciddi işlər görülür. Qəbələ rayonunda artıq ciddi potensial yaradılıb. Rayonda qeyri-neft sektoruna yatırılan investisiyanın həcmi hər il artır. Məsələn, 2014-cü il ərzində rayonda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 131223 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 127580 min manat təşkil edib. Keçən illə  müqayisədə əsas kapitala yönəldilmiş  investisiyanın həcmi 1800 min manat  yaxud  1.3 faiz artıb. 2014-cü ildə umumi sahəsi 36295 kv metr olan 304 fərdi ev tikilib istifadəyə verilib. Ümumilikdə həmin evlərin dəyəri 17109 min manat təçkil edib. Qəbələ  Dağ xizək kompleksinin tikintisinin birinci mərhələsi başa çatıb, ikinci mərhələnin tikintisi davam edir.

Qeyd edək ki, Qəbələ rayonu ölkənin turizm mərkəzinə çevrilir. Rayonunun turizim sektoru təbiət mənzərələri, tarixi abidələri, mədəniyyət ocaqları çox müasir turizim kompleksləri baxımından zəngin imkanlara malikdir. Rayonun tarixi yerləri rayona gələn turistləri özünə cəlb edir. Gözəl təbiəti heyran edici mənzərələri olan bu yer qonaqlarda böyük təsürat oyadır. Məhz buna görədir ki, rayonda turizinin inkişafına xeyli diqqət yetirilib. 2003-cü ildə rayonda cəmi 3 turizm obyekti vardırsa indi bunları sayı 5  dəfə artıb. Bu turizim yerlərində yerlərin sayı 6 dəfə artıb. Rayonda dünya  standartlarına cavab verən böyük bir turizm kompleksi tikilib istifadəyə verilib. Qəbələnin təbii şəraitinin zənginliyi ilə yanaşı onun qədim tarixi də dünyanın dörd bir yanından turistləri cəlb edir. Həmçinin regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində görülən işlər Qəbələni turizim məkanına çevirib. Bunun üçün Qəbələdə lazım olan bütün imkanlar mövcuddur.

İstirahət etmək üçün Qəbələyə gedən yerli və xarici turistlərin sayı da ildən-ilə artmaqdadır. Hər il Qəbələyə 50 minə yaxın turistin gəlməsi də buranın bir turizm mərkəzi olduğunu göstərir. Hazırda Qəbələdə irili-xırdalı 100-dək turizm obyekti fəaliyyət göstərir. Gün ərzində bu obyektlərdə qonaqlara restoran və hotel xidmətlərinin, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar mövcuddur.

Gələn qonaqların çoxu Qəbələnin səfalı yerləri ilə yanaşı, istirahət parkına da üz tuturlar. Təbiət gözəllikləri ilə hər kəsi heyran edən Qəbələ bu ənənəsini lunaparkı ilə də davam etdirir. Parkda qoyulmuş cizgi filmlərindən personajlar uşaqlarda daha böyük maraq doğurur.

Hər il keçirilən müxtəlif festival və bayramlar da turistləri bu rayona daha çox cəlb edir.

Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin istifadəyə verilməsi qış mövsümlərində də rayona turistlərin gəlməsini təmin edir. Zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır.

Bu gün Qəbələ şəhərinin yaxınlığında eyni vaxtda 2000-dən çox qonağı qəbul etmək imkanına malik olan 4 ədəd beşulduzlu otel mövcuddur. Rayonda rahat şəkildə təbiət qoynunda ailəvi istirahət etmək üçün, həmçinin kiçik otellər, bir neçə istirahət mərkəzi və turist bazası da fəaliyyət göstərir. Bölgənin füsunkar təbiəti, təbii resursları, insan potensialı və qonaqpərvərliyi, yüksək səviyyədə xidmət də Qəbələni gözəl bir məkana çevirib.

Məşhur “Şabalıd meşəsi”, mənzərəli Vəndam, Qəmərvan, Yengicə, Nohurqışlaq, Bum, Həmzəli, Durca, Bunut, Nic kəndləri turistlərin ən çox səfər etdikləri məkanlardandır. Həmçinin rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay və digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir. Regionun bitki və heyvanat aləmi qeydi-adi dərəcədə zəngindir. Qəbələnin meşələrində və dağ otlaq sahələrində marala, qabana, boz dovşana, ayıya, canavara, tülküyə, çoxlu sayda nadir quşlara – qırqovula, kəkliyə, turaca və digərlərinə rast gəlmək olar. Mövsüm vaxtı dağlarda vəhşi quşların bolluğu rayona çox sayda ovçu cəlb edir.

Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar 2014-2018-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və həmçinin yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradıb. Bu dövlət proqramlarının uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüş, işsizlərin sayı minimuma enmişdir. Həmçinin Qəbələdə istehsalın planlı şəkildə aparılması da turizm sənayesinin inkişafı ilə bağlıdır.

Qəbələnin turizm obyektləri hər il nüfuzlu sərgilərə, beynəlxalq səviyyəli ixtisaslaşdırılmış yarmarkalara qatılır və dünya bazarında öz məhsullarını nümayiş etdirir. Rayonun turizm sektorunda çalışan peşəkarlar yaxşı bilirlər ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı nümunələrini daha çox xoşlayırlar, hansı servisə üstünlük verirlər.

Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir.

Bölgənin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətli, illik yağıntı cənubda 500-600, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrədək olur. Bu amillər rayonda yay və qış turizminin inkişafına əlverişli imkanlar açır.

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Tarix-diyarşünaslıq muzeyində bu diyarın qədimliyini əks etdirən yüzlərlə eksponat, tarixi maddi-mədəniyyət nümunələri Qəbələ haqqında tam təəssürat yaradır. Nağıllar aləmini xatırladan muzeyə daxil olan kimi açıq səma altında Qəbələnin daşyonma sənəti nümunələri ilə rastlaşmaq olur. Muzeydə insan özünü qədim dövrlərdəki kimi hiss edir. Hazırda muzeydə 12 mindən çox tarixi-elmi əhəmiyyətə malik əşya saxlanılır. Bütün bu nümunələr Qəbələnin 2500 illik tarixinin əyani sübutudur. Şanlı keçmişə malik olan Qəbələnin hansı daşını tərpətsən, haraya ayaq bassan orada min illər bundan əvvəlki tariximizin izlərini görmək olar.

Tarix
30 Mart 2015 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin