Ana səhifə
25 Sentyabr 2018

Əcnəbi filmlərin dublyajı yaxşı deyil; professionallıq yoxdur

Jalə Əliyeva: «Filmlərin dublyajında aktyorlar obrazın ruhunu süni şəkildə təqdim edirlər»

 

Müşfiq Hətəmov: «Xarici filmlərin səsləndirməsi böyük xərc tələb edir»

 

2007-ci il martın 14-də Milli Televiziya və Radio Şurasının qərarına əsasən, bütün televiziya kanallarında əcnəbi dillərdəki kino və verilişlərin Azərbaycan dilinə tərcümə olunması məcburi oldu və telekanallarda 2008-ci il yanvarın 1-dən əcnəbi dillərdə filmlərin nümayişi tamamilə ləğv edildi. Xarici filmlərin yerli kanallarda nümayişi üçün lazım olan dublyaj prosesində bir çox aktyorlar iştirak edir. Filmlərin dublyajında ümumi nəticəyə nəzər salsaq o qədər də qənaətbəxş deyil. Bəzi filmlərdə cümlələr ya düzgün istifadə edilmir, yaxud da, elə tərcümə edilir ki, heç nə başa düşmək olmur.

 

Bu barədə “Üç nöqtə” yə danışan millət vəkili Jalə Əliyeva dedi ki, əcnəbi filmlərin dublyajı yaxşı deyil və professionallıq yoxdur: «Filmlərin dublyajında aktyorlar obrazın ruhunu süni şəkildə təqdim edirlər. Dublyajda iştirak edən aktyoru öz iştirak etdiyi ekran və səhnə əsərlərində yaxşı qarşılayırıq, amma dublyajda iştirak edən zaman səsləndirməsi yaxşı alınmır, sanki rola girə bilmir. Aktyorun bir neçə obrazı səsləndirməsi halları da var və bu, maliyyə problemi ilə bağlı ola bilər. Filmlərin səslənməsində düzgün tərcümə də mühüm rol oynayır. Ümumilikdə götürsək  filmlərin tərcüməsində problem yoxdur, amma ayrı-ayrı elə ifadələr, cümlələr istifadə edilir ki, söz yerinə oturmur. Rus dilindən tərcümə edilən filmlərdə sözü bildiyimizə görə başqa cür tərcümə edildikdə bəzən çox gülməli gəlir, gülüş təsiri bağışlayır. Filmlərin dublyajında bu kimi hallar da baş verir. Amma ümumi nəzər saldıqda filmlərin tərcüməsinə normal demək olar». Əməkdar artist Suğra Bağırzadə qeyd etdi ki, filmlərin çəkilməsi qədər dublyajına da ciddi yanaşmaq lazımdır: “İkinci sinifdə “Kor çalğıcı” filminin dublyajında iştirak etmişəm. Ələsgər Ələkbərov, Hüseynağa Sadıqov, Hökümə Qurbanova, Əli Zeynalov və bir çox aktyorlarla filmlərin dublyajında iştirak etmişəm. O vaxt dublyaja çox ciddi yanaşırdılar, hər hansı bir rolu səsləndirmək üçün sınaq üçün səs yazılışlarına dəvət edirdilər. Dublyajda iştirak etmək filmlərə çəkilmək qədər çətin idi. Ona görə də dublyaj çox maraqlı alınırdı və heç kim inana bilmirdi ki, bu obrazı bizim aktyorlar səsləndirib. Hind, rus filmlərini aktyorlarımız Azərbaycan dilində çox gözəl səsləndirirdilər. Çünki dublyajda film çəkən rejissorlar iştirak edirdilər və film çəkməyəndə dublyajla məşğul olurdular, aktyor işinə çox ciddi yanaşırdılar. Mənə hərdən elə gəlirdi ki, filmə çəkilmək daha asandır, nəinki filmi səsləndirmək. Çünki aktyor filmdəki obrazı elə səsləndirilməlidir ki, orada iştirak edən aktyor işinə mane olmasın. Qeyri-peşəkar səsləndirmə ilə aktyor işini heçə endirmək olar».

Əməkdar artist onu da dedi ki, əvvəl təqdim edilən dublyajlar daha çox xoşuna gəlir: “Hazırda bir aktyorun bir neçə obrazı səsləndirdiyini görürük. Amma əvvəllər ən xırda epizoda belə başqa peşəkar aktyorlar dəvət edirdilər. Filmə baxanda izləyicilər aktyorların səsindən elə həz alırdılar ki, filmdən ayrılmaq istəmirdilər. Amma hazırda filmlərin dublyajında peşəkarlarla yanaşı qeyri-peşəkar insanlar da iştirak edir. Dublyajın yaxşı alınması təcrübədən və aktyorun  peşəkarlığından asıldır. Aktyor, rejissor və səs rejissoru arasında düzgün dialoq və ziyalılıq olmalıdır. Bu ortaq işdir və filmə baxanda yalnız aktyoru, rejissoru yox, filmi də qiymətləndirirlər. Ona görə də dublyaj, səsləndirmə düzgün olmalıdır. Məsələn, mən dublyaj edəndə bəzən rejissora deyirdim ki, bu ifadə dilimə daha  çox yatır və həyatda bu sözü işlətmək daha düzgündür. Dublyajda redaktor, səs rejissoru, rejissor da iştirak edirdi. Dublyaj bitəndən sonra kinostudiyada qəbul edirdilər. Əgər nəsə xoşlarına gəlmirdirsə, onu yenidən yazıb təqdim edirdilər. Əvvəllər filmlərin dublyaj edilməsinə, filmlərin çəkilməsi qədər çox ciddi yanaşırdılar və ona görə çox gözəl nəticə alınırdı. Aktyor, rejissor işi göz qabağında olan bir işdir. Ona görə də bu sahəyə ciddi yanaşmaq lazımdır. Biz  öz aktyor adımıza hörmət ediriksə, hər şeyə peşəkar yanaşmalı və yaxşı alınması üçün əlimizdən gələni etməliyik. Dublyaj səviyyəsini yüksəltmək lazımdır. İndi elə bir zamandır ki, hər şeyin tez həyata keçməsini istəyirlər, amma yaxşı alınmır”.

 

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki,

Azərbaycanda dublyaj o vaxt yüksək səviyyədə idi ki, dublyaja qoyulan xərc özünü doğruldur və o filmlər bütün kinoteatrlarda göstərilirdi: “Əvvəl respublikada 1000-ə yaxın kinoteatr var idi. Bu gün əfsuslar olsun ki, xarici filmlərin səsləndirməsi böyük xərc tələb edir. Çünki filmi nümayiş etdirmək üçün təqdimat etmək istəyirsənsə bir neçə ay əvvəl filmin hüquqları alınmalıdır. Əvvəllər kinoteatrlarımız buna nail ola bilmirdi, filmlərin çox vaxt orijinal formasını təqdim edirdilər. Qeyd etdiyimiz məsələ kinoteatrlarda artıq özünü doğrultdu. Televiziyalarda isə bu proses günü-gündən yaxşılamağa doğru gedir və təkmilləşir.  Beləliklə, xarici filmlərin dublyajının yaxşılaşdığı qənaətindəyəm».

 

 

Rəqsanə

Tarix
29 Mart 2015 [17:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin